Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Uşaq Onkoloqu/ hematoloqu , t.ü.f.d. Günel Əlskərova: “Uşaq onkologiyası emosional baxımdan çox ağır bir sahədir”

04 Avqust 2026, 22:28 Səhiyyə
REKLAM728×90

Uşaq sağlığı və tibbin ən məsuliyyətli, eyni zamanda emosional baxımdan ən ağır sahələrindən biri uşaq onkologiyası və hematologiyasıdır. Erkən diaqnostika, doğru müalicə protokolları və həkim-pasient münasibətlərindəki həssaslıq balalarımızın həyata tutunmasında həyati rol oynayır. Bu sahədə 20 illik zəngin təcrübəyə malik peşəkar mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Günel Ələskərova ilə keçirdiyimiz həsr olunmuş müsahibəni təqdim edirik:

 

— Günel xanım, necə oldu ki, bu sahəni seçdiniz?

– Bu peşəyə olan marağın təməli uşaqlıq illərində qoyulub. Atam hər zaman deyirdi ki, qızım böyüyəcək və məni müalicə edəcək. Onun bu arzusu və mənə aşıladığı inam yaddaşıma həkk olunmuşdu. Məhz buna görə də gələcək peşə seçimində başqa bir istiqaməti düşünmədim və tibb sahəsini, xüsusilə də uşaq onkologiyasını seçdim.

— Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

– Artıq 20 ildir ki, uşaq onkologiyası sahəsində fəaliyyət göstərirəm.

— Bu müddət ərzində sahədə hansı dəyişiklikləri müşahidə etmisiniz?

– Son 20 il ərzində uşaq onkologiyası sahəsində mühüm inkişaflar baş verib. 2012-ci ilə qədər uşaq onkologiyası əsasən böyük tibb müəssisələrinin tərkibində bir kabinet kimi fəaliyyət göstərirdi və bu sahədə çalışan mütəxəssislərin sayı da kifayət qədər az idi. 2012-ci ildən etibarən isə uşaq onkologiyası ayrıca klinika kimi fəaliyyət göstərməyə başladı. Bu dövrdə peşəkar komanda formalaşıb, müalicə üsulları və tibbi prosedurlar təkmilləşib, diaqnostika və müalicənin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Bu inkişaflar bizi sevindirir və gələcəyə daha böyük ümid verir.

— İxtisasınız üzrə əsas fəaliyyət istiqamətləriniz hansılardır?

– Uşaq onkologiyası geniş bir sahədir. Mən uşaqlarda rast gəlinən bütün bədxassəli şişlərin, eləcə də qan xərçənginin müxtəlif növlərinin, xüsusilə leykozların və qan yaradan sistemin digər ağır xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul oluram.

— İş prinsipiniz nədən ibarətdir?

– Əsas məqsədimiz xəstəliyin erkən mərhələdə aşkarlanması, diaqnozun qısa müddətdə dəqiqləşdirilməsi və əldə olunan nəticələr əsasında pasiyent üçün ən uyğun müalicə taktikasının seçilməsidir. Müalicə prosesində beynəlxalq standartlara uyğun müasir protokollardan istifadə edirik. Bununla yanaşı, tibbdə tətbiq olunan yenilikləri daim izləyir, onları praktik fəaliyyətimizdə tətbiq etməyə çalışırıq.

— Son dövrlərdə sizə daha çox hansı şikayətlərlə müraciət olunur?

– Son zamanlar daha çox limfa düyünlərinin böyüməsi, bədəndə səbəbsiz göyərmələr, həddindən artıq tərləmə, uzunmüddətli hərarət və ümumi halsızlıq kimi əlamətlərlə bağlı müraciətlər olur. Bunlar onkoloji xəstəliklərə xas spesifik əlamətlər olmasa da, bir neçə simptomun eyni vaxtda müşahidə edilməsi valideynləri narahat edir və onlar həkimə müraciət edirlər.

— Bir həkim kimi nəyə qəti şəkildə “yox” deyirsiniz?

– Aqressiyaya qəti şəkildə “yox” deyirəm. Çünki çalışdığımız sahə həm xəstə uşaqlar, həm də onların valideynləri üçün olduqca ağırdır. Valideynlərin övladlarının xəstəliyini qəbul etməsi və uzunmüddətli müalicə prosesinə uyğunlaşması bəzən çətin olur. Bu gərginlik müəyyən hallarda həkimə qarşı aqressiya ilə nəticələnə bilir. Hesab edirəm ki, qarşılıqlı anlayış və əməkdaşlıq müalicənin uğuru üçün vacib amillərdəndir.

— Özünüzü xarakter baxımından necə təsvir edərdiniz?

– Hesab edirəm ki, insanı ən yaxşı onun əməlləri xarakterizə edir. Özümü həssas, kövrək və məqsədyönlü insan hesab edirəm. Yəqin ki, bu xüsusiyyətlərim çalışdığım sahə ilə də bağlıdır. Uşaq onkologiyası emosional baxımdan çox ağır bir sahədir. Hər bir uşağın göz yaşına, baxışına və yaşadığı çətinliklərə biganə qalmaq mümkün deyil.

— Valideynlərə hansı tövsiyələri vermək istərdiniz?

– Ölkəmizdə peşəkar pediatrlar fəaliyyət göstərirlər və valideynlər övladlarında hər hansı narahatlıq hiss etdikdə ilk növbədə onlara müraciət edirlər. Lakin bəzi hallarda onkoloji sayıqlığın artırılmasına ehtiyac duyulur. Çünki uşaqlarda onkoloji xəstəliklərin ilkin əlamətləri çox vaxt digər xəstəliklərin simptomlarını xatırladır və “maskalanmış” formada özünü göstərə bilir. Buna görə də həm valideynlərin, həm də cəmiyyətin maarifləndirilməsi vacibdir. Eyni zamanda, profilaktik məqsədlə uşaqların ildə ən azı bir dəfə geniş tibbi müayinədən keçirilməsini tövsiyə edirəm.

— “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Bu fikri necə tamamlayardınız?

– Ağlıma gəlməzdi ki, nə vaxtsa uşaq onkoloqu kimi fəaliyyət göstərəcəyəm. Bəzən öz-özümə sual verirəm ki, niyə bu qədər ağır bir sahəni seçdim və niyə onu dəyişmədim? Sonra isə düşünürəm ki, bu sahədə çalışan mütəxəssislərin sayı kifayət qədər azdır. Əgər biz bu məsuliyyəti üzərimizə götürməsək, bu uşaqların müalicəsi ilə kim məşğul olacaq? Məhz bu düşüncə mənə güc verir və seçdiyim yolda sonadək davam etmək əzmimi daha da möhkəmləndirir.

 

Uşaq onkologiyasının çətin, lakin şərəfli yolunda fədakarlıqla çalışan t.ü.f.d. Günel Ələskərovaya dəyərli tövsiyələri və fəaliyyəti üçün təşəkkür edir, balalarımıza şəfa diləyirik.

Həkimlə əlaqə nömrəsi: (+99450) 395 92 72

REKLAM728×90
Paylaş: