Anım Günü dərin ehtiramın ifadəsidir

Anım Günü dərin ehtiramın ifadəsidir
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı. Bir nəfər olsun Azərbaycan əsgəri döyüş meydanını tərk etmədi.
Bu Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” dəyərli fikrini bu gün də qürurla xatırlayırıq.
Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Zaman ötsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır.
Marusa Qasımova- Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru
