Gecənin qorxulu kabusu: Yuxu iflicinin (qarabasma) tibbi izahı və xalq inancları

Faktum.az xəbər verir ki, əsrlər boyu müxtəlif mədəniyyətlərdə paranormal hadisə, cin və ya pis ruhların hücumu kimi qəbul edilən “qarabasma”, əslində tibbi ədəbiyyatda yuxu iflici (sleep paralysis) adı ilə tanınan tamamilə fiziki və neyroloji bir vəziyyətdir.
İnsanın oyandıqda və ya yuxuya gedərkən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər hərəkət edə və ya danışa bilməməsi ilə müşayiət olunan bu hal, əksər vaxt sinədə ağırlıq hissi, boğulma və otaqda yad bir varlığın olması kimi qorxulu hallüsinasiyalarla müşayiət olunur. Tibbi baxımdan bu proses yuxunun REM (sürətli göz hərəkətləri) fazasındakı fəaliyyətlə beynin oyanıqlıq halı arasındakı sinxronun pozulması ilə izah olunur. REM fazasında beyin yuxuda gördüyümüz hərəkətləri reallıqda etməyək deyə əzələləri müvəqqəti olaraq paraliz edir (atoniya); lakin insan beyni bu fazadan anidən ayıldıqda əzələlərin “iflic” halı bir qədər dəvam edir və insan şüurlu şəkildə oyaq olsa da, bədəninə hökm edə bilmir.
Yuxusuzluq, nizamsız yuxu rejimi, kronik stress və arxası üstə yatmaq kimi amillərin tətiklədiyi bu təbii neyroloji hal, tibbi izahının olmadığı qədim dövrlərdə xalq inanclarında “qarabasma”, “albasdı” və ya “gecə cadugəri” kimi mistik fiqurlarla əlaqələndirilmiş və insanın üzərinə çökmüş bəd ruh kimi xarakterizə edilmişdir.
