Hazırda dünyada geniş yayılan xərçəng xəstəliyinin müalicəsi əksər ölkələrdə tibbi sığortaya daxildir. Azərbaycanda isə hələ də bu xəstəliyin müalicəsi tam şəkildə icbari tibbi sığorta zərfinə daxil edilməyib.
Bəs buna səbəbi nədir?
Tibbi ekspert Rasif Bağırov mövzu ilə bağlı Bakıvaxtı.az-la danışıb.
O bildirib ki, öncəliklə xərçəngin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində güclü maarifləndirmələr aparılmalıdır. Təəssüf ki, bu işlər həyata keçirilmir:
“Digər tərəfdən, dünyanın bütün ölkələrində xərçəng xəstələrinin müalicəsi dövlət hesabına maliyyələşir. Çünki onkoloji xəstələrin dərmanları o qədər baha olur ki, o dərmanları almaq mümkün olmur. Ona görə də müalicə mütləq dövlət tərəfindən maliyyələşməlidir ki, bu xəstələrin ömrü bir az uzansın. Ölkəmizdə vəziyyət fərqlidir. Dərmanlar xaricdən pulla alınır və xəstələrə daha baha qiymətə satılır. Bu, düzgün yanaşma deyil”.
R. Bağırov onu da qeyd edib ki, əksər xəstələr dərmanı xaricdən ucuz qiymətə özləri ala bilərlər. Lakin buna da əngəllər yaradılır.
“Mən bunu qəbul eləmirəm. Xərçəng xəstəliyinin müayinə və müalicəsinin tibbi sığortaya daxil edilməsi müəyyən qədər insanların işini yüngülləşdirə bilər”, – deyə müsahibimiz vurğulayıb.
Məlumat üçün qeyd edək ki, hər il oktyabr ayı bütün dünyada Süd vəzi xərçəngi ilə Mübarizə və Maarifləndirmə Ayı kimi qeyd edilir.

