Dünyanı ədalət xilas edəcək – Vəkil Arif Məmmədov ilə müsahibə

Cəmiyyətdə qanunun aliliyinin və ədalətin bərqərar olunmasında vəkillik peşəsinin rolu əvəzsizdir.
İxtisasca beynəlxalq hüquqşünas olan, 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və “LCG” Vəkil Bürosunun vəkili Arif Məmmədov Faktum.az-a özəl müsahibə verib. Uzun illər bank və maliyyə sektorunda rəhbər hüquqşünas kimi fəaliyyət göstərən, eyni zamanda mülki, ailə, əmək, inzibati və korporativ hüquq sahələrində dərin təcrübəyə malik olan təcrübəli vəkil peşəyə gəliş hekayəsindən, vəkillik tabularından və günümüzün ən aktual mövzularından olan boşanma proseslərindəki hüquqi incəliklərdən danışıb. Müsahibədə uşaqların hüquqlarının qorunması, birgə əmlakın bölünməsi, vəkilə vaxtında müraciət etməyin əhəmiyyəti və cəmiyyəti düşündürən digər mühüm hüquqi məsələlər ətraflı təhlil olunur.
- Arif bəy, əvvəlcə sizi oxucularımıza tanıdaq. Hüquq sahəsinə gəlmək qərarınız necə yarandı?
Mən – Arif Məmmədov, ixtisasca hüquqşünasam. “Qafqaz Universiteti”nin Beynəlxalq hüquq fakültəsinin 2002-ci il məzunuyam. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkiləm. Eyni zamanda 20 ildən artıq bir müddətdə bir neçə dövlət və özəl bank, maliyyə təşkilatlarında hüquqi təminat və məhkəmə işlərinə cavabdeh olan müvafiq strukturlara rəhbərlik etmişəm. Hazırda fəaliyyətimi “LCG” Vəkil Bürosunda davam etdirirəm. İxtisaslaşdığım hüquq sahələri isə bank, əmək, ailə, sığorta, tibb, inzibati və korporativ hüquq sahələridir.
Sualınıza gəldikdə isə, onu qeyd edim ki, ümumiyyətlə uşaq yaşlarımdan mənim detektiv əsərlərə, filmlərə marağım yaranmağa başlamışdır. Elə bu əsərlərdən ilhamlanaraq, orta məktəbin yuxarı siniflərində oxuduğum zaman qərar verdim ki, mən gələcəkdə müstəntiq olacam. Hətta sonralar universitetin 2-ci kursundan öz xahişimlə məni Bakı şəhərinin rayon polis idarələrindən birinə Ekspertiza, daha sonra İstintaq şöbələrinə təcrübə keçməyə göndərdilər. Ekpertiza və istintaqın sirrlərini dərindən öyrənmək mənə o qədər maraqlı gəldi ki, mən universiteti bitirənə qədər demək olar ki, hər gün dərslərdən sonra tez-tələsik özümü idarəyə çatdırırdım. Lakin universiteti bitirib hərbi xidmətə yollandım və hərbi xidmətdən geri dönəndən sonra bir vəkillə təsadüfi tanışlığım mənim istintaqçı olmaq arzumdan vaz keçərək, müdafiə tərəfində olmağa qərar verməyimə səbəb oldu. O şəxs vəkillik peşəsini mənə sevdirdi və sonradan elə onun mənəvi dəstəyi və təkidi ilə sənədlərimi təqdim edib, imtahanlardan uğurla keçib vəkil oldum.
- Yaxşı vəkil kimdir və sizi başqalarından fərqləndirən nədir, niyə sizi seçməlidirlər?
Bildirim ki, vəkillik fəaliyyəti vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyətidir. Burada açar söz “peşəkarcasına” sözüdür. Bu səbəbdən yaxşı, peşəkar vəkil dərin hüquqi biliklərə, dürüstlüyə, analitik düşüncəyə və ona müraciət edən şəxslərin probleminə həssaslıqla yanaşmaq, anlamaq bacarığına malik olan bir şəxs olmalıdır. Bizim peşədə etibarlılıq və dürüstlük ən vacib xüsusiyyətlərdir. Müraciət edən şəxsə və müvəkkilinə real vəziyyət və risklər barədə dürüst məlumat vermək çox vacib məsələdir. Hesab edirəm ki, əsas xüsusiyyətlərim dürüst olmaqla bərabər, hər bir işə fərdi yanaşma, operativlik, strateji düşüncə və qanunvericiliyin tələblərinə uyğun olaraq maksimum nəticə əldə etmək əzmimin olmasıdır. Mənə müraciət edən şəxslərin mənafelərini etibarlı şəkildə və qətiyyətlə müdafiə edirəm. Peşəmi çox sevirəm və onunla qürür duyuram.
- Vəkillik fəaliyyətinizdə sizi ən çox düşündürən və yadda qalan işlər hansı olub?
Ümumiyyətlə bizim peşədə məsuliyyət yükü çox yüksəkdir. Qazanılan hər bir qələbənin arxasında gərgin iş və böyük stress durur. Qələbə isə qanunun aliliyinin təmin olunduğu andır və bu anlar vəkilə peşəkar qürur hissi gətirir. Həcmindən, xüsusiyyətlərindən asılı olmayaraq hər bir iş vəkili düşündürməlidir. Düşündürən və yadda qalan işi soruşdunuz, niyəsə anidən bir işimi xatırladım. Vəkilliyə yeni gəldiyim vaxtlar idi. Bir boşanma işi üzrə ər tərəfin vəkili idim. Ailənin 2 azyaşlı uşaqları var idi. Həmin bəy israrla boşanmaq istəyirdi, lakin əslində boşanmaq üçün heç bir tutarlı səbəbi də yox idi. Mən sənədləri hazırlayıb məhkəməyə təqdim etdim. Proses vaxtı mənə aydın oldu ki, boşanmaq qərarı verən bəyin hansısa kiçik bir məsələdən dolayı qüruruna görə geri dönə bilməməsi və bu vəziyyətin əsirinə çevrilməsi onu bu qərarı verməyə vadar etmişdir. Sonradan bildim ki, həm də bu məsələdə arada vəziyyəti düzgün qiymətləndirə bilməyən valideynlər olmuşdu və onların da təsiri az deyildi. Məhkəmə prosesi təxirə salındı və biz məhkəmə zalından çıxanda dəhlizdə mənə onların uşaqları yaxınlaşdı. Uzun illər keçməsinə baxmayaraq bizim dialoqumuz hələ də mənim xatirimdən silinməyib. O uşaqların üz ifadələri, göz yaşları, yalvarışları mənim gözümün önündə bu gün də canlanır. Uşaqlar məni vəkil mantiyasında görüb hakim zənn etmişdilər, ata və analarını ayırmamaq üçün ağlayaraq mənə yalvarmağa başladılar. Bu hadisə mənə çox təsir etdi və mən onlara söz verdim ki, valideynlərini barışdırmaq üçün əlimdən gələni edəcəm. Bundan sonra tərəflərlə ayrı-ayrılıqda və birlikdə geniş söhbətlərim oldu. Baxmayaraq ki, yaş etibari ilə onlardan cavan idim, amma mən bu həssas məsələnin öhdəsindən gələ bildim və onları barışdıra bildim. Bu işi mən uşaqların hüquqlarının qorunması və ədalətin bərpa olunması baxımından uğurlu proseslərdən sayıram. Çünki mən o uşaqların xahişlərini nəzərə almaya və mənə tapşırılan işi formal olaraq yerinə yetirib, ailənin boşanmasına nail olsaydım, o uşaqların sonrakı həyatları tamam başqa olacaqdı və böyük ehtimal ki, onlar stress və travma ilə yaşayacaq, bu cür hallarda müsbət bir şeylərin baş verməsi ehtimalı çox azdır. İllər sonra mən bu ailə ilə təsadüfən şəhər parklarının birində rastlaşdım, ailə çox mehriban görünürdü və o uşaqlar mənə öz doğmaları kimi sarıldılar. Heçnə demədən sarıldılar, amma onların gözlərində dərin minnətdarlıq hissləri sezilirdi. Bu təsirli və səmimi hisslər unudulmayacaq hisslərdir. Bizim peşədə bəzən mənəvi həzz maddi məsələləri üstələyir. Bu hadisə də ona bir misaldır.
- Sizə vəkil kimi ən çox hansı növ hüquqi problemlərlə bağlı müraciət edirlər?
Son zamanlarda ən çox qarşılaşdığım məsələlər mülki mübahisələr (əmlak, torpaq və miras), ailə-nikah münasibətləri (boşanma və aliment), eləcə də əmək hüququ pozuntuları və borc-kredit müqavilələri ilə əlaqədar problemlərdir. Konkretləşdirməli olsaq isə deyə bilərik ki, əsas hüquqi problemlərdən mülki və əmlak mübahisələri üzrə – daşınmaz əmlakın bölünməsi; torpaq sahələri üzərində mülkiyyət hüququ və özbaşına tikililərlə bağlı çətinliklər; ailə mübahisələri üzrə – boşanma prosesləri, uşaqların qəyyumluğu, ünsiyyət hüququ və alimentin ödənilməsi ilə bağlı narazılıqlar; borc münasibətləri üzrə – düzgün rəsmiləşdirilməyən və ya ümumiyyətlə rəsmiləşdirilməyən borc müqavilələri, qaytarılmayan kreditlər və pul tələbləri; əmək hüququ üzrə – qanunsuz işdən azadetmələr, əməkhaqlarının verilməməsi və iş saatlarının pozulması; cinayət işləri üzrə – ilkin dindirilmə zamanı hüquqların izah olunmaması, müdafiə hüququnun təmin edilməsində və tövsifdə pozuntular və s. məsələlər üstünlük təşkil edir.
- İnsanlar sizə hüquqi məsələlərlə bağlı müraciət edərkən onların ən çox hansı səhvləri etdiklərinin şahidi olursuz?
Təəssüflər olsun ki, bizdə hələ də vəkilə işlər pisləşəndə, çıxılmaz vəziyyətdə qalanda müraciət edirlər. Elə ən böyük səhv də budur. Vəkilə problem yaranandan sonra deyil, hər hansı bir hüquqi nəticə əmələ gətirən addım atmazdan, müqavilə bağlamazdan və ya sənəd imzalamazdan əvvəl müraciət etmək hüquqi risklərin qarşısını ala bilir. Doğru zamanlama ən vacib elementdir. Belə ki, əvvəlcədən vəkilə müraciət edilərkən onun tərəfindən risklərin qiymətləndirilməsini həyata keçirilir və müraciət edən şəxs sənədlərdəki və ya digər hüquqi münasibətlərdəki gizli təhlükələri əvvəlcədən görə bilir. Bununla da gələcək mübahisə ehtimalları azalır, eyni zamanda vaxta və digər əlavə xərclərə qənaət edilir. Bunları bütün fiziki və hüquqi şəxsər nəzərə almalı və öz mənefələri baxımından işlərində rəhbər tutmalıdırlar.
- Növbəti sualımız günümüzün aktual məsələsi – boşanmaya dair olacaq. İnsanlar boşanmanı çox vaxt yalnız nikahın pozulması kimi düşünür. Halbuki məhkəmədə bundan sonra əmlak, uşaq və aliment məsələləri başlayır. Boşanma prosesində ən böyük hüquqi səhv nədir?
Bəli, əfsuslar olsun ki, bu gün cəmiyyətdə boşanmaların sayı getdikcə artmaqdadır. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, insanların bir çoxu evliliyin ciddiliyinə varmadan, evlənmə barədə ani qərar verərək, bəzən heç yaxından tanımadıqları adamla nikah masasına əyləşir və qısa bir müddət sonra xasiyyətlərinin uyğun gəlmədiyini əsas gətirərək boşanma üçün müraciət edirlər. Evlilik ciddi bir institutdur. Təsadüfi deyil ki, “ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir” deyimi də mövcuddur. Hesab edirəm ki, evlənmədən öncə “yüz ölç, bir biç” prinsipi ilə hərəkət edilməlidir. Çünki boşanma sadə bir proses deyil. Bu, həm emosional baxımdan ağırdır, həm də hüquqi nəticələri də mürəkkəbdir. Belə ki, siz də qeyd etdiyiniz kimi, boşanmadan sonra əmlak, uşaq, aliment məsələləri başlayır və bu, hər iki tərəfə həm maddi, həm mənəvi yük olur. Bu nikahdan uşaq olduqda isə, boşanma sonrası həmin uşaq barədə və onun gələcəyi üçün ayrıca bir emosional və hüquqi problemlərin yaranacağı mümkünsüz deyil. Bəzi insanlar dərk etmirlər ki, boşanmadan sonra onun nəticələrini illər ərzində həll edəcəkləri istisna olunmur. Hüquqi səhvlərə gəlincə isə birgə əmlakın bölünməsi haqqında tələblər zamanı iddia müddətinin buraxılması, uşaq hüquqlarının düzgün tənzimlənməməsi və s. məsələləri boşanma prosesi və sonrası yarana bilən hüquqi səhvlər kimi göstərmək olar.
- Uşağın kimdə qalması məsələsində əsas meyar nədir? Ana olmaq avtomatik olaraq uşağın anada qalması deməkdirmi?
Qanunvericiliyin tələbinə görə (Ailə Məcəlləsinin 22-ci maddəsi) nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və bu kimi digər məsələləri həll etməlidir.
Qeyd etməliyəm ki, qanunvericilikdə birmənalı olaraq uşağın anada qalması barədə bir müddəa yoxdur. Belə ki, Ali Məhkəmənin müvafiq Plenum Qərarında da qeyd edilmişdir ki, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi Ailə Məcəlləsinin 22-ci maddəsində nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq, həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
Yəni göründüyü kimi, uşağın valideynlərin kimin yanında qalması məsələsi kompleks həll tələb edən bir məsələdir və bunun üçün bir çox nüanslar dəqiq araşdırılmalı və ədalətli qərar verilməlidir. Qeyd edilməlidir ki, bu zaman valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
Həmçinin uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Amma onu da bildirim ki, uşağın fikri də uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun hesab edilir. Əlbətdə ki, müstəsna hallar istisna təşkil edir.
- Valideynlərdən biri uşağı digər valideynə göstərmirsə, bunun hüquqi həlli yolu varmı?
Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bu zaman məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirir. Sonda isə məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırır, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd edirlər.
- Mövzu üzrə son sual olaraq, boşanmaq ərəfəsində olan bir insana bir hüquqşünas kimi “mütləq bunu et, amma bunu əsla etmə” deyəcəyiniz iki məsləhət nə olardı?
İlk öncə daha çox evlənmə ərəfəsində olanlara məsləhət vermək istərdim. Heç kimə sirr deyil ki, bizdə nikah müqaviləsi bağlamaq praktikası çox zəifdir. Amma bu qədər boşanma sayını və mübahisələrini gördükdən sonra məsləhət görərdim ki, gələcəkdə boşanmadan sonrakı hüquqi məsələlərlə uzun müddətdə məşğul olmaqdan qaçmaq üçün, evlilikdən öncə və ya evlilik zamanı nikah müqaviləsi bağlayaraq bəzi məsələləri özləri üçün əvvəlcədən konkretləşdirsinlər. Boşanmaq istəyənlərə isə ən başlıca məsləhətim və eyni zamanda da xahişim o olardı ki, heç vaxt emosional qərar verməsinlər, amma boşanma barədə hər bir halda qərar verdilərsə, övladlarını qarşı tərəfə şantaj və ya təzyiq vasitəsi olaraq istifadə etməsinlər.
- Öz fəaliyyətinizdə “bunu əsla etmərəm” dediyiniz bir tabunuz varmı?
Əlbətdə ki, mənim də özüm üçün müəyyənləşdirdiyim bu cür tabular vardır. Onlardan ən başlıcası budur: mən heç vaxt öz müvəkkilimin mənafeyini satmaram. Səni öz probleminin həllində ümid kimi görüb müraciət edən şəxsin mənafeyini satmaq, düşünürəm ki, xəyanətdir, onun mənəvi bədəli də ağırdır.
- Bəs fəaliyyətiniz dövründə qarşı tərəfdən sizə bu cür təkliflər olubmu? Olubsa ən yadda qalanını bizimlə bölüşərdiniz.
Bəli, əfsuslar olsun ki, bir neçə dəfə belə hallarla rastlaşmışam. Ən yadda qalanı isə bankların birində çalışdığım vaxtlarda olmuşdu. Girov ilə yüklü edilən obyekt bir şadlıq evi idi, qiyməti 3-4 milyona bərabər olardı, ödənməyən kredit borcu isə 1 milyondan çox idi. Bank haqlı olaraq məhkəməyə müraciət edərək borc məbləğinin tutulması və borcun ipoteka predmeti olan həmin şadlıq evinə yönəldilməsini xahiş etmişdi. Bankı məhkəmədə mən təmsil edirdim. Obyektin əllərindən çıxacağından ehtiyatlanan cavabdeh tərəf öz nümayəndələri ilə mənimlə əlaqəyə keçərək mənə çox böyük məbləğdə pul təklif etdi. Hətta deyim ki, o pula yeni bir maşın almaq olardı. Bunun qarşılığında isə məndən çox sadə bir prosessual hərəkəti etməyimi (müəyyən bir məsələdə hərəkətsizlik) istədilər, amma bunun nəticəsində təmsil etdiyim tərəf, yəni bank ziyan görəcəkdi. Əslində onların istəyini çox rahatlıqla reallaşdırmaq olardı, lakin tərəfimin mənafeyini satmamaq tabusu mənə bunu qadağan etdiyi üçün, dərhal onların təklifindən qəti olaraq imtina etdim. Amma onu da deyim ki, qarşı tərəf bunu gözləmirdi. Bundan bir müddət sonra onlar məcbur olub bankın bütün borcunu ödədilər. Əfsuslar olsun ki, məhkəmə mübahisələrində qarşı tərəfin nümayəndəsini ələ almaq təşəbbüslərinə və digər bu kimi mənfi hallara rast gəlirik və hamı da bu cür təkliflərdən imtina etməyi bacarmır.
- Və sonda, Arif bəy, bilmək maraqlı olardı, həyat şüarınız varmı?
Latıncada bir deyim var, onu mən illərdir ki, özümə həyat şüarı etmişəm. Belə səslənir: “Fiat justitia et pereat mundus!”. Tərcüməsi isə belədir: “Qoy ədalət bərqərar olsun, hətta dünya məhv olsa belə!”.
Vəkil Arif Məmmədov ilə reallaşan bu samimi həmsöhbətlik bir daha göstərir ki, vəkillik sənəti yalnız qanun maddələrini tətbiq etməkdən ibarət deyil. Bu peşə həm də böyük mənəvi məsuliyyət, insan talelərinə həssaslıq və sarsılmaz prinsiplər tələb edir. İstər dağılmaqda olan bir ailənin yenidən bərpası, istər uşaqların üstün mənafelərinin qorunması, istərsə də milyonluq təzyiqlərə qarşı öz peşə ləyaqətini qorumaq olsun – dürüstlük və peşəkarlıq hər bir hüquqi mübarizənin əsas dayağıdır.
Müsahibimizin də vurğuladığı kimi, hüquqi problemlərlə qarşılaşmamaq üçün vaxtında atılan addımlar və hüquqşünas məsləhəti gələcəkdə yarana biləcək böyük fəsadların qarşısını alır.
“Qoy ədalət bərqərar olsun, hətta dünya məhv olsa belə!” şüarı ilə addımlayan Arif Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayır, oxucularımıza isə hər bir məsələdə qanunun və ədalətin yanında olmağı tövsiyə edirik.
