“Vətən Gülizarı” Üç Zirvə Tədris Mərkəzinin təsisçisi və rəhbəri Günel Əliyeva ilə özəl müsahibə

Faktum.az xəbər verir ki, təhsil sahəsində göstərdiyi peşəkar xidmətlərlə yanaşı, mənəvi dəyərlərə, vətənpərvərlik ideyalarına və şəhidlərimizin əziz xatirəsinə sadiqliyi ilə seçilən “Vətən Gülizarı” Üç Zirvə Tədris Mərkəzi cəmiyyətdə böyük rəğbət qazanıb.
Mərkəzin təsisçisi və rəhbəri Günel Qəhrəman qızı Əliyeva müxbirimizin suallarını cavablandıraraq, mərkəzin yaranma tarixçəsi, mənəvi missiyası və gələcək hədəfləri haqqında ətraflı məlumat verib.
Xüsusilə vurğulamaq istəyirik ki, “Vətən Gülizarı” Üç Zirvə Tədris Mərkəzi Şəhid Fariz Həsənov, Şəhid Orxan Avdiyev və Şəhid İlkin Bayramovun timsalında bütün vuruşan, canını vətənə fəda edən bütün Şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

– Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyimdə ən böyük təkan və ilham mənbəyim həyat yoldaşım hərbçi Salmanov oldu. Hər şey “44 günlük Müharibə Bizə Nə Qazandırdı?” layihəsi ilə başladı. O zaman anladıq ki, Zəfərimizi yaşatmağın ən gözəl yolu şəhidlərimizin arzularını gerçəkləşdirməkdir. Bizim əsas məqsədimiz körpə fidanlarımızı şəhidlərimizin baxdığı zirvələrə doğru ucaltmaq, gənc kadrlarımıza dəstək olmaq və qəhrəmanlarımızın xatirəsini hər zaman yaşatmaqdır. Tədris mərkəzimiz sırf bu ali ideya və mənəvi missiya üzərində quruldu. Məqsədimiz təkcə təhsil vermək değil, şəhidlərimizin xatirəsini yaşatmaq bizim mənəvi borcumuz, şəhidlərimizin əmanəti olan gənc nəsli savadlı, vətənpərvər böyütmək və şəhidlərimizin unudulmamalıdır.
– Neçə ildir ki, bu sahədəsiniz?
- Biz bu yola çox qısa zaman əvvəl, 1 mart 2026-cı ildə çıxmışıq. Amma bu az vaxtda yaşadığım gözəl anlar və tanıdığım dəyərli insanlar mənə düzgün ünvanda olduğumu göstərdi. Kollektivimiz vətənini sevən, peşəkar kadrlar birdir; hər biri şəhid və qazi övladlarımıza böyük ehtiramla, təmənnasız olaraq könüllü xidmət edir.
– Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Rəhbər kimi əsas fəaliyyətim tədris mərkəzində təhsilin keyfiyyətini yüksək saxlamaq, prosesləri düzgün idarə etmək və cəmiyyətə faydalı layihələr həyata keçirməkdir. Amma mənim üçün ən önəmlisi bu işin mənəvi tərəfidir. Ən böyük arzumu və məqsədimi gerçəkləşdirərək şəhid və qazi övladlarına, eləcə də imkansız ailələrin uşaqlarına tam ödənişsiz dərsdər təşkil edirik. Bununla yanaşı, gənc kadrların özlərini formalaşdırması və təcrübə qazanması üçün əlimdən gələni edir, qarşılaşdıqları hər bir çətinlikdə sonadək yanlarında durub onlara arxa-dayaq olmağa çalışıram.
– İş prinsipiniz nədən ibarətdir?
- Mənim iş prinsipim üç əsas sütun üzərində qurulub: keyfiyyətli təhsil, vətənpərvərlik və qarşılıqlı dəstək. Bizim mərkəzdə təlim-tərbiyə prosesi yalnız bilik verməklə bitmir, biz ilk növbədə milli-mənəvi dəyərlərə bağlı, vətənini sevən şəxsiyyətlər formalaşdırırıq. Komandamla münasibətdə isə etibar və arxa-dayaq olmaq əsas prinsipimdir. Müəllimlərimizə sərbəstlik və inam verir, gənc kadrlarımızın inkişafı üçün hər cür şəraiti yaradırıq. Bir sözlə, iş prinsipimiz sadəcə idarə etmək deyil, böyük bir ailə kimi çiyin-çiyinə addımlamaqdır.
– Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
- Bir mütəxəssis və rəhbər olaraq mən ilk növbədə səmimiyyətsizliyə, məsuliyyətsizliyə və keyfiyyətsizliyə “yox” deyirəm. Təhsil elə bir sahədir ki, burada səhv etmək və ya işə barmaqarası baxmaq bilavasitə gələcəyimizə zərər vurur. Eyni zamanda, gənc kadrların inkişafının qarşısını alan, onları həvəsdən salan yanaşmalara və dürüstlükdən uzaq olan hər bir addıma qətiyyətlə “yox” deyirəm.
– Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar müraciətlər daha çox üç istiqamətdə olur. Birincisi əməkdaşlıq üçün bərabər iş qurmaq üçün, ikincisi təbii ki, təhsilin keyfiyyəti və kurslarımızla bağlıdır, valideynlər övladlarının möhkəm təməl qazanması, imtahanlara hazırlığı üçün bizə ehtimad edirlər. Üçüncüsü bizim üçün ən qürurvericisi isə sosial və mənəvi missiyamızla bağlı müraciətlərdir. Şəhid və qazi ailələri, eləcə də ehtiyacı olan valideynlər ödənişsiz dərsdər üçün müraciət edirlər. Digər tərəfdən, təcrübə qazanmaq, özünü inkişaf etdirmək və kollektivimizə qoşulmaq istəyən gənc kadrların müraciətləri də çoxluq təşkil edir.
