Azərbaycan Ordusunun hərbi qulluqçusunun Ermənistan ərazisinə keçməsi ilə bağlı informasiya təsdiqləndikdən sonra onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hadisənin hansı hüquqi nəticələr doğuracağı, hərbi qulluqçunun Azərbaycana qaytarılması və barəsində hansı cəzanın tətbiq oluna biləcəyi maraq doğurur.
Bəs Ermənistan ərazisinə keçən hərbi qulluqçunun Azərbaycana qaytarılması hansı prosedurla həyata keçirilə bilər və onu Azərbaycanda hansı hüquqi məsuliyyət gözləyir?
Mövzu ilə bağlı “Bakupost”a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən hərbi xidmət göstərən şəxsin xidmət yerini özbaşına tərk etməsi cinayət məsuliyyəti yaradır.
O, hadisənin hansı şəraitdə baş verməsi məsələsinin həmin şəxsin gələcəkdə müqəddəratını dəyişə biləcəyini qeyd edib:
“Belə ki, bu hərbi hissəni özbaşına tərketmə və hərbi xidmətdən boyun qaçırmaq niyyəti ilə hərbi hissəni tərketmə ola bilər.
Birinci halda bu, Cinayət məcəlləsinin 333-cü maddəsi ilə məsuliyyət yaradır. Burda hərbi xidmətdən boyun qaçırmaq məqsədilə tərk etməkdən söhbət getmir. Tərketmə halı 3 gündən 10 günə kimi baş verdiyi halda, 1 ilə qədər intizam xarakterli hərbi hissədə saxlamaq cəzası ilə cəzalandırıla bilər.
İkinci halda 334-cü maddə ilə hərbi hissədən boyun qaçırmadan söhbət gedir. Hazırkı vəziyyət buna uyğundur. Bu halda 3 ildən 7 ilədək azadlıqda məhrumetmə cəzası tətbiq olunur. Əgər silahını da özü ilə götürübsə onda 5 ildən 8 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur. Həmin əsgər Azərbaycana qarşı casusluq edib, hərbi sirləri ötürübsə, bu halda onun cəzası daha da ağırlaşdırılacaq”.
Onun sözlərinə görə, istintaq araşdırması bitdikdən sonra cinayət işinə məhkəmədə baxılacaq və hərəkətləri ilə bağlı prosesə qiymət veriləcək:
“Dəfələrlə belə bir hal olub ki, erməni əsgərlər Azərbaycan ərazisinə keçib. Azərbaycana qarşı hər hansı bir cinayəti baş vermədiyi halda şəxslərin Ermənistana qaytarılması ilə bağlı müvafiq addımlar atılıb.
Azərbaycan əsgəri Ermənistan ərazisinə keçib və Ermənistan dövlətinə qarşı hər hansı bir cinayət törətməyibsə, təbii ki, onun Azərbaycana qaytarılması Ermənistanın müvafiq qurumlarının öhdəliyinə düşür”.
O həmçinin erməni mediasında hərbi qulluqçumuzun Ermənistan vətəndaşını ayağından yaralaması məsələsinə toxunub:
“Belə bir halda isə Ermənistan qanunlarına görə onun barəsində cinayət işi açılacaq. Amma hər bir halda onun Azərbaycana ekstradisiya məsələsi gündəmdə olacaq”.

