Qara noxudla “tanış olaq”

Faktum.az xəbər verir ki, qidamızın əsasını təşkil edən paxlalı bitkilər fəsiləsindən olan noxud, Azərbaycan mətbəxinin ən önəmli “fiqurlarındandır”. Noxuddan hazırlanan milli yeməklərimiz saymaqla bitməz. Bəs noxudun “doğma qardaşı” qara noxudu tanıyan var?
Təəssüf ki, bu qədər faydalı qida çox az tanınır və demək olar ki, gündəlik mətbəxdə istifadəsi yoxdur. Qara noxud əsasən Ordubad və Cənubi Azərbaycan ərazilərində tanınır. Ağ noxuddan fərqli olaraq dənələri balaca olur, çiçəkləri isə bənövşəyi rəngdədir.
Qara noxud insan sağlamlığı üçün əvəzsiz qidalardandır. Tərkibi dəmir və liflərlə zəngin olduğu üçün anemiya (qan azlığı), həzm prosesinin tənzimlənməsi və qan şəkərinin balanslaşdırılmasında büyük fayda verir. Lakin çox az insan qara noxudun kişi cinsi zəifliyi zamanı əvəzolunmaz bir məhsul olduğundan xəbərsizdir.
Keçmişdə nənələrimiz kişi cinsi zəifliyi və sonsuzluq zamanı qara noxudu quyruq yağı və bol ədviyyatlarla bişirib məcun halına gətirərək istifadə edərdilər. Güclü sperma artırıcı təsirə malik olan qara noxud, eyni zamanda bədənə hərarət verir. Digər bir xalq təbabəti üsulunda isə qara noxudu yumşalana qədər qaynadıb qoz ilə əzir, içerisinə qara istiot və qaya duzu əlavə edərək cinsi zəifliyi olan kişilərə verərdilər.
Günümüzdə belə əvəzsiz bir qidanın varlığından çoxları xəbərsizdir. Qürurla söyləyirik ki, dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Belə zəngin iqlimə sahib bir coğrafiyada yetişən hər bir bitki xüsusi özəlliklərə malikdir. Qara noxud da elə özəllikləri olan bərəkətli nemətlərimizdəndir. Gəlin milli nemətlərimizi tanıyaq və dünyaya tanıdaq.
Tərifə Şükürqızı
