İşləri niyə davamlı təxirə salırıq?

Bazar ertəsindən başlamaq istədiyiniz idman, günlərdir kompyuterin ekranında açıq qalan o hesabat və ya oxunmağı gözləyən kitab… Hər birimiz həyatımızın müəyyən mərhələsində “bunu sabah edərəm” cümləsini qurmuşuq. Lakin bu “sabah”lar üst-üstə qalanıb böyük bir vicdan əzabına çevrilirsə, deməli, qarşımızda sadə bir vaxt azlığı deyil, prokrastinasiya dayanır.
Çox vaxt prokrastinasiyanı tənbəlliklə səhv salırlar. Amma psixoloqlar bildirir ki, bu iki anlayış tamamilə fərqlidir. Tənbəl insan heç nə etmək istəmir və buna görə rahatsızlıq hissi keçirmir. Prokrastinasiya edən insan isə işi görmək istəyir, nəticənin vacibliyini anlayır, lakin daxili bir maneəyə görə addım ata bilmir və zaman keçdikcə güclü təşviş keçirir.
Bəs, niyə işlərimizi təxirə salırıq?
Məsələ zamanı idarə edə bilməməkdə deyil, emosiyaları idarə edə bilməməkdədir. Beynimiz bizə diskomfort verən, çətin və ya qeyri-müəyyən görünən hər bir tapşırıqdan qaçmağa çalışır.
Mükəmməlliyətçilik (Perfeksionizm) tələsi: “Əgər mükəmməl olmayacaqsa, heç başlamayım” düşüncəsi prokrastinasiyanın ən böyük dostudur.
Uğursuzluq qorxusu: nəticənin pis olacağından və ya tənqid olunacağınızdan qorxduqda, beyniniz işə başlamağı təxirə salaraq sizi müvəqqəti olaraq bu stresdən qoruyur.
Mükafatın uzaqda olması: beyin anlıq həzz almağı sevir. Sosial şəbəkələrdə vaxt keçirmək sizə dərhal dopamin verir, amma 3 ay sonra bitirəcəyiniz layihənin bəhrəsi çox uzaqda görünür.
Prokrastinasiya zəncirini qırmağın 4 effektiv yolu:
Əgər siz də hər dəfə işə başlamazdan əvvəl birdən-birə masanızı toparlamaq, evdə təmizlik etmək və ya lazımsız videolar izləmək həvəsinə düşürsünüzsə, bu üsulları sınayın:
5 dəqiqə qaydası: beyninizi aldadın. Özünüzə deyin: “Bu işlə cəmi 5 dəqiqə məşğul olacam, xoşuma gəlməsə saxlayacam. Çox vaxt ən çətin mərhələ başlamaqdır, işin içine girdikdən sonra davam etmək daha asan olur.
Fil yemək taktikası: böyük layihələr beyni qorxudur. Tapşırığı o qədər kiçik hissələrə bölün ki, beyniniz onu təhlükə kimi görməsin. Məsələn, 10 səhifəlik məqalə yazmaq əvəzinə, sadəcə 2 cümlə yazmaq hədəfi qoyun.
Pomodoro texnikası: Taymeri 25 dəqiqəyə qurun və bu müddətdə yalnız bir işə diqqət yetirin. Sonra 5 dəqiqə fasilə verin. Bu, diqqətin dağılmasının qarşısını alır.
Təşvişi qəbul edin. Özünüzü “mən çox tənbələm” deyərək mühakimə etməyin. Bu, stresi artırır və prokrastinasiyanı daha da dərinləşdirir. Bunun əvəzinə hiss etdiyiniz qorxu və ya narahatlığı qəbul edin və kiçik bir addım atın.
Unutmayın, ən pis görülmüş iş, heç görülməmiş mükəmməl plandan min dəfə daha dəyərlidir.
Siz tənbəl deyilsiniz,ilk addımı elə indi atın!
Şəhla İlkay.
