Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Milli İrs, Mədəniyyət və Mənəvi Zəfər: 27 Sentyabr Anım Günü Vətənpərvər Nəsillərin Tərbiyə Zəminidir

26 Sentyabr 2026, 21:49 Cəmiyyət
728×90

27 Sentyabr – Azərbaycan xalqının tarixi yaddaşına həm dərin bir kədər, həm də sarsılmaz milli qürur günü kimi həkk olunmuşdur. 2020-ci ilin bu günündə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlanılan Vətən müharibəsi otuz illik torpaq həsrətinə son qoydu, ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdi. Dövlət başçısının müvafiq Sərəncamı ilə 27 Sentyabrın Anım Günü kimi qeyd olunması, canlarını Vətən uğrunda fəda etmiş müqəddəs şəhidlərimizin əziz xatirəsinə göstərilən ali ehtiramın və dövlət sədaqətinin təcəssümüdür.

Mədəniyyət və incəsənət sahəsinin xidmətçiləri, xüsusilə gənc nəslin estetik və mənəvi tərbiyəsi ilə məşğul olan pedaqoqlar kimi biz yaxşı dərk edirik ki, incəsənət təkcə gözəllik deyil, həm də milli ruhun, vətənpərvərlik hiss təməlinin daşıyıcısıdır. Vətən müharibəsində qazanılan muəzzəm Zəfər təkcə hərbi gücümüzün deyil, həm də xalqımızın malik olduğu zəngin mənəvi ruhun, Vətən sevgisinin və həmrəyliyinin nəticəsidir. Torpaqlarımızı azad edən qəhrəmanlarımız məhz bu milli-mənəvi dəyərlər, torpaq və bayraq sevgisi ilə yetişmiş oğullarımız idi.

İncəsənət məktəblərinin üzərinə düşən mühüm vəzifələrdən biri yetişməkdə olan uşaq və gənclərə musiqi, rəsm və digər yaradıcılıq sahələri vasitəsilə Vətən sevgisini, şəhidlərimizin qəhrəmanlıq irsini aşılamaqdır. Azad olunmuş Şuşada, Qarabağın hər bir guşəsində bu gün yenidən əks olunan muğamlarımızın, musiqi sədalarımızın və çəkilən tablolardan boylanan azadlıq ruhunun arxasında şəhidlərimizin müqəddəs qanı dayanır.

27 Sentyabr Anım Günündə Vətənin azadlığı, torpaqlarımızın toxunulmazlığı və suverenliyimiz uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Qazilərimizə uzun və sağlam ömür arzulayırıq. Şəhidlərimizin bizə əmanət etdiyi bu müqəddəs Vətəni və Zəfər irsini incəsənətimizdə və gənc nəsillərin qəlbində yaşatmaq bizim ən müqəddəs borcumuzdur.

Şəhidlərimizin ruhu şad olsun!

Elvina Əhmədova

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru

728×90
Paylaş: