Haqqımızda Reklam Əlaqə
160×600
160×600

“Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…

02 Oktyabr 2026, 14:16 Cəmiyyət
728×90

Notarius dediyimiz yer dövlətin möhürünün, qanunun və ədalətin təsdiqləndiyi məkandır. İnsanlar ora gəlir ki, mülkü, haqqı, halallığı sənədləşdirilsin. Amma deyəsən, Nərimanov rayonundakı 21 saylı xüsusi notariat ofisində “xüsusi” sözü xalis mənasında işlədilir – burada qanunlar da, hesablamalar da, hətta riyaziyyatın fundamental qaydaları da şəxsi strategiyaya uyğunlaşdırılır.

​Redaksiyamıza daxil olan məlumatlar, yumşaq desək, fəaliyyətində uzun illərin təcrübəsi olan notarius Daxil Kərimovun sənədləşmə “möcüzələrinə” işıq tutur. Vaxtilə Şirvanda fəaliyyət göstərib, indi isə paytaxtın mərkəzində “ədalət tərəzisi” tutan cənab Kərimovun ofisində baş verənlər, görünür, sıradan bir hüquqi prosedur yox, əsl illüziya sənətidir.

​Gələk məsələnin məğzinə. Deyilənə görə, bu yaxınlarda Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, təxminən 100 kvadratmetrlik bir obyekti satmaq istəyiblər. Obyektin real bazar dəyəri az-çox məlumdur – təxminən 1,5 milyon manat. Amma sənədə gələndə məlum olur ki, bu milyonluq mülkün qiyməti birdən-birə “sehirli çubuq” toxunmuş kimi dəfələrlə aşağı düşüb. Təbiidir ki, ilk mərhələdə belə kəskin fərq sənədləşməyə mane olub. Lakin məsələ günlərlə müzakirə edildikdən sonra 21 saylı notariatın qapıları açılır və Daxil müəllimin “müdrik” qərarı ilə milyonluq əmlak xırda qəpik-quruş qiymətinə rəsmiləşdirilir.

​İndi adam istər-istəməz soruşur: Milyon yarım harada, sənəddəki “su qiyməti” harada? Ortadakı bu nəhəng fərqin fəsadı nədir? Əlbəttə ki, dövlət büdcəsinə ödənilməli olan vergilər və rüsumlar! Dövlətin cibindən kəsib, kimlərinsə cibinə qoyulan bu fərq hansı “xüsusi” notariat qaydasına əsaslanır?

​Amma “fantaziya” bununla da bitmir. İddialara görə, Daxil Kərimov təkcə əmlak qiymətlərini “kiçiltməkdə” yox, maliyyə idarəçiliyində də bənzərsiz model kəşf edib. Nərimanov rayonu, Təbriz küçəsi 227D ünvanında yerləşən notariat binasının şəxsən özünün olduğu və  yaxın qohumunun adına rəsmiləşdirdiyi, notariusun isə hər ay oranı güya icarəyə götürdüyü, bununla da  pulu sağ cibindən çıxarıb sol cibinə qoyduğu bildirilir. Belə çıxır ki, sağ olsun, maliyyə dövriyyəsini ailə daxilində saxlamağı bacarır.

Bu məsələnin bir də görünməyən, daha doğrusu, “sənəddə görünməyən” qəhrəmanları var – ofisdə çalışan işçilər. Məlumata görə, bu notariatda çalışanların əksəriyyəti ilə rəsmi əmək müqaviləsi bağlanmayıb. Əmək Məcəlləsi? Yox, eşitməyiblər. İşçinin sosial hüququ, gələcək təminatı? Yəqin ki, Daxil müəllim üçün bunlar ikinci dərəcəli detallardır. Başlıcası, dövlətə ödəniləcək sosial sığorta və vergilərdən daha bir “qənaət” olunsun.
​Bütün bu baş verənlər sadəcə iddia və ya məlumat deyil, dövlətin vergi sisteminə, qanunvericiliyinə və vətəndaşın etibarına qarşı atılan addımlardır.

Qeyd:   Məsələ ilə bağlı əvvəlcə  Daxil Kərimovun özünə rəsmi sorğu göndərsək də, cavabsız qaldı.

​P.S. Biz  “Faktum.az” olaraq sadəcə müşahidəçi mövqeyində qalmırıq. Sözügedən faktlarla bağlı aidiyyəti üzrə rəsmi sorğu ünvanlamışıq. Cavabları və araşdırmanın nəticələrini diqqətdə saxlayacağıq.

728×90
Paylaş: