Yolun hər iki tərəfi zəbt olunub – Qanunsuz ticarət və vergidən yayınma faktları!

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən “Möcüzə” marketin fəaliyyəti ətrafında yaşanan özbaşınalıqlar sakinlərin və sürücülərin kəskin narazılığına səbəb olur.
Faktum.az – ın məlumatına görə obyekt rəhbərliyi yalnız bir tərəfi deyil, yolun hər iki tərəfini faktiki olaraq zəbt edərək piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tamamilə iflic edib.
Ərazidən çəkilmiş görüntülərdən aydın olur ki, marketin meyvə-tərəvəz stendləri, kölgəlikləri, ticarət konteynerləri və yeşikləri ictimai istifadədə olan piyada səkilərinin, hətta piyada keçidinin (zebranın) tən ortasında yerləşdirilib. Piyadalar səki ilə hərəkət edə bilmədiyindən, həyatlarını təhlükəyə ataraq hərəkətdə olan avtomobil yoluna çıxmağa məcbur qalırlar. Bununla yanaşı, obyektdən çıxan onlarla böyük tullantı torbasının və boş yeşiklərin yol kənarına qalaqlanması ərazini antisanitar vəziyyətə salıb.
Məhsulların birbaşa yol kənarında, toz-torpaq və egzoz qazlarının içində satılması isə qida təhlükəsizliyi qaydalarının kobud şəkildə tapdanmasıdır.
Məsələnin digər bir qanunsuz tərəfi isə maliyyə və vergi pozuntuları ilə bağlıdır. Alıcılara təqdim olunan ödəniş qəbzləri rəsmi fiskal çek anlayışına cavab vermir və sırf formal xarakter daşıyır.

Təqdim olunan fotofaktdan da göründüyü kimi, qəbzdə marketin rəsmi adı, ünvanı, VÖEN-i, obyekt kodu və Dövlət Vergi Xidmətinin tələb etdiyi fiskal rekvizitlər (QR kod, NKA çek nömrəsi) ümumiyyətlə əks olunmayıb. Kassa kağızında sadəcə ümumi “Market” sözü yazılıb. Bu isə dövriyyənin gizlədilməsinə və vergidən yayınmaya açıq-aşkar zəmin yaradır.
Mövcud mənzərə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Sabunçu Rayon İcra Hakimiyyətinin və Yol polisinin sözügedən məkanda təcili yoxlamalar aparmasını və qanunsuzluqların aradan qaldırılmasını tələb edir.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Faktum.az
