Qərbi Azərbaycanda mədəni irsin dağıdılması

Qərbi Azərbaycanda mədəni irsin dağıdılması.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda gedən bərpa və yenidənqurma prosesləri, eləcə də mədəni irsin qorunması istiqamətində görülən işlərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə səfərlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi-mədəni irsin vəziyyəti, dağıntıların miqyası və aparılan bərpa işləri ilə bağlı diplomatik nümayəndələrin birbaşa müşahidələr əldə etməsinə imkan yaradır. Bununla yanaşı, sözügedən səfərə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar regionda tarixi və mədəni irslə bağlı mübahisələrin hələ də siyasi manipulyasiya predmetinə çevrildiyini göstərir.
Bu kontekstdə diqqət yalnız Qarabağdakı mədəni irs məsələsinə deyil, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin taleyinə də yönəldilməlidir. Mədəni irsin qorunması universal prinsipdir və bu prinsip etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün xalqların tarixi yaddaşına hörməti nəzərdə tutur. Tarixi abidələrin, ibadət yerlərinin, qəbiristanlıqların və yaşayış məskənlərinin məqsədli şəkildə məhv edilməsi yalnız maddi irsin itirilməsi deyil, eyni zamanda bir xalqın tarixi yaddaşının və mədəni kimliyinin izlərinin silinməsi təhlükəsini yaradır.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar
dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənistan tərəfinin
Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının
indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o
cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud
şəkildə pozulmasıdır.
Məsələyə beynəlxalq hüquq və mədəni irsin qorunması prinsipləri prizmasından yanaşılması xüsusilə vacibdir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair əsas beynəlxalq sənədlərdən biridir. Bu baxımdan tarixi-mədəni obyektlərin qorunması, onların qəsdən dağıdılmasının qarşısının alınması və gələcək nəsillərə çatdırılması dövlətlərin üzərinə mühüm məsuliyyət qoyur.
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə verilən reaksiyalar fonunda əsas məsələ tarixi faktların siyasi ritorika ilə kölgədə qoyulmaması, mədəni irsin qorunmasının qarşılıqlı ittihamlar müstəvisindən çıxarılaraq beynəlxalq standartlar əsasında qiymətləndirilməsidir. Regionda davamlı sülhün və etimadın formalaşması üçün bütün tərəflərin mədəni irsə münasibətdə eyni prinsipləri qəbul etməsi vacibdir. Tarixin saxtalaşdırılması və mədəni irsin mənimsənilməsi deyil, mövcud irsin sənədləşdirilməsi, qorunması və obyektiv şəkildə öyrənilməsi gələcək nəsillər qarşısında ortaq məsuliyyət olmalıdır.
Qərbi Azərbaycanda Azərbaycan xalqının tarixi-mədəni irsinin taleyi bu baxımdan yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmalı olan mühüm humanitar məsələdir. Mədəni irsə qarşı hər hansı vandalizm aktının siyasi mənsubiyyətindən asılı olmayaraq pislənməsi və belə halların obyektiv şəkildə araşdırılması regionda tarixi ədalətin və qarşılıqlı hörmətin bərqərar olunmasına xidmət edə bilər.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru
