Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bakı nefti – müharibənin taleyinə təsir edən mühüm amil

29 Sentyabr 2026, 11:56 Siyasət
728×90

Bakı nefti – müharibənin taleyinə təsir edən mühüm amil

 

Azərbaycanın neft tarixi ölkəmizin iqtisadi həyatında olduğu qədər, dünya tarixində də mühüm izlər buraxıb. Xüsusilə İkinci Dünya müharibəsi illərində Bakı nefti böyük strateji əhəmiyyət daşıyıb. Bu tarixi fakt Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışında da xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu fakt həmin dövrdə Bakı neftinin nə qədər mühüm rol oynadığını göstərir.

Həmin illərdə müharibənin nəticəsi yalnız cəbhədə döyüşən əsgərlərdən və hərbi texnikadan asılı deyildi. Ordunun silah-sursatla yanaşı, yanacağa da böyük ehtiyacı var idi. Tankların, təyyarələrin, hərbi gəmilərin və digər texnikanın fəaliyyəti üçün böyük həcmdə yanacaq tələb olunurdu. Bu baxımdan neft strateji resurs hesab edilirdi. Bakı həmin dövrdə Sovet İttifaqının əsas neft mərkəzlərindən biri idi. Azərbaycan neftçilərinin fədakar əməyinin nəticəsində böyük həcmdə neft hasil olunur və cəbhənin yanacaqla təmin edilməsinə mühüm töhfə verilirdi. Minlərlə insan ağır şəraitdə çalışaraq neft hasilatının davamlılığını təmin edirdi.

Prezident İlham Əliyev çıxışında faşist Almaniyasının Bakı neftinə xüsusi maraq göstərməsinə də diqqət çəkib. Dövlət başçısının qeyd etdiyi kimi, nasist ordusunun Qafqaza doğru irəliləməsinin əsas məqsədlərindən biri Bakı neftini ələ keçirmək idi. Çünki Bakı neftinə nəzarət hərbi əməliyyatlar üçün mühüm strateji üstünlük yarada bilərdi. Bu fakt Azərbaycanın təbii sərvətlərinin yalnız ölkə iqtisadiyyatı üçün deyil, beynəlxalq münasibətlər və təhlükəsizlik baxımından da əhəmiyyətli olduğunu göstərir. O dövrdə Bakı nefti uğrunda mübarizə aparılması Azərbaycanın enerji resurslarının dünya siyasətindəki əhəmiyyətini bir daha ortaya qoyurdu. Azərbaycan neftçilərinin əməyinin nəticələri isə bu gün də tariximizin mühüm səhifələrindən biri kimi xatırlanır. Müharibənin ağır illərində istehsalın davam etdirilməsi böyük zəhmət, intizam və fədakarlıq tələb edirdi. Neft sənayesində çalışan insanlar cəbhədə döyüşməsələr də, onların gördüyü iş müharibənin ümumi təminatında mühüm rol oynayırdı.

Bu gün Azərbaycan artıq müstəqil dövlət kimi öz enerji siyasətini həyata keçirir. Ölkəmizin neft və qaz ehtiyatları iqtisadi inkişafın mühüm mənbələrindən biri olmaqla yanaşı, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq baxımından da əhəmiyyət daşıyır. Beləliklə, Bakı neftinin tarixi Azərbaycanın keçmişinin mühüm hissəsidir. İkinci Dünya müharibəsi illərində ölkəmizin təmin etdiyi böyük həcmdə yanacaq Azərbaycanın ümumi qələbə səylərinə verdiyi töhfənin göstəricilərindən biridir. Bu tarix həm də Azərbaycan neftçilərinin əməyinin və ölkənin enerji potensialının nə qədər böyük əhəmiyyət daşıdığını göstərən mühüm nümunədir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova

 

 

728×90
Paylaş: