Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Dostoyevskinin Qəhrəmanları Niyə Bu Qədər Narahatdır?

07 Oktyabr 2026, 17:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, dahi rus yazıçısı Fyodor Dostoyevskinin romanlarını oxuyarkən diqqəti çəkən ilk şey personajların daxili aləmindəki bitmək bilməyən gərginlik, vicdan əzabı və ruhi çaxnaşmadır. Raskolnikov, İvan Karamazov, Mışkin və ya “Yeraltından qeydlər”in adsız qəhrəmanı… Onların heç biri dinc və sakit bir həyat yaşamır. Dostoyevski qəhrəmanlarının bu dərəcədə narahat və əzabkeş olmasının təməlində fəlsəfi, psixoloji və sosial faktolar dayanır.

Dostoyevski insan psixologiyasını sadəcə “yaxşı və pis” kimi bəsit görmürdü. Onun personajları eyni anda həm sonsuz mərhəmətə, həm də dəhşətli qəddarlığa qabildir. Bu daxili çatışma insanda daimi bir narahatlıq yaradır; insan öz xeyirxahlığı ilə şər tərəfi arasında sıxılıb qalır və özü ilə tam sülh bağlaya bilmir. Yazıçı üçün vicdan sadəcə bir hiss deyil, insanı içidən yeyən amansız bir məhkəmədir. Raskolnikovun (“Cinayət və Cəza“) əsl əzabı cinayəti törətdikdən sonra polisi aldatmaq yox, öz mənəviyyatı ilə baş-başa qalması idi. İnsan qanundan qaça bilsə də, öz vicdanından qaç bildikdə narahatlıq dözülməz həddə çatır.

Dostoyevskinin demək olar ki, bütün böyük personajları Tanrı, din və həyatın mənası ilə mübarizə aparır. “Tanrı yoxdursa, hər şeyə icazə var?” sualı onları rahat buraxmır. İvan Karamazov kimi intellektual qəhrəmanlar dünyadakı ədalətsizliyi və uşaqların əzabını gördükdə Tanrının yaratdığı dünyanı qəbul edə bilmirlər. Bu ideoloji tənhalıq və inamsızlıq dərin bir psixoloji böhrana çevrilir. Eyni zamanda, yazıçı azadlığı insan üçün həm böyük hədiyyə, həm də ağır bir yük hesab edirdi. Azad olmaq öz seçiminin məsuliyyətini daşımaq deməkdir və personajlar öz müqəddəratlarını təyin etməyə çalışarkən bu azadlığın altında əzilirlər.

XIX əsrin ikinci yarısı Rusiyada ənənəvi dəyərlərin sarsıldığı, Qərbdən gələn nihilizm, sosializm və ateizm ideyalarının gənclərin beynini fəth etdiyi bir keçid dövrü idi. Dostoyevskinin qəhrəmanları bu köhnə ilə yeninin toqquşduğu xaosun qurbanlarıdır. Digər tərəfdən, Dostoyevski özü də edam mangası qarşısına çıxarılmış, son anda əfv olunub Sibirə sürgünə göndərilmiş və ağır xəstəliklərlə mübarizə aparmışdı. O, ölümün və çarəsizliyin sərhədində yaşadığı üçün qəhrəmanlarının psixologiyasını uydurmur, öz yaşadığı həqiqi varlıq narahatlığını qələmə alırdı.

Dostoyevskinin qəhrəmanları “düşünən və hiss edən insan” olduqları üçün narahatdırlar. Onlar həyatı səthi yaşamır, mövcudluğun kəskin sualları ilə üz-üzə gəldikləri üçün bu dərin ruhi gərginliyi çiyinlərində daşıyırlar.

728×90
Paylaş: