Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qonşunun mənzilindən sizin mənzilə su axıbsa nə etməli?

02 Oktyabr 2026, 09:30 Özəl
728×90

Çoxmənzilli binalarda ən çox rast gəlinən mübahisələrdən biri yuxarı mərtəbədəki mənzildən aşağıdakı mənzilə su axmasıdır. Nəticədə tavan, divarlar, döşəmə, mebel, məişət texnikası və digər əşyalar zədələnə bilər.

Belə vəziyyətdə əsas məsələ təkcə “su qonşudan gəlib” demək deyil. Suyun haradan və kimin təqsiri ilə axdığını, eləcə də dəymiş zərərin məbləğini sübut etmək lazımdır.

İlk növbədə su sızmasının qarşısı alınmalı, daha sonra hadisə mümkün qədər tam şəkildə sənədləşdirilməlidir. Mənzildə yaranmış ləkələr, dağıntılar və zədələnmiş əşyalar foto və video ilə qeydə alınmalıdır. Mümkündürsə, binaya xidmət göstərən qurumun nümayəndəsi çağırılaraq hadisə barədə akt tərtib edilməlidir.

Aktda suyun ehtimal olunan mənbəyi, hansı mənzildən və ya hansı kommunikasiya xəttindən gəldiyi, hansı otaqların və əşyaların zədələndiyi göstərilməlidir.

Zərəri kim ödəməlidir?

Əgər su sızması qonşunun mənzilindəki kranın, şlanqın, kombinin, paltaryuyan maşının, şəxsi su xəttinin və ya digər avadanlığın nasazlığı və ya səhlənkarlıq nəticəsində baş veribsə, dəymiş zərərin ödənilməsi həmin şəxsdən tələb oluna bilər.

Amma suyun mənbəyi binanın ümumi istifadədə olan borusu, şaxtası, dam örtüyü və ya ümumi kommunikasiya sistemi olarsa, məsuliyyət məsələsi başqa cür qiymətləndirilə bilər. Bu halda binanı idarə edən və ya həmin kommunikasiya sisteminə cavabdeh olan qurumun məsuliyyəti araşdırılmalıdır.

Yəni hər su axıntısında avtomatik olaraq yuxarı mərtəbədə yaşayan qonşunu günahlandırmaq düzgün deyil.

Zərərin məbləği necə müəyyən edilir?

Təmir üçün tələb olunan xərc, zədələnmiş mebel və texnikanın dəyəri, digər maddi zərərlər sənədlərlə əsaslandırılmalıdır.

Bunun üçün:

təmir smetası;

mal və materialların qiyməti;

zədələnmiş əşyaların sənədləri;

foto və videolar;

hadisə aktı;

lazım gəldikdə ekspert rəyi

əhəmiyyətli sübut ola bilər.

Sadəcə “mənzilimə 5 min manat ziyan dəyib” demək kifayət etmir. Məbləğin hansı əsasla hesablandığı göstərilməlidir.

Qonşu zərəri ödəməkdən imtina edərsə?

İlk mərhələdə qarşı tərəfə yazılı tələb təqdim etmək məqsədəuyğundur. Tərəflər razılığa gələrsə, zərərin məbləği və ödəniş qaydası barədə saziş bağlana bilər.

Razılıq əldə olunmadıqda, tərəflər mediasiyadan istifadə edə və ya mübahisəni məhkəməyə çıxara bilərlər.

Məhkəmədə əsas suallar bunlar olacaq:

Su haradan axıb?
Hadisəyə kim cavabdehdir?
Hansı zərər dəyib?
Zərərin məbləği nə qədərdir?
Zərərlə hadisə arasında səbəbli əlaqə varmı?

Ona görə də belə hallarda ilk gündən sübutların düzgün toplanması sonradan mübahisənin nəticəsinə ciddi təsir edə bilər.

Qonşunun mənzilindən evinizə su axıbsa, təmirə başlamazdan əvvəl vəziyyəti sənədləşdirməyi unutmayın.

 

Hüquqşünas | Mediator
Zaur Quliyev
WhatsApp: 099 711 95 99

728×90
Paylaş: