Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycan üçün qarşıdakı dövrdə əsas məsələlərdən biri iqtisadiyyatın yeni inkişaf mənbələrinin yaradılmasıdır

28 Sentyabr 2026, 18:32 Siyasət
728×90

Azərbaycan üçün qarşıdakı dövrdə əsas məsələlərdən biri iqtisadiyyatın yeni inkişaf mənbələrinin yaradılmasıdır

 

Bu gün dünyada ölkələrin iqtisadi inkişafı yalnız onların nə qədər təbii sərvətə və ya böyük bazara malik olması ilə müəyyən olunmur. Xarici investorlar bir ölkəyə sərmayə qoyarkən həmin ölkədə sabitliyin və təhlükəsizliyin olub-olmamasına, gələcək üçün şəraitin necə formalaşmasına, yolların, nəqliyyat və enerji imkanlarının vəziyyətinə, müasir texnologiyalara çıxışa və peşəkar insanların mövcudluğuna da böyük əhəmiyyət verirlər. Bu baxımdan Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdim olunması baxımından mühüm tədbir oldu. Forum müxtəlif ölkələrdən olan investorların, iş adamlarının, beynəlxalq maliyyə qurumlarının və digər tərəfdaşların Azərbaycandakı imkanlarla daha yaxından tanış olması üçün geniş platforma yaratdı.

26 sentyabr 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil edildi. Prezident İlham Əliyev tədbirdə moderator Adebayo Oqunlesinin suallarını cavablandıraraq Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr, investisiya imkanları, enerji siyasəti, nəqliyyat və rəqəmsal bağlantılar, insan kapitalı və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bildirdi. Prezidentin çıxışında Azərbaycanın son iyirmi ildən artıq müddətdə keçdiyi inkişaf yolu xüsusi diqqət çəkdi. Bu müddət ərzində ölkə iqtisadiyyatında mühüm dəyişikliklər baş verib. İqtisadiyyatın həcmi artıb, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, dövlətin maliyyə imkanları genişlənib. Eyni zamanda iqtisadiyyatda qeyri-neft-qaz sektorunun rolu da getdikcə artır.

Bu nəticələr göstərir ki, Azərbaycanın iqtisadi inkişafı yalnız neft və qaz gəlirlərindən istifadə etməklə məhdudlaşmır. Son illərdə əsas diqqət iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına, sahibkarlığın genişləndirilməsinə və qeyri-neft sektorunun gücləndirilməsinə yönəldilir.

Azərbaycan üçün qarşıdakı dövrdə əsas məsələlərdən biri iqtisadiyyatın yeni inkişaf mənbələrinin yaradılmasıdır. Bunun üçün ölkəyə daha çox investisiyanın cəlb edilməsi, yeni müəssisələrin qurulması, müasir texnologiyaların tətbiqi və rəqabətqabiliyyətli məhsulların istehsalı vacibdir. İnvestisiya deyəndə yalnız ölkəyə pul gətirilməsi nəzərdə tutulmur. Xarici investisiya eyni zamanda yeni texnologiya, müasir idarəetmə üsulları, beynəlxalq təcrübə, yeni iş yerləri və peşəkar kadrların hazırlanması deməkdir. Xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi yerli mütəxəssislərin də yeni bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.

Azərbaycanın enerji sektorunda bununla bağlı böyük təcrübəsi var. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan əməkdaşlıq sonrakı illərdə ölkəyə böyük investisiyaların gəlməsinə şərait yaratdı. Eyni zamanda həmin layihələrdə çalışan Azərbaycan vətəndaşları beynəlxalq şirkətlərdə təcrübə qazandılar və zaman keçdikcə yüksək vəzifələrə yüksəldilər. Bu təcrübə göstərir ki, düzgün qurulan investisiya siyasəti yalnız iqtisadi gəlir gətirmir. O, həm də insanların peşəkar inkişafına, yeni biliklərin əldə edilməsinə və ölkədə insan kapitalının güclənməsinə kömək edir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

728×90
Paylaş: