Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir

03 Avqust 2026, 01:15 Siyasət
REKLAM728×90

Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir

 

Həm Avropa, həm qonşu dövlətlərlə, həm  də Mərkəzi Asiya ölkələri ilə  əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Türk dünyasının birliyi bütün dövrlər üçün aktual olub, bu gün də  öz önəmini təsdiqləyir. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə bu birliyin, həmrəyliyin vacibliyi  türk dövlətləri tərəfindən  vurğulanmaqla yanaşı, real addımlarda özünü nümayiş etdirir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər  həm ölkələr arasında əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı daxilində birliyə böyük stimul verir. Türk Dövlətləri Təşkilatının  Zirvə görüşlərinin  müntəzəm xarakter daşıması, həmçinin dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il  qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməsi bu birliyin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir.

Reallıq budur ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb, beynəlxalq mövqeləri möhkəmlənib. Həm bölgədə gedən proseslərə  təsir imkanları artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır. Prezident İlham Əliyevin hər bir çağırışı həm Türk Dövlətləri Təşkilatının gələcəyi, həm də  quruma üzv dövlətlərlə birliyin təmin edilməsi üçün yol xəritəsidir.  “Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq” söyləyən Prezident İlham Əliyev onu da əlavə edir ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib.

Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına dövlət səfəri də həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələri münasibətlərinin uğurlu inkişafının nümayişi oldu. Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq qeyd etməliyik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır. Ölkələrimiz arasında diplomatik münasibətlər  1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

REKLAM728×90
Paylaş: