Sevindik Hətəmov da “MM İnşaat Group”u seçdi – Hacıqabulun 85 min manatlıq “dərdi”…

Faktum.az: Hacıqabul Rayon İcra Hakimiyyəti “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Şirkət qurumun Hacıqabul şəhərində abadlıq işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi olub.
Abadlıq işlərinə görə şirkətə 85 275,06 manat ödəniləcək.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən, “MM İnşaat Group” MMC tenderlərdə fəal iştirak edir. Şirkət 2024–2026-cı illərdə 2 127 554,64 manatlıq sifariş alıb. Bununla belə, açıq mənbələrdə şirkət haqqında məlumatlar məhduddur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “MM İnşaat Group” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-dir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.
Mirkamal Ağayev haqqında ictimaiyyət üçün açıq olan resurslarda hər hansı məlumata rast gəlinmir.
Yeri gəlmişkən, Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulub. Müqavilənin maliyyə dəyəri 53 586,28 manat təşkil edib.
Həmin vaxt rayonun icra başçısı Rüstəm Xəlilov olub. Hazırda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.
Sevindik Hətəmovun icra başçısı kimi karyerası 2012-ci ildən başlayır. O, həmin il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2016-cı ildə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 il orada çalışdıqdan sonra Hacıqabul rayonunun rəhbərliyinə gətirilib.(Qaynarinfo)