– Üstünlüyünüz və fərqiniz nədir?
- Bizim ən böyük üstünlüyümüz və fərqimiz mənəvi missiyamız və güclü komanda ruhumuzdur. Biz təkcə standart təhsil verən bir mərkəz deyilik, biz şəhidlərimizin xatirəsini yaşadan, onların övladlarına və qazi ailələrinə tam təmənnasız, könüllü qucaq açan bir ailəyik. Digər fərqimiz isə gənc kadrlara inamımızdır. Onların təcrübə qazanması, inkişaf etməsi üçün hər addımda arxalarında durur, peşəkar kimi formalaşdırırıq. Bir sözlə, bizim fərqimiz peşəkarlığı səmimiyyət, vətənpərvərlik və mənəviyyatla birləşdirməyimizdədir.
– Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq məqsədyönlü, mənəvi dəyərlərinə bağlı və vəfalı bir insanam. Başladığım hər bir işə sadəcə bir fəaliyyət kimi deyil, mənəvi borc və missiya kimi yanaşıram. Ətrafımdakı insanlara, xüsusilə komandama və gənc kadrlara hər zaman arxa-dayaq olmağı, onların çətinliyində yanlarında durmağı özümə borc bilirəm. Səmimiyyəti və dürüstlüyü hər şeydən üstün tuturam.
– Ailəlisinizmi?
- Bəli, ailəliyəm, Məhəmməd Baqir və Səccad adında iki oğul övladım var. Həyatımdakı və uğurlarımdakı ən böyük pay sahibi isə yoldaşımdır. O, hər zaman mənim arxamda duran, hər çətinlikdə mənə dayaq olan ən böyük dəstəkçimdir. İnanıram ki, biz çiyin-çiyinə verərək birlikdə daha bir çox böyük uğurlara və ali hədəflərə nail olacağıq, inşallah.
– Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara və xüsusilə gənclərimizə məsləhətim odur ki, heç vaxt xəyallarından və mənəvi dəyərlərindən vaz keçməsinlər. Qarşılarına çıxan çətinliklər onları ruhdan salmasın, əksinə daha da möhkəmləndirsin. Hər kəs öz sahəsində vətəninə, xalqına faydalı olmağa çalışmalı, şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqda təhsildən və inkişafdan heç vaxt geri qalmamalıdır. Bir də unutmasınlar ki, arxalarında möhkəm inam və zəhmət duran hər bir niyyət mütləq uğurla nəticələnir.
– “Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki,…” Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, bu qədər qısa zamanda bu qədər böyük bir ailə qazanaram. Ağlıma gəlməzdi ki, şəhid və qazi övladlarının gözlərindəki o işıq, müəllimlərimizin fədakarlığı və gənclərimizin inamı mənim həyatımın ən böyük mənasına çevrilər. Mən sadəcə bir addım atdım, amma bu yol mənə həm itirdiklərimə şükür etməyi, həm də mənəviyyatın peşəkarlıqdan nə qədər uca olduğunu öyrətdi. Mən inanmazdım ki, bir tədris mərkəzi idarə etmək insana bu dərəcədə güclü arxa-dayaq hissi bəxş edər. Gənc kadrlarımızın inkişafını görmək, şəhidlərimizin xatirəsini təhsillə yaşatmaq mənə göstərdi ki, inam və sevgilə çıxılan heç bir yol yarımçıq qalmır.
Son olaraq onu əlavə etmək istərdim ki, bu yol təkcə bir tədris mərkəzinin fəaliyyəti deyil, bir mənəvi borc yoludur. Bizə bu imkanı yaradan, hər zaman arxamda dağ kimi duran yoldaşıma, təmənnasız xidmət edən peşəkar müəllim kollektivimə və bizə güvənən bütün ailələrə dərin minnətdarlığımı bildirirəm. Bizim qapımız şəhid və qazi övladlarına, gələcəyimiz olan gənclərə hər zaman açıqdır. Çünki biz bilirik ki, şəhidlərimizin baxdığı zirvələrə yalnız elm, savad və vətən sevgisi ilə ucalmaq olar.
Məni şəxsiyyət kimi formalaşdıran Ağstafa rayon Pirili kəndi Şəhid Məcid Əhmədov adına Pirili kənd tam orta məktəbin müəllim kollektivinə, xüsusilə Məlahət müəlliməyə təşəkkür edirəm.
Əlaqə vasitələri və ünvan:
-
Əlaqə nömrələri: 055 270 67 06 | 055 287 80 13
-
Ünvan: Xəzər rayonu, Binə qəsəbəsi, 29 saylı xəstəxananın yaxınlığı, “Supertoys” mağazasının yanı.
-
Sosial şəbəkələr:
-
Instagram: @uczirve_tedris
-
Facebook: Üç Zirvə Tədris Mərkəzi
-
TikTok: tiktok.com/@uczirvetedrismerkezi
-
Faktum.az olaraq, milli-mənəvi dəyərlərimizi və gələcəyimiz olan gənclərin təhsilini hər şeydən uca tutan bu kimi təşəbbüsləri işıqlandırmaqdan qürur duyur, Günel xanıma və onun peşəkar komandasına gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

