“Uşaqlar bağçaya niyə həvəslə gəlməlidir?” – “Narin Balalar”ın rəhbəri ilə səmimi müsahibə

Faktum.az xəbər verir ki, məktəbəqədər təhsil uşağın gələcək xarakterinin, dünyagörüşünün və sosial bacarıqlarının formalaşmasında ən mühüm mərhələlərdən biridir. Doğru seçilmiş bağça mühiti uşağa yalnız bilik qazandırmır, həm də onda öyrənməyə həvəs və özünəinam yaradır. Bu dəfəki həmsöhbətimiz – uşaqlara isti ailə mühiti, sağlam qidalanma və hərtərəfli inkişaf imkanları təqdim edən “Narin Balalar” Uşaq Bağçasının rəhbəri Kamilə xanımdır.
— Kamilə xanım, ilk olaraq “Narin Balalar” Uşaq Bağçasının yaranma ideyası necə formalaşdı? Bu bağçanı yaratmağa sizi nə vadar etdi?
— “Narin Balalar” ideyası adi bağça kimi yox, uşaqlar üçün daha səmimi, isti və ailə mühitinə yakın bir məkan yaratmaq istəyindən yaranıb. Mən hesab edirəm ki, məktəbəqədər yaş dövrü uşağın gələcək xarakterinin və dünyagörüşünün formalaşmasında çox mühüm mərhələdir. Bu səbəbdən uşaqların vaxt keçirdiyi məkanın yalnız təhlükəsiz deyil, eyni zamanda onların maraq və bacarıqlarını inkişaf etdirən bir mühit olmasını istədik. Burada əsas məqsədimiz uşaqlara fərdi yanaşmaq, onların özlərini rahat hiss etməsinə şərait yaratmaq və hər gün bağçaya həvəslə gəlmələrini təmin etməkdir.
— “Narin Balalar” Uşaq Bağçasının əsas məqsədi və təhsil-tərbiyə fəlsəfəsi nədən ibarətdir?
— Bizim üçün uşağın inkişafı bir neçə istiqaməti əhatə edir. Təhsil, tərbiyə, sağlamlıq, düzgün qidalanma və emosional rahatlıq bir-birindən ayrı məsələlər deyil.
Xüsusilə qidalanmaya ciddi diqqət yetiririk. Uşaqların sağlam böyüməsi bizim üçün əsas prioritetlərdəndir. Menyuda mümkün qədər təbii və kənd məhsullarından istifadə etməyə çalışırıq. Çünki hesab edirik ki, uşağın inkişafı yalnız onun nə öyrəndiyi ilə deyil, necə qidalandığı və hansı şəraitdə böyüdüyü ilə də bağlıdır.
— Bağçanızda uşaqların yaş qruplarına uyğun hansı tədris və inkişaf proqramları tətbiq olunur?
— Uşaqların yaşına və inkişaf səviyyəsinə uyğun müxtəlif məşğələlər keçiririk. Məqsədimiz onların həm ilkin biliklərini formalaşdırmaq, həm də məktəbə hazırlıq prosesini maraqlı etməkdir.
“Narin Balalar”da Azərbaycan dili ilə yanaşı, rus və ingilis dili dərsləri də keçirilir. Bununla yanaşı, rəsm və rəqs müəllimlərimiz uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasına kömək edir. Rəsm uşağın təxəyyülünü, rəqs isə həm fiziki aktivliyini, həm də ritm və koordinasiya bacarıqlarını inkişaf etdirir. Beləliklə, uşaqlar gün ərzində yalnız akademik biliklərlə deyil, müxtəlif yaradıcı fəaliyyətlərlə də məşğul olurlar.
— Uşaqların fərdi xüsusiyyətlərini və bacarıqlarını nəzərə almaq üçün hansı metodlardan istifadə edirsiniz?
— Hər uşaq fərqlidir və biz bunu nəzərə almağa çalışırıq. Bütün uşaqlardan eyni nəticəni və eyni davranışı gözləmək düzgün yanaşma deyil. Biz gündəlik müşahidə apararaq uşağın hansı sahəyə daha çox maraq göstərdiyini müəyyənləşdiririk. Kiminsə rəsmə, kiminsə rəqsə, digərinin dil öyrənməyə və ya məntiqi oyunlara daha böyük marağı ola bilər.
Əsas məqsədimiz uşağın zəif tərəflərini qabartmaq yox, güclü tərəflərini üzə çıxarmaq və həmin bacarıqlar üzərindən inkişafına dəstək olmaqdır.
— Bağçada uşaqların sosial, intellektual və yaradıcı inkişafı istiqamətində hansı fəaliyyətlər həyata keçirilir?
— Uşaqların sosial inkişafı üçün onların birlikdə fəaliyyət göstərməsinə, ünsiyyət qurmasına, paylaşmasına və bir-birinə hörmət etməsinə şərait yaradırıq. Yaradıcı istiqamətdə isə rəsm və rəqs dərslərinin xüsusi rolu var. Uşaqlar özlərini sərbəst ifadə etməyi, musiqiyə və ritmə uyğun hərəkət etməyi, müxtəlif obrazlar yaratmağı və yaradıcılıqlarını nümayiş etdirməyi öyrənirlər. Bundan əlavə, uşaqların dünyagörüşünü genişləndirmək məqsədilə müxtəlif vaxtlarda ekskursiyalar təşkil edir, sərgilərə və muzeylərə aparırıq. Bu, onların öyrəndiklərini real həyatla əlaqələndirməsinə imkan verir.
— “Narin Balalar” Uşaq Bağçasını digər məktəbəqədər təhsil müəssisələrindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
— Məncə, əsas fərqlərimizdən biri uşağa fərdi yanaşmağımız və valideynlərlə açıq ünsiyyət qurmağımızdır. Valideynlər övladlarının gün ərzində necə vaxt keçirdiyini daim bilmək istəyirlər və biz də bunun üçün şəffaf mühit yaratmışıq. Valideynlər daimi kamera sistemi vasitəsilə övladlarını izləyə bilirlər. Bu, onların həm rahatlığı, həm də bizə olan etimadı baxımından çox önəmlidir. Digər tərəfdən, bizim üçün təhsil yalnız kitab və məşğələlərdən ibarət deyil. Xarici dillər, rəsm, rəqs, sosial fəaliyyətlər və uşaqların dünyagörüşünün formalaşdırılması proqramımızın mühüm hissələridir.
— Uşaqların bağçada özlərini rahat və təhlükəsiz hiss etmələri üçün hansı şərait yaradılıb?
— Uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün birinci dərəcəli məsələdir. Təmizlik, gigiyena, qidalanma və ümumi təhlükəsizlik qaydalarına diqqətlə yanaşırıq. Bizim üçün təhlükəsizlik uşağın özünü emosional baxımdan da rahat hiss etməsidir. Uşağın fikrini deməsinə, sual verməsinə və hisslərini ifadə etməsinə imkan yaratmağa çalışırıq. Məqsədimiz odur ki, uşaq bağçaya gələndə özünü sadəcə nəzarət altında olan bir uşaq kimi deyil, sevildiyini, dinlənildiyini və dəyər verildiyini hiss edən bir fərd kimi görsün. Çünki biz inanırıq ki, uşaq özünü nə qədər rahat və güvəndə hiss edirsə, bir o qədər həvəslə öyrənir, oynayır, ünsiyyət qurur və inkişaf edir.
— Valideynlərlə əməkdaşlığa necə önəm verirsiniz? Onların uşağın inkişaf prosesində iştirakını necə təmin edirsiniz?
— Valideynlərlə münasibətdə əsas prinsipimiz qarşılıqlı etimad və açıq ünsiyyətdir. Valideyn övladını bizə etibar edirsə, onun suallarına və narahatlıqlarına da diqqətlə yanaşmaq lazımdır. Kamera sistemi bu baxımdan valideynlərə əlavə rahatlıq verir. Onlar övladlarının gün ərzindəki fəaliyyətini izləyə bilirlər. Bundan başqa, uşağın davranışı, maraqları, qidalanması və inkişafı ilə bağlı valideynlərlə mütəmadi fikir mübadiləsi aparırıq. Çünki bağça və ailə eyni istiqamətdə çalışanda uşağın inkişafı daha uğurlu olur.
— Sizcə, müasir dövrdə məktəbəqədər təhsildə ən vacib amil nədir və “Narin Balalar” Uşaq Bağçası bu istiqamətdə hansı yenilikləri tətbiq edir?
— Məncə, müasir məktəbəqədər təhsildə əsas məsələ uşağa çoxlu məlumat əzbərlətmək deyil. Əsas məsələ onda öyrənmək, araşdırmaq və düşünmək marağı yaratmaqdır. Biz uşaqların həm dünyaya açıq, həm də öz milli dəyərlərinə bağlı böyüməsinə çalışırıq. Milli ruhun formalaşmasını da erkən yaşdan başlamaq lazımdır. Uşaqlarla Azərbaycan, Vətən, dövlət və milli dəyərlər haqqında yaşlarına uyğun söhbətlər edirik. Şəhidlərimiz haqqında danışır, onların Vətən üçün etdiklərini uşaqların anlaya biləcəyi sadə formada izah edirik. “Vətən nədir?”, “Azərbaycan bizim üçün nədir?”, “Biz niyə öz ölkəmizi sevməliyik?” kimi suallar ətrafında söhbətlər aparırıq. İstəyirik ki, uşaqlar böyüdükcə həm müasir dünyanı tanısınlar, xarici dillər öyrənsinlər, yaradıcı bacarıqlar qazansınlar, həm də öz tarixini, Vətənini və milli dəyərlərini sevən insanlar olsunlar.
— Sonda, övladını “Narin Balalar” Uşaq Bağçasına etibar etmək istəyən valideynlərə nə demək istərdiniz?
— Valideynin övladını bizə etibar etməsi bizim üçün çox böyük məsuliyyətdir. Biz bunun fərqindəyik və hər bir uşağın sağlamlığına, təhlükəsizliyinə və inkişafına xüsusi diqqət yetiririk. “Narin Balalar”da uşaqların gününün yalnız məşğələ ilə deyil, öyrənmə, yaradıcılıq, ünsiyyət və əyləncə ilə zəngin keçməsinə çalışırıq. Onların düzgün qidalanması, müxtəlif bacarıqlar qazanması və özlərini sərbəst ifadə edə bilməsi bizim üçün vacibdir.
Ən əsası isə istəyirik ki, burada böyüyən uşaqlar gələcəkdə savadlı, özünəinamlı, sağlam düşüncəli və Vətənini sevən insanlar olsunlar. Valideynlərə sözümüz budur: bizə əmanət etdikləri hər bir uşağa böyük məsuliyyət və sevgi ilə yanaşırıq.
Əlaqə nömrəsi: (051) 344 41 93
Göründüyü kimi, məktəbəqədər təhsil təkcə uşaqların vaxt keçirdiyi bir mühit deyil, onların gələcək şəxsiyyətinin təməlinin qoyulduğu ilk ciddi addımdır. “Narin Balalar” Uşaq Bağçasının fəlsəfəsində ön plana çıxan fərdi yanaşma, emosional güvən, təbii qidalanma və milli-mənəvi dəyərlərə verilən önəm bir daha sübut edir ki, uşağın inkişafı kompleks bir prosesdir. Sevgi, diqqət və doğru tərbiyə mühiti birləşdikdə isə bağça uşaq üçün sadəcə təhsil ocağına deyil, hər gün həvəslə qayıtmaq istədiyi doğma bir yuvaya çevrilir.

