Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

“Hər uşağın fərdi olduğunu qəbul edir və onun potensialını üzə çıxarmağa çalışırıq” – NMkids Uşaq Bağçasının rəhbəri ilə müsahibə

03 Avqust 2026, 22:00 Müsahibə
REKLAM728×90

Uşaqların erkən yaşda doğru mühitdə tərbiyə olunması və onların fərdi potensialının düzgün istiqamətləndirilməsi gələcək uğurlarının əsasını təşkil edir. Müasir məktəbəqədər təhsildə uşaqlara yanaşma, onların təhlükəsizliyi, psixoloji və sosial inkişafı valideynləri ən çox düşündürən məsələlərdəndir. Bu mövzuda maraqlı məqamlara aydınlıq gətirmək üçün NMkids Uşaq Bağçasının rəhbəri ilə həmsöhbət olduq. Bağçanın təhsil fəlsəfəsi, təhlükəsizlik standartları və uşaqların fərdi inkişafına yönəlmiş yanaşmaları haqqında müsahibəni oxucularımıza təqdim edirik.

– Zəhmət olmasa, bağçanız haqqında qısa məlumat verərdiniz. Neçə ildən fəaliyyət göstərirsiniz?

– NMkids Uşaq Bağçası 2023-cü ildən fəaliyyət göstərir. Artıq üç ildir ki, uşaqlara sevgi dolu, təhlükəsiz və inkişafyönümlü mühit təqdim edirik. Məqsədimiz valideynlərin etibarını qazanmaq, uşaqların isə özlərini burada ikinci evlərində hiss etmələrini təmin etməkdir.

– Bağçanızın əsas məqsədi və təhsil fəlsəfəsi nədən ibarətdir?

– Əsas məqsədimiz xoşbəxt, özünə güvənən, maraqlı və yaradıcı uşaqlar yetişdirməkdir. Təhsil fəlsəfəmiz “Oyna, kəşf et, öyrən” prinsipinə əsaslanır. Hər uşağın fərdi xüsusiyyətlərini nəzərə alır, oyun əsaslı təlim vasitəsilə onların təbii marağını və öyrənmək həvəsini dəstəkləyirik.

– Digər məktəbəqədər təhsil müəssisələrindən sizi fərqləndirən əsas üstünlüklər hansılardır?

– Ən böyük üstünlüyümüz hər bir uşağa fərdi yanaşmadır. Qruplarımız kiçikdir və hər qrupda iki tərbiyəçi çalışır. Bundan əlavə, uşaqlar hər gün açıq havada vaxt keçirir, peşəkar pedaqoqlarla çalışır və ailə mühitinə yaxın, rahat atmosferdə inkişaf edirlər.

– Tədris proqramınız hansı istiqamətlər üzrə qurulub?

– Proqramımız beş əsas istiqaməti əhatə edir: dil və nitqin inkişafı, riyazi və məntiqi təfəkkür, sosial-emosional inkişaf, incəsənət və yaradıcılıq, eləcə də fiziki inkişaf. Bütün fəaliyyətlər uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə təşkil olunur.

– Uşaqların zehni, fiziki və sosial inkişafı üçün hansı metodlardan istifadə edirsiniz?

– Zehni inkişaf üçün Montessori və layihə əsaslı təlim metodlarından istifadə edirik. Fiziki inkişaf gimnastika və açıq hava oyunları ilə dəstəklənir. Sosial bacarıqlar isə qrup işləri, rol oyunları və “dairə vaxtı” söhbətləri vasitəsilə formalaşdırılır.

– Gün ərzində uşaqların vaxt bölgüsü necə təşkil olunur?

– Gün rejimimiz balanslı şəkildə qurulub. Səhər qəbul və sərbəst oyunlarla başlayır, daha sonra səhər yeməyi, tədris məşğələləri, açıq hava fəaliyyəti, nahar, günorta istirahəti, əlavə məşğələlər və yaradıcı oyunlarla davam edir. Bu rejim həm öyrənməyə, həm də istirahətə kifayət qədər vaxt ayırmağa imkan verir.

– Bağçada təhlükəsizlik və gigiyena qaydalarına necə nəzarət edilir?

– Təhlükəsizlik bizim üçün prioritetdir. Giriş-çıxış kart sistemi və 24 saat kamera nəzarəti mövcuddur. Tibb bacısı hər gün uşaqların sağlamlığını yoxlayır, otaqlar və oyuncaqlar mütəmadi dezinfeksiya edilir. Bütün əməkdaşlarımız tibbi arayışa və ilk yardım üzrə sertifikata malikdir.

– Müəllim və tərbiyəçilərin peşəkar inkişafı üçün hansı tədbirlər görülür?

– Komandamızın inkişafına xüsusi önəm veririk. Hər üç aydan bir daxili təlimlər keçirilir, ildə iki dəfə isə müəllimlərimiz xarici seminar və təlimlərdə iştirak edirlər. Bundan əlavə, psixoloqla aylıq superviziya görüşləri təşkil olunur.

– Valideynlərlə əməkdaşlıq hansı formada həyata keçirilir?

– Valideynlərlə daim sıx əməkdaşlıq edirik. Aylıq iclaslar, WhatsApp qrupları, açıq qapı günləri, birgə tədbirlər və layihələr vasitəsilə davamlı əlaqə saxlayırıq. Hər uşaq üçün ayrıca inkişaf portfolyosu hazırlanır və valideynlərlə paylaşılır.

– Uşaqların fərdi bacarıqlarını aşkar etmək və inkişaf etdirmək üçün hansı imkanlar yaradılır?

– Müşahidələr və portfolyolar vasitəsilə uşaqların maraq və bacarıqlarını müəyyənləşdiririk. Rəsmə maraq göstərən uşaqları rəsm fəaliyyətlərinə, musiqiyə marağı olanları isə ritm və musiqi məşğələlərinə yönləndirərək onların potensialını inkişaf etdiririk.

– Bağçada xarici dil, musiqi, rəsm və ya idman kimi əlavə məşğələlər keçirilirmi?

– Bəli. Həftədə iki dəfə ingilis dili, rəqs, rəsm, şahmat və idman məşğələləri keçirilir və bu fəaliyyətlər uşaqlara əlavə ödənişsiz təqdim olunur.

– Sağlam qidalanma ilə bağlı hansı prinsiplərə əməl olunur?

– Menyumuz dietoloqun tövsiyələri əsasında hazırlanır. Fastfud, qazlı içkilər və şokolad istifadə edilmir. Uşaqlara təzə meyvə, tərəvəz və süd məhsulları təqdim olunur. Allergiyası olan uşaqlar üçün isə fərdi qidalanma proqramı tətbiq edilir.

– Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş necə təşkil edilir?

– İnklüziv təhsil prinsiplərinə uyğun fəaliyyət göstəririk. Xüsusi pedaqoq və psixoloqun dəstəyi ilə fərdi proqramlar hazırlanır, kiçik qruplarda uşaqların inkişafı diqqətlə izlənilir.

– Texnologiya və rəqəmsal vasitələrdən tədrisdə istifadə edirsinizmi?

– 3–4 yaşlı uşaqlar üçün rəqəmsal vasitələrdən istifadə etmirik. 5–6 yaş qruplarında isə həftədə bir dəfə qısa müddət ərzində interaktiv lövhə və təhsil xarakterli oyunlardan istifadə olunur.

– Bağçada il ərzində hansı maraqlı tədbirlər və layihələr həyata keçirilir?

– İl ərzində Novruz bayramı, Payız bayramı, Ana Günü, Məktəbə Vida tədbirləri keçirilir. Bundan başqa, “Kiçik Alimlər” və “Təbiəti Qoruyaq” kimi maarifləndirici layihələr də təşkil edirik.

– Məktəbə hazırlıq prosesində uşaqlara hansı bacarıqlar aşılanır?

– Məktəbə hazırlıq zamanı diqqət, yaddaş, incə motorika, qələm tutma, nitq, məntiq və sosial bacarıqlar inkişaf etdirilir. Məqsədimiz uşaqları məktəbə həm bilik, həm də psixoloji baxımdan hazır şəkildə yola salmaqdır.

– Valideynlər bağça seçərkən ən çox nələrə diqqət etməlidirlər?

– İlk növbədə təhlükəsizlik, müəllimlərin uşaqlara münasibəti, qidalanma, gün rejimi və tədris mühiti nəzərə alınmalıdır. Ən vacibi isə uşağın bağçaya sevə-sevə gəlməsi və burada özünü xoşbəxt hiss etməsidir.

– Son illərdə məktəbəqədər təhsildə hansı dəyişiklikləri müşahidə edirsiniz?

– Son illərdə uşaqlarda ekran asılılığının artdığını müşahidə edirik. Buna görə də bağçamızda canlı ünsiyyətə, təbiətlə təmasa və emosional zəkanın inkişafına daha çox üstünlük veririk.

– Qarşıdakı dövr üçün bağçanızın yeni layihələri və planları nələrdir?

– Yaxın dövr üçün əsas hədəflərimiz “Açıq Hava Sinifi” və “Robototexnika Klubu” layihələrini həyata keçirməkdir. İnanırıq ki, bu layihələr uşaqların həm yaradıcılığını, həm də texnoloji düşüncə bacarıqlarını inkişaf etdirəcək.

– Sonda valideynlərə və gələcəyin balaca məktəblilərinə nə demək istərdiniz?

– Valideynlərə demək istərdim ki, övladlarınız bizim üçün ən dəyərli əmanətdir və onların sağlam, xoşbəxt, bilikli böyüməsi üçün əlimizdən gələni edirik. Əziz balalarımıza isə arzum budur ki, hər zaman gülümsəsinlər, oynasınlar, suallar verməkdən çəkinməsinlər. Çünki hər yeni gün yeni bir kəşfin başlanğıcıdır və bağçamız onların ikinci evidir.

Əlaqə nömrəsi: (+99455) 828 59 76

 

Uşaqların xoşbəxt, özünəgüvənli və hərtərəfli inkişaf etmiş fərdlər kimi yetişməsi düzgün seçilmiş təhsil mühitindən asılıdır. NMkids Uşaq Bağçasının təcrübəsi və tətbiq etdiyi modern təlim metodları göstərir ki, hər bir uşağın potensialını üzə çıxarmaq mümkündür.

Faktum.az  komandası olaraq balaca fidanlarımızın gələcəyi naminə çalışan bütün pedaqoji heyətə uğurlar arzulayırıq.

REKLAM728×90
Paylaş: