İşğaldan azad olunan torpaqlar Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrildi

İşğaldan azad olunan torpaqlar Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrildi
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı ölkəmizin müasir tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. 44 gün davam edən Vətən müharibəsi yalnız hərbi əməliyyatlar silsiləsi deyil, uzun illər işğal altında qalan torpaqların azadlığı uğrunda aparılan mübarizənin nəticəsi kimi tarixə düşdü. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi yüksək peşəkarlıq, qəhrəmanlıq və əzmkarlıq nəticəsində işğalçı qüvvələrin müdafiə xətləri yarıldı, strateji yüksəkliklər və yaşayış məntəqələri bir-birinin ardınca azad edildi.
Noyabrın 9-dək aparılan hərbi əməliyyatlar nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndin azad edilməsi ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticə oldu. Cəbrayıl şəhəri və rayonun 90 kəndinin, Füzuli şəhəri və 53 kəndinin, Zəngilan şəhəri, Mincivan, Ağbənd və Bartaz qəsəbələri ilə yanaşı 52 kəndin azad edilməsi Azərbaycan Ordusunun sürətli irəliləyişinin miqyasını göstərirdi.
Hadrut qəsəbəsinin və Xocavənd rayonunun 35 kəndinin, Qubadlı şəhəri və 41 kəndin, Xocalı rayonunun 9 kəndinin, Tərtər rayonunun 3 kəndinin azad olunması da döyüş əməliyyatlarının mühüm mərhələlərindən oldu. Lakin Zəfərin zirvə nöqtəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə bağlı oldu. Azərbaycanın mədəniyyət paytaxtının azadlığı həm hərbi, həm də mənəvi-siyasi baxımdan xüsusi əhəmiyyət daşıdı.
Müharibə zamanı Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklərin, Zəngilan ərazisində Bartaz, Sığırt və Şükürataz yüksəkliklərinin, eləcə də digər mühüm mövqelərin nəzarətə götürülməsi Ordumuzun əməliyyat imkanlarını daha da genişləndirdi. Hər bir azad edilmiş kənd, şəhər və yüksəklik Azərbaycanın illərlə gözlədiyi qələbənin növbəti səhifəsinə çevrildi.
44 günlük Vətən müharibəsinin nəticələri göstərdi ki, torpaqların azadlığı təkcə hərbi güclə deyil, milli iradə, dövlətçilik əzmi və xalq-ordu birliyi ilə əldə olunur. Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun həlledici mərhələsi oldu. İşğaldan azad edilmiş ərazilərdə bu gün həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri isə hərbi Qələbənin sülh və inkişaf mərhələsinə keçidini nümayiş etdirir.
Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yalnız qalibiyyət tarixi kimi deyil, milli iradənin, dövlət gücünün və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin təcəssümü kimi yaşayacaq. İşğaldan azad edilən hər bir yaşayış məntəqəsi və strateji yüksəklik bu tarixi Zəfərin canlı salnaməsinin bir parçasıdır.
Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini
