Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Manaf Manafov: “27 Sentyabr Anım Günü Dövlətçilik İradəsi və Milli Həmrəyliyin Təcəssümüdür”

26 Sentyabr 2026, 21:10 Cəmiyyət
728×90

27 Sentyabr Anım Günü – Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində xüsusi ehtiram, milli həmrəylik və tarixi ədalətin bərpası günü kimi müstəsna əhəmiyyət kəsb edir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlanılmış əks-hücum əməliyyatları 44 gün ərzində parlaq Zəfərlə yekunlaşmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fədakarçasına tapşırmış əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Otuz ilə yaxın davam edən işğal dövründə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasız qalması fonunda Azərbaycan dövləti öz hərbi-siyasi gücü, güclü iqtisadi potensialı və milli birliyi sayəsində tarixi missiyasını təkbaşına icra etmişdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Rəşadətli Ordusu yüksək peşəkarlıq, mənəvi-psixoloji hazırlıq və hərbi taktik nümayiş etdirərək düşmənin illərlə qurduğu müdafiə xətlərini yarmış, işğal altındakı şəhər və kəndlərimizi, o cümlədən Qarabağın tacı olan Şuşa şəhərini azad etmişdir. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də dövlət-xalq-ordu birliyinin, dövlətçilik iradəsinin sarsılmaz təcəssümüdür.

Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə, habelə Vətən müharibəsi əlillərinə və qazilərinə hərtərəfli dövlət qayğısının göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə həyata keçirilən sosial müdafiə və reabilitasiya tədbirləri dövlətin öz vətəndaşına və qəhrəmanlarına verdiyi ali dəyərin bariz nümunəsidir. Müharibədən dərhal sonra azad edilmiş ərazilərdə başlanılmış genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası, soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli dönüşünün təmin edilməsi şəhidlərimizin canı və qanı bahasına qazanılmış Qələbənin əməli müstəvidə davamıdır.

27 Sentyabr Anım Günü xalqımızın tarixi yaddaşında kədər və qürurun qovuşduğu, milli qürurun və suverenliyin təmin olunduğu müqəddəs bir tarixdir. Dövlətimizin müstəqilliyi, torpaqlarımızın azadlığı və sərhədlərimizin toxunulmazlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün vətənpərvərlik, mərdlik və dövlətə sədaqət nümunəsi olaraq əbədi yaşayacaqdır.

Manaf Manafov

Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəisi

728×90
Paylaş: