Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Anım Günü – tarixi Zəfərə aparan yolun başlanğıcı

25 Sentyabr 2026, 15:51 Cəmiyyət
728×90

Azərbaycan xalqının milli yaddaşında elə tarixlər var ki, onlar yalnız təqvimdə müəyyən günləri deyil, bütöv bir xalqın taleyini, mübarizəsini, qəhrəmanlığını və tarixi qələbəsini özündə əks etdirir. 27 Sentyabr – Anım Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi, onlara dövlət səviyyəsində göstərilən yüksək ehtiramın təcəssümüdür.

 

Uzun illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanılması, vaxtilə həmin ərazilərdə yaşamış soydaşlarımızın öz doğma yurd-yuvalarını tərk etməyə məcbur qalmasına, xalqımıza məxsus tarixi-mədəni irsin və abidələrin dağıdılmasına, yaşayış məntəqələrinin viran edilməsinə səbəb olmuşdur. İşğal nəticəsində bir milyon insan doğma torpaqlarından didərgin düşmüş, onların fundamental, o cümlədən təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarında yaşamaq hüquqları pozulmuşdur. Bu illər ərzində beyəlxalq hüququn normalarının tapdanılması ilə bərabər Ermənistan tərəfindən dəfələrlə ölkəmizə qarşı hərbi təxribatların baş verməsi vəziyyəti daha da gərginləşdirmişdir.

2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə Azərbaycan mövqelərinin, o cümlədən yaşayış məntəqələrinin atəşə tutulması Azərbaycan Ordusunun ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına keçməsinə səbəb oldu, beləliklə Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrilən Vətən müharibəsi başlandı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün davam edən haqq savaşımızda Azərbaycan xalqının və dövlətinin qarşısında dayanan tarixi vəzifəni layiqincə yerinə yetirərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu şanlı Zəfər təkcə hərbi gücün nəticəsi deyil, eyni zamanda Azərbaycan xalqının həmrəyliyinin, dövlətə və orduya dəstəyinin, milli birlik, həmçinin yüksək vətənpərvərlik ruhunun təcəllisi idi. Azərbaycan əsgəri döyüş meydanında, Azərbaycan xalqı isə arxa cəbhədə öz iradəsini və əzmini nümayiş etdirərək, dəmir yumruq ətrafında sıx birləşib düşmənə ağır zərbələr endirdi. Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək əzmini, xalqımızın milli iradəsini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, müqəddəs missiya uğrunda savaş, əsgər və zabitlərimizin misilsiz şücaəti xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bu Zəfərin əldə olunması vətən uğrunda canından keçən şəhidlərimizin həyatını və mübarizəsini tariximizin ayrılmaz hissəsinə çevirdi.

27 Sentyabr – Anım Günü şəhidlərimizin keçdiyi şərəfli yolu xatırlamaq, onların ailələrinin yaşadığı ağrı və itkilərin qiymətini unutmamaq baxımından mühüm mənəvi əhəmiyyət daşıyır. Bu gün gənc nəslə vətənə sədaqət, milli birlik, dövlətçilik dəyərlərinin aşılanmasına, Azərbaycanın müstəqilliyi və suverenliyinin qorunmasının vacibliyinin vurğulanmasına xidmət edir. Şəhidlərimizin ruhuna ehtiram göstərməklə yanaşı, onların uğrunda can verdikləri bütöv və suveren Azərbaycanın inkişafına töhfə verməyin məsuliyyətini də dərk edirik. Bu baxımdan 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur hisslərini birləşdirən mühüm gündür. Hüzn ona görə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda minlərlə qəhrəmanımız canından keçib, qürur ona görə ki, onların fədakarlığı nəticəsində xalqımız tarixi torpaqlarına qovuşub və dövlətimizin suverenliyi təmin olunub. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, göstərdikləri misilsiz fədakarlıq isə gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.

Bizə tarixi Zəfər, şanlı qələbə sevincini bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə isə can sağlığı diləyirik.

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

728×90
Paylaş: