Haqqımızda Reklam Əlaqə
160×600
160×600

27 Sentyabr – Dövlətimizin İradəsi, Ordumuzun Qüdrəti və Şəhidlərimizin Əbədi Xatirəsi Günüdür

26 Sentyabr 2026, 21:13 Cəmiyyət
728×90

Azərbaycan Respublikasının müasir dövlətçilik salnaməsində 27 Sentyabr tarixi sadəcə təqvim günü deyil, milli qürurumuzun, sarsılmaz birliyimizin və zəfərə gedən yolumuzun başlangıcıdır. 2020-ci ilin bu günündə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatları otuz illik işğala, haqsızlığa və xalqımızın qəlbindəki həsrətə 44 gün ərzində son qoydu.

44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin hərbi gücünü, iqtisadi potensialını və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusu misilsiz şücaət və yüksek peşəkarlıq göstərərək doğma torpaqlarımızı, Qarabağın tacı olan Şuşanı azad etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Bu Zəfər xalqımızın dövlətə, ordusuna və Ali Baş Komandanına olan sonsuz inamının, sarsılmaz həmrəyliyinin məntiqi nəticəsidir.

Bu tarixi Qələbəyə görə canlarını Vətən uğrunda fəda etmiş müqəddəs şəhidlərimizə borcluyuq. Dövlət başçısının müvafiq Sərəncamı ilə 27 Sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərimizin əziz xatirəsinə, onların ailələrinə və qazilərimizə dövlət səviyyəsində göstərilən ali ehtiramın təzahürüdür. Şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızda bu gün Böyük Qayıdış proqramı çərçivəsində genişmiqyaslı quruculuq işləri aparılır, Qarabağ və Şərqi Zəngəzur dahi zəfərimizin işığında yenidən dirçəlir.

Vətənin azadlığı və torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyir, onların əziz xatirəsini minnətdarlıqla yad edirik. Şəhidlərimizin şanlı mübarizəsi və qəhrəmanlığı gələcək nəsillər üçün hər zaman vətənpərvərlik və dövlətə sədaqət məktəbi olacaqdır.

İlqar Mahmudov

Quba Rayon İcra Hakimiyyətinin başçısı

728×90
Paylaş: