Savaş bölgələrində qorunan gələcək

Təhsilin Hücumdan Qorunması üzrə Beynəlxalq Gün
Faktum.az xəbər verir ki, hər il 9 sentyabr tarixi qlobal təqvimdə BMT Baş Assambleyasının qərarı ilə “Təhsilin Hücumdan Qorunması üzrə Beynəlxalq Gün” (International Day to Protect Education from Attack) kimi qeyd olunur. 2020-ci ildə YUNESKO və YUNİSEF-in birgə təşəbbüsü, 62 ölkənin həmmüəllifliyi ilə yekdilliklə qəbul edilən bu xüsusi gün, silahlı münaqişə zonalarında məktəblərin, müəllimlərin və şagirdlərin hədəf alınmasına qarşı qlobal həyəcan təbili çalır. BMT-nin bəyanatına əsasən, təhsil müəssisələri hərbi məqsədlər üçün istifadə edilə bilməz və müharibə şəraitində belə mülki sığınacaq statusunu saxlamalıdır.
Müasir dünyada münaqişə ocaqlarının artması milyonlarla uşağın təhsil almaq hüququnu birbaşa təhlükə altına qoyur. Müharibə bölgələrində məktəblərin bombalanması, hərbi bazalara çevrilməsi və ya şagirdlərin zorakılığa məruz kalması təkcə fiziki dağıntı deyil, həm də bütöv bir nəslin gələcəyinin məhv edilməsi deməkdir. Məhz buna görə də 9 sentyabr tarixi beynəlxalq ictimaiyyətə humanitar hüququn təməl prinsiplərini xatırladır: Məktəblər müharibə meydanı deyil, bilik və təhlükəsizlik məbədidir. Bu əlamətdar gün çərçivəsində dünya dövlətləri münaqişə zonalarında olan uşaqlara təhlükəsiz, fasiləsiz təhsil mühitinin yaradılması və məktəblərə hücum edən tərəflərin beynəlxalq hüquq qarşısında cavabdehlik daşıması üçün birgə çağırışlar edir.
