Oğurluqla gələn şöhrət: Da Vinçinin əsəri necə dünyanın ən məşhur tablosuna çevrildi?

Faktum.az xəbər verir ki, Leonardo da Vinçinin XVI əsrin əvvəllərində çəkdiyi “Mona Liza” (Luvr muzeyindəki adı ilə La Gioconda) əsəri əsrlər boyu sənətşünaslar tərəfindən yüksək qiymətləndirilsə də, geniş kütlələr üçün sıradan bir intibah dövrü portreti idi. Bu tablonu dünyanın ən məşhur, ən çox ziyarət edilən və ən bahalı sənət əsərinə çevirən amil onun texnikasından daha çox, 1911-ci ildə baş verən sensasion bir oğurluq və onun ətrafında qurulan “əsr dələduzluğu” oldu.
1911-ci il avqustun 21-də Luvr muzeyində bənna işləyən italyan Vinçenzo Peruca tablonu paltarının altında gizlədərək muzeydən çıxardı. O vaxta qədər portretin hətta xüsusi mühafizəsi də yox idi. Oğurluq mətbuatda böyük rezonans doğurdu; günlərlə qəzetlərin birinci səhifəsində tablonun şəkilləri çap olundu, polis hər yeri axtardı, hətta məşhur rəssam Pablo Pikasso da şübhəli şəxs kimi saxlanılıb dindirildi. İnsanlar Luvra tablonu görməyə deyil, onun divsardakı boş qalan yerinə baxmağa axışdılar. “Mona Liza” bir gecədə qlobal pop-mədəniyyət ikonasına çevrildi.
Bununla belə, pərdəarxası məqamlar daha böyük bir fırıldağın göstəricisi idi. İddialara görə, bu işin arxasında duran argentinalı kolleksiyaçı Eduardo de Valfierno tablonun hələ oğurlanmazdan əvvəl saxta kopyalarını düzəltdirmişdi. O, “Mona Liza”nın oğurlandığı xəbərini qəzetlərdə tirajlayaraq, əsl tablonun onda olduğunu iddia etdi və eyni vaxtda 6 fərqli amerikalı zənginə tablonun saxta kopyalarını fantastik məbləğlərə satdı. Orijinal tablo isə 2 il boyunca Perucanın evində, bir taxta sandıqda qaldı.
1913-cü ildə Peruca tablonu İtaliyada bir sənət dilerinə satmaq istəyərkən yaxalandı. Tablo təntənəli şəkildə Luvra qaytarıldı, lakin artıq o, sadəcə Da Vinçinin əsəri deyil, bütün dünyanın tanıdığı, ətrafında əfsanələr toxunan bir fenomene çevrilmişdi. Məhz bu oğurluq və onunla bağlı manipulyasiyalar “Mona Liza”nı toxunulmaz və qiymətsiz incəsənət zirvəsinə ucaltdı.
