Avtomobili etibarnamə ilə almısınız? Maşın hüquqi olaraq sizindirmi?

Avtomobili almısınız, pulunu tam ödəmisiniz, illərdir istifadə edirsiniz, amma maşın hələ də başqa şəxsin adındadır?
Bu vəziyyət ilk baxışda problem yaratmaya bilər. Lakin avtomobilin yalnız etibarnamə ilə sizə verilməsi onun hüquqi baxımdan avtomatik olaraq sizin mülkiyyətinizə keçməsi demək deyil.
Etibarnamə əsasən müəyyən hərəkətləri avtomobil sahibinin adından həyata keçirmək üçün verilən səlahiyyətdir. Avtomobil rəsmi qeydiyyatda başqa şəxsin adındadırsa, sonradan ciddi hüquqi problemlər yarana bilər.
Hansı risklər mövcuddur?
Etibarnamə ləğv edilə bilər. Bu halda avtomobili idarə etmək və ya onun barəsində sərəncam vermək imkanınız məhdudlaşa bilər.
Avtomobilin rəsmi sahibi vəfat edərsə, avtomobil vərəsəlik məsələsinə çevrilə və onun vərəsələri ilə mübahisə yarana bilər.
Avtomobil rəsmi sahibinin borcları və ya icra işi ilə əlaqədar avtomobilə həbs və ya digər məhdudiyyətlərin tətbiqi riski də yarana bilər.
Bundan başqa, avtomobili gələcəkdə öz adınıza rəsmiləşdirmək və ya satmaq istədikdə əlavə hüquqi maneələrlə qarşılaşa bilərsiniz.
“Pulunu mən vermişəm” demək kifayətdirmi?
Xeyr.
Avtomobil üçün pulu sizin ödəməyiniz çox mühüm haldır, lakin hüquqi mübahisə yarandıqda bu faktın sübut edilməsi tələb oluna bilər.
Bu səbəbdən aşağıdakı sübutlar xüsusi əhəmiyyət daşıya bilər:
etibarnamə;
bank köçürmələri;
qəbzlər;
tərəflər arasındakı yazışmalar;
avtomobilin alınmasına dair digər sübutlar;
avtomobil sənədləri;
avtomobilin uzun müddət sizin istifadənizdə olduğunu təsdiq edən digər məlumatlar.
Hər iş ayrıca qiymətləndirilməlidir.
Avtomobili öz adınıza keçirə bilmirsiniz?
Əgər avtomobili faktiki olaraq almısınız, pulunu ödəmisiniz, lakin hər hansı səbəbdən onu könüllü qaydada öz adınıza rəsmiləşdirə bilmirsinizsə, məsələni olduğu kimi saxlamaq düzgün deyil.
Satıcı ilə əlaqə kəsilə bilər, o rəsmiləşdirmədən imtina edə bilər, etibarnamə qüvvədən düşə bilər və ya avtomobillə bağlı başqa hüquqi problem yarana bilər.
Belə hallarda mövcud sənədlər və sübutlardan asılı olaraq məsələnin məhkəmə qaydasında həlli imkanları qiymətləndirilə bilər.
Məhkəməyə hansı tələbin verilməsi isə konkret işin hallarından asılıdır. Buna görə də iddia qaldırmazdan əvvəl etibarnamə, ödəniş sənədləri və avtomobilə dair digər materiallar hüquqi baxımdan təhlil edilməlidir.
Problemin həlli üçün nə etmək lazımdır?
Əgər sizdə də belə bir vəziyyət yaranıbsa, ilk növbədə avtomobilə dair bütün sənədləri və ödəniş sübutlarını toplamaq lazımdır.
Daha sonra avtomobilin hüquqi vəziyyəti, etibarnamənin məzmunu, rəsmi sahibin mövqeyi və avtomobilin qeydiyyatına mane olan səbəb müəyyən edilməlidir.
Bundan sonra məsələnin könüllü qaydada həlli, mümkün olmadıqda isə məhkəmə yolu ilə həlli üçün uyğun hüquqi istiqamət seçilə bilər.
Unutmayın: avtomobili idarə etmək başqa şeydir, avtomobilin hüquqi sahibi olmaq başqa.
Əgər avtomobilin pulunu ödəmisiniz, amma maşın hələ də başqa şəxsin adındadırsa, məsələni gecikdirməyin.
Etibarnaməni, avtomobil sənədlərini və ödənişə dair sübutları göndərin. Mövcud vəziyyəti hüquqi baxımdan qiymətləndirək və mümkün həll yolunu müəyyən edək.
Hüquqşünas | Mediator
Zaur Quliyev
WhatsApp: 099 711 95 99
