Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Əmək müqaviləsi bağlanmayıb – işlədiyini necə sübut etmək olar?

02 Oktyabr 2026, 14:00 Özəl
728×90

Bəzən işçi aylarla, hətta illərlə işləyir, amma onunla rəsmi əmək müqaviləsi bağlanmır. Maaş verilir, iş qrafiki müəyyən olunur, rəhbərin tapşırıqları yerinə yetirilir, lakin sənədlərdə həmin şəxs işçi kimi görünmür.

Belə vəziyyətdə əsas sual yaranır:

Əmək müqaviləsi yoxdursa, işçi öz hüquqlarını tələb edə bilərmi?

Əmək müqaviləsinin olmaması avtomatik olaraq “siz heç işləməmisiniz” demək deyil. Mübahisə yarandıqda əsas məsələ faktiki əmək münasibətlərinin mövcudluğunu sübut etməkdir.

Faktiki işlədiyinizi nə ilə sübut etmək olar?

Belə hallarda müxtəlif sübutlar əhəmiyyət daşıya bilər:

işəgötürənlə WhatsApp və digər yazışmalar;

iş tapşırıqları;

iş qrafiki və tabel məlumatları;

əməkhaqqının banka köçürülməsi;

maaşla bağlı qəbz və digər ödəniş sübutları;

iş yerində çəkilmiş foto və videolar;

giriş kartı, işçi vəsiqəsi və ya uniforma;

korporativ elektron poçt;

rəhbərin verdiyi tapşırıqlar;

iş yoldaşlarının şahidliyi;

işçi tərəfindən hazırlanmış hesabat, sənəd və digər materiallar.

Yəni yazılı əmək müqaviləsinin olmaması iş münasibətlərinin mövcudluğunun digər sübutlarla araşdırılmasına mane olmur.

İşçi hansı hüquqları tələb edə bilər?

Faktiki əmək münasibətlərinin mövcudluğu müəyyən edilərsə, işin hallarından asılı olaraq əməkhaqqı, ödənilməmiş əməkhaqqı, məzuniyyətlə bağlı ödənişlər, əlavə iş və digər əmək hüquqları məsələsi gündəmə gələ bilər.

Burada hər tələb ayrıca hesablanmalı və sübut edilməlidir.

Sadəcə:

“Mən orada işləmişəm”

demək kifayət etməyə bilər.

İşçinin nə vaxt işə başladığı, hansı vəzifəni yerinə yetirdiyi, nə qədər maaş aldığı və nə qədər müddət işlədiyi mümkün qədər sənədlərlə təsdiqlənməlidir.

İşəgötürən əmək münasibətini inkar edirsə nə etməli?

İlk növbədə əldə olan bütün sübutları toplamaq lazımdır.

İşəgötürənə yazılı müraciət edilərək əmək münasibətinin rəsmiləşdirilməsi, ödənilməmiş məbləğlərin verilməsi və digər hüquqların təmin olunması tələb edilə bilər.

Razılıq əldə edilməzsə, artıq fərdi əmək mübahisəsi yaranır.

Mediasiyaya müraciət

Fərdi əmək mübahisələrində mediasiya imkanından istifadə edilə bilər.

İşçi ilkin mediasiya sessiyasında:

əmək münasibətinin mövcudluğunu;

ödənilməmiş əməkhaqqını;

məzuniyyət və digər ödənişləri;

tərəflər arasında yaranmış digər əmək mübahisələrini

qarşı tərəflə müzakirə edə bilər.

Əgər tərəflər razılığa gələrlərsə, məsələ məhkəməyə getmədən həll oluna bilər.

Razılıq əldə olunmazsa, ilkin mediasiya mərhələsindən sonra mübahisənin məhkəmə qaydasında davam etdirilməsi mümkündür.

Əmək müqaviləsi yoxdursa, sübutları itirməyin

Belə hallarda ən böyük səhv yazışmaları, bank köçürmələrini və digər sənədləri silməkdir.

Əgər işəgötürən sabah:

“Bu şəxs bizim işçimiz olmayıb”

deyərsə, həmin materiallar sizin üçün mühüm sübuta çevrilə bilər.

Əmək müqaviləsinin olmaması hüquqlarınızın olmadığı demək deyil. Əsas məsələ faktiki əmək münasibətlərini sübut edə bilməkdir.

Hüquqşünas | Mediator
Zaur Quliyev

WhatsApp: 099 711 95 99

728×90
Paylaş: