Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə səsləndirilən əsas məsələlərdən biri dövlət proqramlarının icra müddəti və qarşıya qoyulan vəzifələrin konkret vaxt çərçivəsində yerinə yetirilməsi ilə bağlıdır. Dövlət başçısının mövqeyinə görə, qəbul edilən proqramlar yalnız məqsəd və niyyətləri müəyyənləşdirən sənədlər kimi qalmamalı, onların icrası konkret zaman çərçivəsində təmin edilməlidir. Bu baxımdan 2027–2030-cu illəri əhatə edən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” qarşıya qoyulan hədəflərin dörd il ərzində – 2027-ci ildən 2030-cu ilin sonunadək həyata keçirilməsini nəzərdə tutur. Prezident İlham Əliyev çıxışında qəbul edilən dövlət proqramlarının uzun müddət ərzində icra edilməsinin deyil, konkret müddətdə nəticə verməsinin vacibliyini vurğulayıb. Dövlət proqramlarının icra müddətinin dörd il müəyyənləşdirilməsi idarəetmədə nəticəyönümlülüyün, məsuliyyətin və icra intizamının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıya qoyulan hər bir məqsədin konkret müddətdə reallaşdırılması, ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsi, investisiya layihələrinin vaxtında başlanması və başa çatdırılması, yeni istehsal güclərinin yaradılması və müəyyən edilmiş iqtisadi göstəricilərə çatılması proqramın əsas icra meyarlarını təşkil edir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının dördillik dövr üçün nəzərdə tutulması təsadüfi deyil. Bu sahədə böyük həcmli investisiyaların cəlb edilməsi, geoloji kəşfiyyat işlərinin aparılması, yataqların qiymətləndirilməsi, layihələndirmə, infrastrukturun yaradılması, mədənlərin istismara hazırlanması və emal müəssisələrinin qurulması ardıcıl və koordinasiyalı fəaliyyət tələb edir. Ona görə də proqramda hər bir istiqamət üzrə konkret layihələr və onların icra müddətləri müəyyənləşdirilib. Dövlət Proqramının qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsidir. Bu məqsədlə geoloji kəşfiyyat işlərinin miqyasının artırılması nəzərdə tutulur. İlkin axtarış və qiymətləndirmə işlərinin dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə aparılması və bu işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Bununla yanaşı, 10 perspektivli qızıl-mis sahəsində axtarış və qiymətləndirmə işlərinin aparılması nəzərdə tutulur. Bu fakt proqramın ilk ilindən etibarən yeni mineral resursların müəyyənləşdirilməsinə xüsusi diqqət ayrıldığını göstərir. Dördillik proqramın konkret nəticələrə hesablandığını göstərən mühüm məqamlardan biri də yeni yataqların mərhələli şəkildə istismara hazırlanmasıdır. “Söyüdlü”, “Ortakənd”, “Filizçay” və “Daşkəsən” layihələri proqramın əsas strateji istiqamətlərindəndir. Bu layihələrin hər biri müxtəlif icra müddətinə və investisiya tələbatına malik olsa da, onların hazırlanması və reallaşdırılması 2027–2030-cu illərin əsas sənaye gündəliyinə daxil edilib. “Söyüdlü” qızıl yatağı üzrə ilk istehsalın 2028-ci ildə başlanması nəzərdə tutulur. Yataq üzrə müəyyən edilmiş qızıl resursu təxminən 1,03 milyon unsiya təşkil edir. Layihənin həyata keçirilməsi üçün təqribən 425 milyon manat investisiya tələb olunur. Bu layihənin dördillik proqram çərçivəsində konkret tarixə bağlanması dövlət proqramlarında nəticələrin vaxt baxımından ölçülməsinin əyani nümunəsidir. Naxçıvan Muxtar Respublikasında yerləşən “Ortakənd” qızıl yatağı üzrə isə ilk istehsalın 2029-cu ildə başlanması planlaşdırılır. Yataq üzrə müəyyən edilmiş qızıl resursu 246 min unsiya səviyyəsindədir. Layihəyə təxminən 255 milyon manat investisiya qoyulması nəzərdə tutulur. Beləliklə, proqramın icra dövründə Naxçıvanda da yeni dağ-mədən layihəsinin iqtisadi dövriyyəyə daxil edilməsi planlaşdırılır. “Daşkəsən” layihəsi isə proqramın qara metallurgiya istiqamətində ən iri layihələrindən biridir. Layihənin əsas məqsədi dəmir filizinin hasilatından başlayaraq onun zənginləşdirilməsi, pelet istehsalı və daha sonra isti briketləşdirilmiş dəmir istehsalına qədər uzanan istehsal zəncirinin yaradılmasıdır. Layihəyə təxminən 1,95 milyard manat investisiya qoyulması və illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücünün yaradılması nəzərdə tutulur. İlk istehsalın 2030-cu ildə başlanması planlaşdırılır.
Veteran müəllim Vəfadar Niftəliyev
