Osmanlı sultanlarının “PEYK”ləri olduğunu bilirdiniz?

Peyk dedikdə ağlımıza ilk gələn kosmik cisimlər, süni peyklər olur. Əminik ki, Osmanlı sarayının peykləri barədə heç bir təsəvvürünüz yoxdur.
Qədimdən insanlar uzaq məsafələrlə əlaqə saxlamaq üçün müxtəlif vasitələrdən yararlanıblar. Hətta günümüzdə yüngül atletika üzrə olimpiya yarışlarında sürət və zaman ölçüsü əsas göstərici hesab edilən marafon qaçışı vacib məlumatların vaxtında ötürülməsinin sübutudur.
Dövlətlər dövlət təhlükəsizliyinin qarşısını alacaq hər bir məlumatı zamanında ünvanına çatdıracaq elçilər saxlayırdılar. Osmanlı sarayında bu vəzifə xüsusilə diqqət altında saxlanılırdı. Gələcəkdə poçtalyon, ulaq vəzifəsi daşıyacaq gənclər ağır təlimlərə cəlb olunurdu.
Ayaqlarının altının möhkəmlənməsi səbəbilə yandırıcı qum üzərində, topuqlarına ağır dəmir kündələr bağlanaraq çılpaq ayaqla qaçış məşqi edirdilər. Ağızlarına gümüşdən hazırlanmış, deşikli kiçik toplar alırdılar. Bunun sayəsində ağız və nəfəs yolları tənəffüs zamanı qurumurdu.
Peyklərin yetişdirilməsində əsas məqsəd dağlıq ərazilərdə atlarla, ulaqlarla keçid çətinlik yaratdığı zaman peyklərin asan və kəsə yollarla məsafəni qısa bir vaxtda qət edə bilməsi idi. Peyk bir gündə 150–200 km məsafəni qət edib geri dönəcək potensiala sahib idi.
Geyimləri bəzəkli olurdu. Qurşaqlarında qan şəkərinin düşməsinin önünü alacaq akasiya şəkəri və badam gəzdirir, geyiminin ətəyinə kiçik zənglər taxırdı. Qaçış zamanı “yolu açın, sultanın elçisi gəlir” kəlməsini kiçik zənglər yerinə yetirirdi.
Peyklər sultanın ən etibarlı adamlarından hesab olunurdular. XV əsrdə Fatih Sultan Məhəmməd Qanunnaməsində peyklər xüsusi sinif olaraq qeyd olunur.
Zamanla poçt vasitələrinin dəyişməsi, imperiyanın geriləməsi peyk xidmətinə tələbatı azaltdı. Nəhayət, 1829-cu ildə qurumun bağlanması haqqında sultanın fərmanı imzalandı.
Günümüzdə sahib olduğumuz texnologiyaların sıradan bir əşya olduğunu düşünürük. Bir anda qitələr, kosmos ilə əlaqə yarada bilirik. Halbuki kiçik bir xəbərləşmək üçün insanlar günlərlə, aylarla maddi, fiziki, mənəvi iztirablara qatlanıblar.
Nə yazıq ki, sahib olduqlarımızın dəyərini çox az bilirik.

Tərifə Şükürqızı
