Gələcəyin pilotu Nəcəfxan Alışov: “Səmaları fəth etmək mənim ən böyük arzumdur”

Təhsildə əlaçı, idmanda çempion, heyvansevər və böyük xəyalları olan 9 yaşlı məktəblinin ilhamverici uğur hekayəsi…
SİMURQ Liseyinin 4-cü sinif şagirdi Nəcəfxan Alışov həm dərs əlaçısı, həm uğurlu idmançı, həm də nümunəvi bir uşaq kimi hər kəsin sevgisini qazanıb. İntizamı, çevikliyi və böyük arzuları ilə yaşıdlarından seçilən Nəcəfxanla səmimi xatirələrini, gələcək hədəflərini və xəyallarını bölüşdüyü yazını oxuculara təqdim edirik.
Mən, Nəcəfxan Alışov Nazim oğlu, 9 oktyabr 2017-ci ildə anadan olmuşam. Uşaqlıqdan idmana böyük həvəsim olub. Hələ 5 yaşımda üzgüçülüklə, 6 yaşımda isə basketbolla məşğul olmağa başlamışam. İdman mənə həm güclü və çevik olmağı, həm də qarşıma qoyduğum məqsədlərə inamla çatmağı öyrədib.
Hazırda SİMURQ Liseyinin 4-cü sinfində oxuyuram. Dərslərimi çox sevirəm və əla qiymətlərlə oxuyuram. Mən öz istedadımı və bacarıqlarımı kəşf etməyimdə Sima müəlliməmə çox şey borcluyam. Onun mənə olan inamı sayəsində mən də özümə inanmağa başladım. Əvvəllər əlaçı ola biləcəyimi düşünmürdüm, amma Sima müəllimənin dəstəyi və əzmi sayəsində dərslərimdə böyük uğurlar qazandım. Buna görə ona hər zaman minnətdar olacağam.
Dərslərimlə yanaşı, idmanda da bir çox nailiyyətlərim var. Üzgüçülük yarışlarında dəfələrlə medal qazanmışam və bu gün də yarışlarda iştirak etməyə davam edirəm. Basketbolda isə komandamın ən yaxşı hücumçularından biriyəm. Cəldliyim və çevikliyim mənə meydanda üstünlük qazandırır. Komanda yoldaşlarımın və müəllimlərimin mənə inanması mənə daha böyük həvəslə çalışmağa güc verir.
Mən gələcəkdə həm dərslərimdə, həm də idmanda daha böyük uğurlar qazanmaq istəyirəm. Qarşıma böyük məqsədlər qoymuşam və bilirəm ki, bunun üçün çox çalışmalıyam.
Böyüyəndə atam kimi pilot olmaq istəyirəm. Dünyanın müxtəlif ölkələrini görmək, yeni insanlar və mədəniyyətlərlə tanış olmaq, ən əsası isə səmaları fəth etmək mənim ən böyük arzularımdandır. Mənim üçün göylərdə uçmaq sadəcə bir peşə deyil, böyük bir xəyalın gerçəkləşməsidir.
Dil öyrənməyə də böyük marağım var. Liseyimizdə keçirilən Cambridge dərslərində fəal iştirak edirəm. Xüsusilə Math dərsini çox sevirəm və bu dərsdə özümü daha həvəslə sınayıram.
Mən heyvanları da çox sevirəm. Bir it və iki pişiyə sahibəm. Onlara böyük sevgi və qayğı ilə qulluq edirəm. Boş vaxtım olan kimi onlarla oynayır, qayğılarına qalır və onların yanında vaxt keçirməkdən zövq alıram. Məncə, heyvanlara sevgi göstərmək insana mərhəmətli və qayğıkeş olmağı öyrədir.
Mənim ən böyük arzum həm savadlı, həm güclü, həm də yaxşı insan olmaqdır. İnanıram ki, qarşıma qoyduğum məqsədlərə çatmaq üçün əlimdən gələni etsəm, gələcəkdə arzularımı bir-bir həyata keçirə bilərəm. Səmaları fəth etmək, yeni ölkələr kəşf etmək, idmanda və təhsildə uğurlar qazanmaq mənim gələcəyə doğru ən böyük addımlarımdır.
Redaksiyadan: İradəsi, əzmi və merhəmətli qəlbi ilə hər birimizə nümunə olan balaca Nəcəfxanı təbrik edir, ona təhsilində, idman yarışlarında və gələcəkdə mütləq reallaşacağına inandığımız pilotluq xəyalında böyük uğurlar arzulayırıq! İnanırıq ki, onun adı tezliklə daha böyük zirvələrdən və səmələrdən eşidiləcək.

