İşdən çıxarıblar, amma son haqq-hesabınızı ödəməyiblər?

Əmək münasibətlərinə xitam verilməsi işəgötürənin işçi qarşısında olan bütün öhdəliklərinin avtomatik olaraq bitməsi demək deyil.
İşçi işdən çıxarkən onunla son haqq-hesab aparılmalıdır. Buraya konkret vəziyyətdən asılı olaraq son əməkhaqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, hesablanmış əlavələr və qanunvericilikdən və ya əmək müqaviləsindən irəli gələn digər ödənişlər daxil ola bilər. İstifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi əmək müqaviləsinə xitam verilərkən mühüm işçi hüquqlarından biridir.
İşçinin hansı hüquqları var?
Əgər işəgötürən son haqq-hesabı tam aparmırsa, işçi əvvəlcə ona hansı məbləğlərin ödənilmədiyini müəyyən etməlidir.
Məsələn:
son ayın əməkhaqqı;
istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya;
hesablanmış, lakin ödənilməmiş əlavələr;
əmək müqaviləsi və ya kollektiv müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlər;
konkret əsas mövcuddursa, işdənçıxarma ilə bağlı qanunla nəzərdə tutulan müavinətlər.
Burada əsas məsələ təkcə “mənə pul verməyiblər” demək deyil. Nə qədər məbləğin, hansı hüquqi əsasla ödənilməli olduğunu müəyyən etmək lazımdır.
Hansı sənədləri saxlamaq lazımdır?
Belə mübahisələrdə aşağıdakılar əhəmiyyətli ola bilər:
əmək müqaviləsi;
əmək müqaviləsinə xitam barədə məlumat və ya əmr;
əməkhaqqı barədə sənədlər;
bank hesabından çıxarışlar;
məzuniyyət məlumatları;
işəgötürənlə yazışmalar;
haqq-hesab sənədləri;
əvvəl edilmiş yazılı müraciətlər.
İşçinin tələbi sənədlərlə əsaslandırıldıqca mübahisənin həlli də daha aydın olur.
İşəgötürən pulu könüllü ödəmirsə nə etmək olar?
İlk mərhələdə işəgötürənə yazılı tələb təqdim edilə bilər. Tələbdə ödənilməmiş məbləğlərin nədən ibarət olduğu və onların ödənilməsi istəyi konkret göstərilməlidir.
Razılıq əldə edilmirsə, məsələ əmək mübahisəsinə çevrilir.
Mediasiyaya müraciət etmək mümkündür
Fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll edilə bilər. Bundan əlavə, fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
İşçi mediasiya təşkilatına müraciət edərək işəgötürəndən, məsələn:
ödənilməmiş əməkhaqqının;
istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın;
digər ödənilməmiş əmək ödənişlərinin
verilməsini tələb edə bilər.
Mediasiyanın üstünlüyü ondan ibarətdir ki, tərəflər məhkəmə qərarını gözləmədən borcun məbləği, ödəniş müddəti və ödəniş qaydası barədə razılığa gələ bilərlər.
Razılıq əldə olunmazsa, ilkin mediasiya mərhələsindən sonra mübahisənin məhkəmə qaydasında davam etdirilməsi məsələsi gündəmə gələ bilər.
Son haqq-hesabınızı ala bilmirsinizsə
İşdən çıxarılma işçinin artıq heç bir tələb irəli sürə bilməyəcəyi demək deyil.
Əgər əməkhaqqınız, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanız və ya digər sizə çatası ödənişlər verilməyibsə, əvvəlcə tələb olunan məbləğ düzgün hesablanmalı, sübutlar toplanmalı, daha sonra isə mediasiya və zərurət olduqda məhkəmə yolu ilə hüquqların müdafiəsi məsələsi həll edilməlidir.
Hüquqşünas | Mediator
Zaur Quliyev
WhatsApp: 099 711 95 99
