Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Terapiyanın əsas məqsədi fərdin azadlığı və özünə arxalanmasıdır” – Günel Alimova

15 Oktyabr 2026, 13:18 Müsahibə
728×90

Faktum.az xəbər verir ki, müasir cəmiyyətdə xroniki stres, kimlik böhranları və ailədaxili dinamikalar fonunda psixoloji dəstəyə olan tələbat hər geçen gün artmaqdadır. Lakin psixoloji yardımı səthi “mətbəx məsləhətləri” səviyyəsindən çıxarıb, onu sübuta əsaslanan, etik vən strukturlaşdırılmış klinik praktika müstəvisinə gətirmək xüsusi peşəkarlıq vən məsuliyyət tələb edir. Bu gün müsahibimiz 13 ildən artıqdır ki, Azərbaycanda peşəkar psixoloji xidmətlər və korporativ psixoloji dəstək sahəsində fəaliyyət göstərən “Kairos Psixoloji Konsultasiya və Sistem Həllər Mərkəzi”nin direktoru Günel Alimovadır.

Günel xanımla mərkəzin yaranma tarixçəsi, modern psixoterapiya yanaşmaları, etika və sosiomədəni adaptasiya barədə hərtərəfli söhbət etdik.

— Günel xanım, ilk olaraq, özünüz haqqında oxucularımıza məlumat verməyinizi istərdik. Psixologiya sahəsinə marağınız necə yarandı?

— Mənim 47 yaşım var, Bakıda yaşayıram və burada fəaliyyət göstərirəm. Peşəkar kimliyim həyat təcrübəmlə sıx bağlı şəkildə formalaşıb. Psixoterapiyaya marağım dərin ekzistensial maraqdan və daxili sabitliyə, inkişafa olan təlabatdan irəli gəlib. Uşaqlıqdan mənə rahatlıq verməyən suallar məni bu peşəyə gətirib çıxardı. Psixologiya üzrə təhsil (BDU) aldıqdan sonra mən sistem-fenomenoloji, geştalt, ekzistensial və narrativ istiqamətlər üzrə xaricdə təhsilimi davam etdim.

— Psixoloji mərkəz yaratmaq ideyası necə meydana gəldi? Bu qərarı verməyinizə nə səbəb oldu?

— Mənim bəxtim gətirdi ki, təhsilimin ilkin mərhələlərində peşəyə olan münasibətimi köklü şəkildə dəyişən bir mütəxəssislə – o dövrdə “Ocaq” Azərbaycan Psixoterapevtlər Assosiasiyasında fakültativ dərslər aparan psixiatr doktor Əliağa Həsənovla tanış oldum. Həmin vaxt böyük həcmdə yeni məlumatlar əldə edərək çox tez anladım ki, yüksək keyfiyyət standartı müəyyən etmək: psixoloji yardımı “mətbəx məsləhətləri” səviyyəsindən sübuta əsaslanan, strukturlaşdırılmış və etik klinik praktika müstəvisinə keçirmək üçün mərkəz yaratmaq zəruridir. O zaman bu, sadəcə bir ideya idi. Bir çox psixoloqlar, psixoterapevtlər mütəxəssis kimi işləyə və inkişaf edə biləcəyimiz belə bir məkanın yaradılmasına bu və ya digər dərəcədə öz töhfələrini verdilər. İndi onların bir qismi “Kairos Consulting”də işləyir, digərləri isə öz peşəkar yollarına davam edirlər.

— Mərkəziniz nə vaxt fəaliyyətə başlayıb və əsas məqsədiniz nədən ibarətdir?

— “Kairos Consulting” mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Qədim yunan fəlsəfəsində zamanın iki anlayışı var: Xronos — zamanın xətti, kəmiyyət axını; və Kairos — əlverişli şans anı, keyfiyyət dəyişikliyi, həyatın trayektoriyasını dəyişən seçim nöqtəsi. Bu fikri davam etdirərək deyə bilərəm ki, “Kairos Consulting”in əsas məqsədi məhz dəyişikliklərin baş verdiyi həmin məkan olmaqdır. Həmçinin, biz ona yönəlmişik ki, kliyent mümkün qədər tez “muxtariyyət” əldə etsin və psixoloq kabinetinə deyil, özünə arxalanmağı öyrənsin. “Kairos Consulting” — terapiyanın sərt peşəkar standartlara əsaslandığı, lakin eyni zamanda kliyentin fərdi hekayəsinin fenomenoloji həssaslıqla qorunduğu bir məkandır.

— Rəhbərlik etdiyiniz mərkəzdə hansı istiqamətlər üzrə psixoloji xidmətlər göstərilir?

— Biz uşaqlar, yeniyetmələr və böyüklərlə fərdi və qrup, cütlük və ailə konsultasiyası formatında işləyirik. Metodoloji baza olaraq geştalt-terapiya, sistem-fenomenoloji yanaşma, ekzistensial və narrativ praktika, bədənyönümlü psixoterapiya, art-terapiya və s. istifadə olunur.

— Mərkəz rəhbəri olaraq fəaliyyətinizdə əsas prioritetləriniz hansılardır?

— Əsas çağırışlardan biri — biznesin maliyyə dayanıqlığı ilə peşəkar etika arasında balansı qorumaqdır. Mənim prioritetim terapiyanın fərqindəliklə yekunlaşdırılması və nəticələrin monitorinqi mədəniyyətinin tətbiqidir. Terapiyanın sonsuz bir vərdişə çevrilməməsi üçün biz müştəri ilə birlikdə dəyişikliklərin dinamikasını müntəzəm olaraq izləyirik. Uzunmüddətli reputasiya və real terapevtik nəticə, süni şəkildə uzadılmış sessiyalardan əldə edilən anlıq qazancdan daha üstündür.

— Komandanızı formalaşdırarkən mütəxəssislərdə hansı peşəkar və şəxsi keyfiyyətlərə üstünlük verirsiniz?

— Psixoterapiyanın effektivliyi amilləri ilə bağlı tədqiqatlar göstərir ki, konkret texnika və ya metod nəticənin yalnız təxminən 15%-ni müəyyən edir, həlledici əhəmiyyətə malik olan isə terapevtik alyansın keyfiyyəti — mütəxəssisin təhlükəsiz, qeyri-mühakiməedici və empatik kontakt formalaşdıra bilmək bacarığıdır. Məhz buna görə də, diplom və akkreditasiyadan əlavə, mən üç əsas parametri qiymətləndirirəm:

  1. Şəxsi uzunmüddətli terapiyadan keçmə: mütəxəssis öz “kor nöqtələrini” anlamalıdır ki, onları kliyent hesabına həll etməsin.

  2. Müntəzəm superviziya və interviziyaya hazır olmaq: peşəkar təkəbbür olmadan mürəkkəb halları həmkarları ilə açıq müzakirə etmək bacarığı.

  3. Emosional yetkinlik və refleksivlik: doqmatizmin olmaması, başqasının dünyagörüşünə hörmət və yüksək empatiya mədəniyyəti.

— Bu gün cəmiyyətimizdə psixoloqa müraciət etmək mədəniyyətini necə qiymətləndirirsiniz? İnsanlar psixoloji dəstəyin əhəmiyyətini kifayət qədər anlayırlarmı?

— Son illərdə tektonik bir dəyişiklik baş verib: stiqma nəzərə çarpacaq dərəcədə azalıb, mütəxəssisə müraciət etmək “psixiatrik diaqnoz”la assosiasiya olunmur. Lakin başqa bir ifratçılıq yaranır — “sehrli həb” və ya direktiv məsləhət tələbi.

— Müraciət edən şəxslər arasında ən çox hansı problemlərlə qarşılaşırsınız?

— Müraciətlərin spektri müasir dinamik cəmiyyətin çağırışlarını əks etdirir:

  • Genişlənmiş ailə sistemlərində separasiya (ayrılma) çətinlikləri və nəsillərarası münaqişələr.

  • Xroniki stresin yaratdığı yüksək təşviş, panik ataklar, tükənmə (burnout) və depressiv epizodlar.

  • Kimlik (identiklik) böhranları və məna axtarışı (“Mən əslində nə istəyirəm?”).

  • Boşanmalar, xəyanətlər və valideyn-övlad münasibətlərindəki çətinliklər.

— Uşaqların və yeniyetmələrin psixoloji sağlamlığının qorunmasında valideynlərin rolunu necə qiymətləndirirsiniz?

— Sistemli ailə psixoterapiyası nöqteyi-nəzərindən, uşaq demək olar ki, həmişə “identifikasiya olunmuş pasiyent”dir — ailədəki gizli gərginlikləri, dilə gətirilməyən münaqişələri və ya təşvişi əks etdirən bir güzgüdür. Con Boulbinin (John Bowlby) bağlanma nəzəriyyəsinə əsaslanaraq demək olar ki, uşağın dünyaya qarşı təməl etibarı və emosional requlyasiyası, əhəmiyyətli bir yetkinlə qurulan etibarlı, təhlükəsiz bağ vasitəsilə formalaşır. Yeniyetmənin psixoloji vəziyyətini mühitdən təcrid olunmuş şəkildə normallaşdırmaq qeyri-mümkündür: valideynlər sadəcə uşağı “təmir üçün” psixoloqa vermək əvəzinə, öz emosional reaksiyalarını analiz etməyə və ailədaxili kommunikasiya modellərini dəyişməyə hazır olmalıdırlar.

— Ailə münasibətləri, boşanmalar və valideyn-övlad münaqişələri ilə bağlı müraciətlər nə dərəcədə aktualdır?

— Bu, ən həssas və tez-tez rast gəlinən müraciətlərdən biridir. Klinik işdə fenomenoloji neytrallıq son dərəcə vacibdir. Terapevtələrin şəxsi təcrübəsi lazımi nəzarət olmadan təhlükəli əks-transfer mənbəyinə — kliyentə terapevtin həll yollarını qəbul etdirilməsinə çevrilə bilər. Mütəxəssisin vəzifəsi — cütlüyə ya böhranı aşaraq ittifaqı yetkin əsaslarda qoruyub saxlamağa, ya da ayrılıq qaçılmazdırsa, ailədəki uşaqlar üçün psixoloji travmanı minimuma endirərək bu prosesi sivil şəkildə keçməyə kömək etməkdir. Burada sosiomədəni kontekst, peşəkar biliklərin, ailə bağlarının və kollektiv dəyərlərin fundamental rol oynadığı Azərbaycan mədəniyyətinə incə şəkildə adaptasiyası vacibdir. Bizim vəzifəmiz — kliyentə əhəmiyyətli sosial və qohumluq əlaqələrini pozmadan sağlam sərhədlər qurmağa kömək etməkdir.

— Psixoloji mərkəzə müraciət edən şəxslərin etimadını qazanmaq və məxfiliyini qorumaq üçün hansı prinsiplərə əməl edirsiniz?

— Məxfilik — psixoterapevtik prosesin mütləq təməlidir. Biz psixoloqun etik kodeksinə ciddi şəkildə əməl edirik: həyat və sağlamlığa birbaşa təhdid yaradan və qanunla müəyyən edilmiş vəziyyətlər istisna olmaqla, sessiyada səsləndirilən istənilən məlumat kabinet çərçivəsində qalır. Etimad şəffaf terapevtik müqavilə vasitəsilə formalaşır. Kliyent settinq qaydalarını, ləğvetmə siyasətini, mütəxəssisin səlahiyyət hüdudlarını və inkişafın (proqresin) qiymətləndirilməsi meyarlarını dəqiq bilməlidir. Təhlükəsizlik — qınaq, əxlaq dərsi oxumaq (mühakimə) və ya sərhədlərin pozulmasının olmadığı yerdə yaranır.

— Rəhbər kimi fəaliyyətinizdə sizi ən çox çətinləşdirən məqamlar hansılardır?

— Kommersiya bazarı şəraitində kompromissiz etik təmizliyin qorunub saxlanmasıdır.

— Mərkəzinizin digər psixoloji xidmət göstərən müəssisələrdən fərqlənən əsas cəhətləri nələrdir?

— Biz “dəbdə olan müəllif metodikalarının” unikal olması illüziyasını satmırıq. Sübuta əsaslanan, müasir psixoterapiyanın məlumatlarına görə, qəbul olunmuş müxtəlif istiqmətlərin bərabər səviyyədə olan səriştəli mütəxəssisləri oxşar nəticələr verir. Bizi fərqləndirən əsas cəhət proseslər müstəvisindədir:

  • Sərt seçim və verifikasiya: mərkəzin bütün mütəxəssisləri şəxsi terapiya saatlarının və superviziyaların müntəzəmliyinin yoxlanılmasını əhatə edən sərt seçimdən keçirlər.

  • Metodların mədəni adaptasiyası: müasir alətlərin kliyentlərin lokal sosiomədəni xüsusiyyətlərinə həssaslıqla inteqrasiyası.

  • Nəticəyə və yekunlaşdırmağa yönümlülük: Kliyentin terapiyadan asılı olmaması və müstəqil şəkildə öz həyatına dönməsi üçün terapiyanın hədəfləri və onun uğurlu yekunlaşma kriteriyalarını dəqiq formulə edirik.

Həmçinin “Kairos Consulting” 13 ildir ki, Azərbaycanda fəaliyyət göstərən iri yerli və xarici şirkətlərlə işləyərək onlara ixtisaslı, peşəkar kömək göstərir. Mərkəzin əməkdaşları bu xidməti göstərmək üçün xüsusi hazırlıq keçiblər. Uzun illərdir ki, mərkəzimizdə (hər ayın son şənbə günü) geniş auditoriya üçün ödənişsiz görüşlər keçirilir. Mərkəzin əməkdaşları və icma üzvləri seminarlar, praktik məşğələlər aparırlar. Bu görüşlərdə hər kəs mütəxəssisə sual vermək və psixologiya sahəsində yeni nəsə öyrənmək imkanı əldə edir.

— Gələcəkdə mərkəzinizin fəaliyyətini hansı istiqamətlərdə genişləndirməyi planlaşdırırsınız?

— Biz 4 vektora yönəlmişik:

  1. Qrup terapiyası formatları: qruplar formatında təşviş, valideyn-övlad davranış modelləri (paternləri) və s. ilə iş. Bu, “sosial güzgü” fenomeni sayəsində güclü terapevtik effekt verir.

  2. Superviziya mərkəzi (hub): Bakıda gənc mütəxəssislər üçün təlimlərin və interviziya/superviziya qruplarının təşkili.

  3. Psixoloji maarifləndirmə: psixoloji savadlılığın və həmçinin psixoloq – mütəxəssis seçimində tənqidi təfəkkürün artırılması məqsədilə geniş auditoriya üçün açıq mühazirələr və materiallar.

  4. Əməkdaşlara Dəstək Proqramı: 2014-cü ildən etibarən mərkəzin istiqamətlərindən biri olan təşkilatlarla iş.

— Sonda, psixoloji çətinlik yaşayan, lakin mütəxəssisə müraciət etməyə tərəddüd edən insanlara nə demək istərdiniz?

— Böhran anında qətiyyətsizlik və şübhələr tamamilə təbiidir — bizim üçün nə qədər ağrılı olsa belə adət etdiyimiz status kvonu qorumağa çalışmağımız psixoloji müdafiə mexanizmlərinin birbaşa funksiyasıdır. Peşəkar yardıma müraciət etmək – zəifliyin etirafı deyil, yetkinlik və öz həyatın üçün məsuliyyət daşımaq aktıdır. Böhran bir son deyil, köhnə davranış modellərinin özünü tükətdiyini göstərən psixikanın siqanlıdır. Həmin o “Kairos” anı – keyfiyyətcə irəliyə doğru addım atmaq imkanı – məhz siz dəyişikliklərə doğru addım atdığınız zaman açılır.

Məşvərət və Əlaqə:

“Kairos Psixoloji Konsultasiya və Sistem Həllər Mərkəzi” ilə əlaqə saxlamaq və konsultasiyaya yazılmaq üçün əlaqə nömrəsi: (050) 511 47 08

https://www.instagram.com/kairosconsulting/

728×90
Paylaş: