Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Pedaqoq Zöhrə İbrahimova: “Mənim üçün əsas məqsəd sadəcə dərs keçmək deyil, şagirdə öyrənməyi öyrətməkdir”

15 Oktyabr 2026, 22:15 Müsahibə
728×90

Faktum.az xəbər verir ki, müəllimlik yalnız bilik ötürmək deyil, insanın gələcəyinə işıq salmaq, onda öyrənmək həvəsi və özünəinam yaratmaq sənətidir. Bu sənətin ən gözəl tərəfi isə hər bir şagirdin uğurunda müəllimin zəhmətinin, səbrinin və sevgisinin izinin olmasıdır. Peşəsini sevərək icra edən, hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alan və daim öz üzərində çalışan müəllimlər təhsilin inkişafına mühüm töhfə verirlər.

Bu dəfə söhbətimizin qonağı 8 illik pedaqoji təcrübəyə malik, şagirdlərin bilik və bacarıqlarının inkişafına fərdi yanaşma ilə töhfə verən Zöhrə İbrahimovadır. O, ibtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərini tədris edir, eyni zamanda müxtəlif yaş qruplarından olan şəxslərə ingilis dilini öyrədir. Onun üçün müəllimlik yalnız dərs izah etmək deyil, həm də şagirdin düşüncə tərzini, özünəinamını və müstəqil öyrənmək bacarığını inkişaf etdirməkdir.

Zöhrə xanımla pedaqoji fəaliyyətinin xüsusiyyətləri, tədris prinsipləri, onlayn təhsilin üstünlükləri və valideynlərin övladlarının təhsilindəki rolu barədə söhbətləşdik.

— Zöhrə xanım, necə oldu ki, müəllimlik peşəsini seçdiniz?

— Mən bu peşəni sevərək seçmişəm və zamanla özümü məhz bu sahədə tapmışam. Artıq 8 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bu müddət ərzində müxtəlif yaş qrupları ilə işləmişəm və hər bir şagirdin fərqli öyrənmə tərzinə sahib olduğunu müşahidə etmişəm. Bu illər mənə həm peşəkar, həm də şəxsi baxımdan çox şey öyrədib. Hər il öz üzərimdə işləyərək tədris metodlarımı təkmilləşdirməyə çalışıram. Mənim üçün müəllimlik sadəcə bir peşə deyil, həm də böyük məsuliyyət və mənəvi dəyərdir.

— Hazırda öz sahəniz üzrə hansı işləri həyata keçirirsiniz?

— İbtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərini tədris edirəm. Eyni zamanda yaş məhdudiyyəti qoymadan ingilis dili öyrənmək istəyən hər kəslə işləyirəm. Dərslərimi həm onlayn, həm də əyani formada keçirəm. Bundan əlavə, müəllimlər üçün tədris metodikası istiqamətində proqramlar da hazırlayıram.

Mənim üçün əsas məqsəd yalnız dərsi izah etmək deyil, şagirdin mövzunu həqiqətən anlamasına və əldə etdiyi bilikləri praktikada tətbiq etməsinə nail olmaqdır. İstəyirəm ki, şagirdlərim öyrəndiklərini sadəcə yadda saxlamasınlar, həm də müstəqil düşünməyi və qarşılaşdıqları çətinliklərə həll yolu tapmağı bacarsınlar.

— İş prinsipiniz nədən ibarətdir?

— Mənim əsas iş prinsipim fərdi yanaşmadır. Çünki hər bir şagirdin qavrama qabiliyyəti, öyrənmə sürəti və ehtiyacları fərqlidir. Bir şagird üçün effektiv olan metod digər şagird üçün uyğun olmaya bilər. Buna görə də şagirdi tanımağa, onun çətinliklərini müəyyənləşdirməyə və ehtiyaclarına uyğun metod seçməyə çalışıram.

Mənim üçün əsas məqsəd sadəcə məlumat ötürmək deyil, şagirdə düşünməyi, öyrənməyi və öz biliklərinə güvənməyi öyrətməkdir. İnanıram ki, düzgün yanaşma və səbir sayəsində hər bir şagird öz potensialını üzə çıxara bilər.

— Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?

— Əzbərçiliyə, şagirdin qorxu və təzyiq altında öyrədilməsinə, eləcə də bütün şagirdlərə eyni metodun tətbiq olunmasına “yox” deyirəm. Düşünürəm ki, təhsil məcburiyyət və qorxu üzərində deyil, maraq, düzgün istiqamətləndirmə və qarşılıqlı hörmət əsasında qurulmalıdır.

Şagird səhv etməkdən qorxmamalıdır. Çünki səhv də öyrənmə prosesinin ayrılmaz hissəsidir. Əsas məsələ səhvdən nəticə çıxarmaq və daha yaxşıya doğru irəliləməkdir. Mən çalışıram ki, şagirdlərim dərs zamanı özlərini rahat hiss etsinlər, sual verməkdən çəkinməsinlər və fikirlərini sərbəst ifadə edə bilsinlər.

— Sizi digər müəllimlərdən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

— Mənim əsas fərqim fərdi yanaşma və nəticəyə fokuslanmağımdır. Şagirdə yalnız dərs müddətində mövzunu izah etməklə kifayətlənmirəm. Onun düşüncə tərzinin, özünəinamının və özünü ifadə etmək bacarığının da inkişafına çalışıram.

Hər bir şagirdin öz potensialına uyğun inkişaf etməsi mənim üçün çox önəmlidir. Məncə, müəllimin uğuru yalnız şagirdin yüksək qiymət almasında deyil, onun öyrənməyə marağının artmasında, müstəqil düşünməsində və özünə inanmasında da özünü göstərir.

— Onlayn dərslərin üstünlükləri nələrdir?

— Onlayn dərslərin ən böyük üstünlüklərindən biri məsafə probleminin aradan qalxmasıdır. Şagird harada yaşamasından asılı olmayaraq dərsə qoşula bilir. Tıxac, yolun uzaq olması və yolda vaxt itirmək kimi problemlər azalır. Həmçinin dərs saatlarını şagirdlərin imkanlarına uyğun daha rahat şəkildə planlaşdırmaq mümkündür.

Bu baxımdan onlayn təhsil həm vaxta qənaət, həm də rahatlıq baxımından əlverişlidir. Lakin əsas məsələ onlayn dərsin düzgün təşkil olunması, şagirdin dərsə fəal cəlb edilməsi və müəllimlə şagird arasında səmərəli ünsiyyətin qurulmasıdır. Düşünürəm ki, düzgün metodika tətbiq edildikdə onlayn dərslər də kifayət qədər effektiv ola bilər.

— Xarakter etibarilə özünüzü necə təsvir edərdiniz?

— Tələbkar və məsuliyyətli biriyəm. İşimə ciddi yanaşıram və gördüyüm işi sevərək icra edirəm. Məncə, insan öz peşəsini sevirsə, bu sevgi mütləq onun fəaliyyətinə də yansıyır.

Eyni zamanda səbirli olmağa və şagirdlərimi dinləməyə çalışıram. Tələbkaram, amma qarşımdakı insan çətinliklərini və imkanlarını da nəzərə alıram. İnanıram ki, müəllim həm tələbkar, həm də anlayışlı olmağı bacarmalıdır.

— Valideynlərə övladlarının təhsili ilə bağlı hansı tövsiyələri verərdiniz?

— Valideynlərə ilk növbədə uşaqlarının təhsilinə və şəxsi inkişafına ciddi yanaşmağı tövsiyə edirəm. Bahalı telefonlara, məktəb ləvazimatlarına və yalnız maddi göstəricilərə üstünlük verməkdənsə, uşaqların bilik və bacarıqlarının inkişafına investisiya etmək daha vacibdir.

Uşağı başqaları ilə müqayisə etmək əvəzinə, onun öz inkişafını izləmək lazımdır. Valideyn uşağının zəhmətini görməli, onu dəstəkləməli və təhsil prosesində yanında olmalıdır. Çünki düzgün verilmiş təhsil uşağa uzun illər xidmət edən ən böyük sərvətlərdən biridir.

Valideynlər repetitor seçərkən yalnız qiymətə və ya yüksək nəticə vədlərinə deyil, müəllimin peşəkarlığına, tədris metodlarına və uşağa yanaşmasına diqqət yetirməlidirlər. Müəllimin şagirdlə düzgün ünsiyyət qurması, onun bilik səviyyəsini və ehtiyaclarını nəzərə alması çox vacibdir. Eyni zamanda müəllimin məsuliyyətli olması və uşağın dərsə marağını formalaşdırmağı bacarması da əsas meyarlardandır.

Yaxşı repetitor sadəcə mövzunu izah edən deyil, şagirdin inkişafını izləyən, ona düzgün istiqamət verən və özünəinamını artıran müəllimdir.

— İngilis dilini öyrənmək istəyənlərin ən çox yol verdiyi səhvlər hansılardır?

— Ən çox rast gəldiyim səhvlərdən biri səbirsizlikdir. Bəzi tələbələr düşünürlər ki, kursa yazıldıqdan sonra qısa müddət ərzində ingilis dilində mükəmməl danışmalıdırlar. Halbuki dil öyrənmək mərhələli və davamlı prosesdir.

Digər geniş yayılmış səhvlər sözləri yalnız əzbərləmək, danışmaqdan çəkinmək və ana dilindən sözbəsöz tərcümə etməyə çalışmaqdır. İngilis dilini öyrənmək üçün müntəzəm məşq, səbir və praktika vacibdir. Əsas məqsəd yalnız qrammatik qaydaları bilmək deyil, həmin bilikləri gündəlik ünsiyyətdə tətbiq edə bilməkdir.

Mən tələbələrə səhv etməkdən qorxmamağı tövsiyə edirəm. Çünki dil öyrənərkən danışmaqdan çəkinmək inkişafı ləngidir. Nə qədər çox məşq etsək, özümüzü bir o qədər rahat ifadə edə bilərik.

— “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Cümləsini özünüz necə tamamlayardınız?

— Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, bir gün bu qədər tələbə tərəfindən sevilib seçilərəm. Düşünürəm ki, müəllim üçün bundan böyük dəyərlərdən biri yoxdur. İnsanların məhz sizin tədris metodunuza, yanaşmanıza və əməyinizə güvənərək sizi seçməsi böyük məsuliyyət olmaqla yanaşı, həm də qürur və motivasiya mənbəyidir.

Bu gün ən böyük arzularımdan biri daha çox insana faydalı olmaq, bilik və təcrübəmi bölüşmək, qazandığım etimadı doğrultmaqdır. Mənim üçün hər bir şagirdin uğuru, inkişafı və öyrənməyə olan marağı çəkdiyim zəhmətin ən gözəl nəticəsidir.

Sonda qeyd edək ki, müəllimlik səbir, sevgi, davamlı inkişaf və böyük məsuliyyət tələb edən müqəddəs peşələrdəndir. Zöhrə xanımın yanaşmasında da bu peşənin əsas dəyərləri — fərdi yanaşma, qarşılıqlı hörmət və şagirdin potensialına inam ön plana çıxır. Ona pedaqoji fəaliyyətində yeni uğurlar, daha çox şagirdin həyatına müsbət təsir göstərmək və gələcək hədəflərinə çatmaq arzulayırıq.

Məşvərət və Əlaqə:

Pedaqoq Zöhrə İbrahimova ilə əlaqə saxlamaq üçün əlaqə nömrəsi: (+99470) 863 77 58

728×90
Paylaş: