Azərbaycan və Qana arasında diplomatik münasibətlərin qurulması

Qafqazdan Qərbi Afrikaya uzanan əməkdaşlıq xətti
Faktum.az xəbər verir ki, 11 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası ilə Qana Respublikası arasında rəsmi diplomatik əlaqələrin qurulması barədə Protokol imzalanmışdır. Müstəqilliyinin ilk illərində beynəlxalq aləmdə tanınma və çoxtərəfli xarici siyasət kursu yürüdən Azərbaycan üçün bu addım Qərbi Afrika regionunun aparıcı və sabit dövlətlərindən biri ilə diplomatik körpülərin salınması baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Qana Respublikası BMT, Qoşulmama Hərəkatı və Afrika İttifaqı kimi nufuzlu beynəlxalq təşkilatlarda fəal mövqeyi ilə seçilən ölkələrdəndir. İki ölkə arasında diplomatik əlaqələrin təməlinin qoyulması sonrakı illərdə xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində, BMT platformalarında və beynəlxalq təşkilatlar daxilində qarşılıqlı dəstək və əməkdaşlıq mexanizmlərinin inkişafına zəmin yaratmışdır.
Müasir dövrdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin genişlənməsi, təhsil, humanitar yardım, enerji və ticarət sahələrində dialoqun dərinləşməsi kontekstində 1992-ci ildə Qana ilə atılmış bu tarixi adım, ölkəmizin Afrika qitəsinə inteqrasiyası və qlobal Cənub ölkələri ilə tərəfdaşlıq strategiyasının ilkin mərhələlərindən biri kimi qiymətləndirilir.
