Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Fəlakət boşananda başlamır…

25 Sentyabr 2026, 14:00 Cəmiyyət
728×90

Təcrübəmdə eyni ailənin boşanmaq üçün 3–4 dəfə mediasiyaya və ya məhkəməyə müraciət edib, sonradan fikrini dəyişərək ailəsini davam etdirdiyi halları görmüşəm.
Hətta üç dəfə boşanıb, üç dəfə yenidən bir-biri ilə ailə quran cütlüyün də şahidi olmuşam.
Bütün bunlar mənə bir şeyi göstərib:
Fəlakət ailə boşananda başlamır.
Bəzən fəlakət, gələcəkdə dağılacaq ailənin təməli qoyulanda artıq başlayır.
Ailə həyatına hazır olmadan evlənməyin.
Ailənin yalnız sevgi deyil, həm də məsuliyyət, səbir, güzəşt və öhdəlik olduğunu anlamadan evlənməyin.
Bir-birinizi kifayət qədər tanımadan ailə qurmağa tələsməyin.
Qızınızı ailə həyatına hazır olmadan ərə verməyə tələsməyin.
Oğlunuz ailənin mənəvi və maddi məsuliyyətini daşımağa hazır deyilsə, onu evləndirməyə tələsməyin.
Başqalarından geri qalmamaq naminə borca girib, bir-birinizlə bəhsə toy etməyin. Toy bir gündür, ailə isə illərlə davam edəcək həyatdır.
Təcrübədə başqa bir ağrılı mənzərəni də tez-tez görürəm: bir ailədə qız boşanır, bir müddət sonra oğulun ailəsi dağılır. Ananın öz ailə münasibətlərində yaşadığı problemlər sonradan qızının, bəzən isə növbəti nəslin ailə həyatında başqa formada təkrarlanır.
Əlbəttə, hər boşanmanın səbəbi eyni deyil və heç kimin ailə taleyini digərinin həyatı ilə izah etmək olmaz. Amma ailə münasibətinə, məsuliyyətə və münaqişənin həllinə yanaşma nəsildən-nəslə ötürülə bilər.
Məncə, əsl düşünməli olduğumuz məsələ budur.
Boşanmış insanı qınamaq yox, sağlam ailənin təməlini ailə qurulmamışdan əvvəl yaratmaq lazımdır.
Çünki nikah şəhadətnaməsi ailə yaratmır.
Ailəni iki insanın buna hazır olması yaradır.

Zaur Quliyev
Hüquqşünas | Mediator

728×90
Paylaş: