Vergi Məcəlləsinin 16-cı Maddəsinin İzahı: Vergi Ödəyicisinin Vəzifələri

Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi ödəyiciləri ilə dövlət orqanları arasındakı münasibətləri tənzimləyən əsas hüquqi bazadır. Məcəllənin 15-ci maddəsi vergi ödəyicisinin dövlət tərəfindən qorunan hüquqlarını, 16-cı maddəsi isə onun qanunla müəyyən edilmiş məcburi vəzifələrini müəyyən edir.
Faktum.az xəbər verir ki, Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən, vergi ödəyiciləri vergi orqanlarından qüvvədə olan vergilər və qanunvericiliyin tətbiqi barədə pulsuz yazılı məlumat və izahat almaq, müəyyən olunmuş vergi güzəştlərindən yararlanmaq, artıq ödənilmiş vergilərin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda, vergi ödəyiciləri yoxlama aktları və qərarların surətini almaq, onlara dair öz rəyini bildirmək, vergi orqanlarının qanunsuz qərarlarından və ya vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət etmək, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, eləcə də kommersiya və vergi sirrinin qorunmasını tələb etmək kimi geniş imkanlara sahibdir.
Vergi Məcəlləsinin 16-cı maddəsi isə vergi ödəyicisinin dövlət qarşısındakı öhdəliklərini əhatə edir. Bu maddəyə əsasən, vergi ödəyicisi vergiləri, faizləri və maliyyə sanksiyalarını vaxtında ödəməli, vergi orqanında uçota alınaraq VÖEN almalı, gəlir və xərclərin mühasibat uçotunu qanunvericiliyə uyğun aparmalıdır. Pərakəndə ticarət, ictimai iaşə və xidmət sahələrində real vaxt rejimində işləyən nəzarət-kassa aparatlarından (NKA) və POS-terminallardan istifadə olunması, mal və xidmət təqdim edildikdə elektron qaimə-faktura (EQF) və ya alış aktlarının tərtib edilməsi məcburidir. Fəaliyyət dayandırıldıqda və ya təsərrüfat subyektlərində dəyişiklik olduqda vergi orqanına müvafiq arayışlar təqdim edilməli, gömrük nəzarətindən çıxan malların saxlanacağı yerlər barədə öncədən elektron məlumat verilməlidir.
