Şeyxin milyarder oğlu: Biznes imperiyası haradan başlayır, harada bitir?

Faktum.az xəbər verir ki, jurnalist Elmidar Əliyev şəxsi “Facebook” hesabında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə və onun oğlu barədə diqqətçəkən məlumatlar paylaşıb.
Jurnalistin bildirdiyinə görə, Şeyxülislam Allahşükür Paşazadə bütün sərvətini və biznesini oğlu Məhəmməd Paşazadənin adına keçirib. İslam Peyğəmbərinin adını daşıyan oğul Paşazadə hazırda milyarder statusundadır. Onun təkcə Bakıda olan daşınmaz əmlaklarının qiyməti milyard manatı keçir. Həmçinin, Məhəmməd Paşazadənin Türkiyə başda olmaqla Avropanın bir çox ölkələrində geniş biznesi var. Təkcə Türkiyədə bir restoranın faktiki bazar qiyməti 100 milyon dollar civarındadır.
Məhəmməd Paşazadə həm də Türkiyə vətəndaşıdır və bir müddətdir ailəsi ilə birlikdə İstanbulda yaşayır. Onun Türkiyədə daşınmaz əmlak və biznes obyektlərinin olduğu barədə məlumatlar illər əvvəl yayılıb. Son dövrdə isə Türkiyədə 300 hektara yaxın torpaq sahəsi aldığı, bahalı otellər və restoran biznesində iştirak etdiyi bildirilir.
Son illərdə ən çox diqqət çəkən məsələlərdən biri Məhəmməd Paşazadənin “Blue City” layihəsidir. Xırdalanda, Həsən Əliyev küçəsi 7 ünvanında, Bakı Mühəndislik Universitetinin yaxınlığında yerləşən “Blue City” böyük yaşayış layihəsi kimi təqdim olunur. Məlumatlara görə, vaxtilə İlahiyyat Universiteti üçün ayrıldığı bildirilən 20 hektarlıq ərazinin 10 hektarı Məhəmməd Paşazadənin adına sənədləşdirilib və həmin ərazidə “Blue City” layihəsi həyata keçirilib. Yəni söhbət kifayət qədər böyük torpaq sahəsindən və iri yaşayış layihəsindən gedir.
Ailənin xaricdəki biznes fəaliyyəti bununla bitmir. Çexiyanın Karlovı Varı şəhərindəki əmlaklar və biznes fəaliyyəti barədə müxtəlif araşdırmalarda əvvəlcə “Aynur KV” şirkətinin adı keçib, sonradan şirkətin “MP İNTERNATİONAL S.r.o.” adı ilə Məhəmməd Paşazadənin adına keçirildiyi bildirilib. Maltada gəmiçilik fəaliyyəti ilə bağlı olan “MP TRADE SHIPPING LIMITED” şirkətinin təsisçisi kimi də Məhəmməd Paşazadə göstərilir.
Məhəmməd Paşazadə həm də ölkədən milyardları xaricə daşıyan iş adamlarından biridir. Onun hazırda Bakıdakı obyektlərini satıb, İspaniyada daşınmaz əmlak almaq planları qurduğu bildirilir.
