Həm dadlı, həm də şəfalı: Şaftalının bilinməyən faydaları və maraqlı faktlar

Faktum.az xəbər verir ki, avqust ayının ən sevilən və şirəli meyvələrindən biri olan şaftalı yalnız bənzərsiz dadı ilə deyil, həm də zəngin vitamin tərkibi ilə orqanizm üçün əvəzsiz bir mənbədir.
Mənşəyi qədim Çinə dayanan bu meyvə şərq mədəniyyətində “uzunömürlük və gənclik rəmzi” hesab olunur. Tərkibindəki A, C, E, K vitaminləri, eləcə də kalium, lif və antioksidantlar şaftalını sağlamlıq baxımından xüsusilə dəyərli edir.
Şaftalının tərkibindəki yüksək C vitamini immunitet sistemini gücləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Bol lifli strukturu həzm sisteminin fəaliyyətini tənzimləyir, bağısaq problemlərinin və qəbizliyin qarşısını almağa kömək edir.
Tərkibindəki kalium qan təzyiqini normada saxlamağa və ürək-damar sisteminin yükünü azaltmağa fayda verir. Eyni zamanda, şaftalının tərkibindəki antioksidantlar və A vitamini dərinin nəmlənməsini təmin edir, hüceyrələrin yenilənməsini sürətləndirir və dərini vaxtından əvvəl qocalmaqdan qoruyur.
Aşağı kalorili və yüksək su tərkibli olması şaftalını pəhriz saxlayanlar üçün ideal meyvəyə çevirir. Təbii şəkər ehtiyacını ödəyərkən uzunmüddətli toxluq hiss yaradır.
Mütəxəssislər mövsümündə tərəvəz və meyvələri təzə halda istehlak etməyi, şaftalının vitamin dəyərini itirməməsi üçün qabığı ilə birgə (yaxşıca yuduqdan sonra) yeməyi tövsiyə edirlər.
