Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Alimentin indeksasiyası, yoxsa artırılması: düzgün seçim uşağın alacağı məbləği dəyişir

22 Sentyabr 2026, 09:15 Gündəm
728×90

Nümunə üzərində izah:
2019-cu ilin sentyabrında məhkəmə qətnaməsi ilə hər uşağın saxlanılması üçün aylıq 130 manat aliment müəyyən edilib. Aradan yeddi il keçib. Qiymətlər, əməkhaqqı və uşağın saxlanılması xərcləri artıb. Belə halda hansı müraciət edilməlidir: alimentin indeksasiyası, yoxsa alimentin artırılması?

İlk baxışdan bu iki tələb eyni nəticəyə xidmət edir. Əslində isə onların hüquqi əsasları və doğurduğu nəticələr tamamilə fərqlidir.

2019-cu ildə vəziyyət necə idi?

2019-cu ilin sentyabrında Azərbaycanda minimum aylıq əməkhaqqı 250 manat idi. Həmin il uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edilmişdi.

Burada “yaşayış minimumu” ilə “istehlak səbəti” arasındakı fərqi də nəzərə almaq lazımdır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyədə təmin edilməsi üçün zəruri olan ərzaq məhsullarını, qeyri-ərzaq mallarını və xidmətləri əhatə edir. Yaşayış minimumu isə həmin səbətin dəyər ifadəsi və nəzərə alınan məcburi ödənişlər əsasında müəyyən edilir.

Deməli, 2019-cu ildə uşaqlar üçün müəyyən edilmiş 160 manat uşağın bütün real ehtiyaclarını deyil, qanunvericiliklə qəbul olunmuş minimum təminat göstəricisini ifadə edirdi.

Həmin dövrdə hər uşağa təyin edilmiş 130 manat aliment uşaqlar üçün yaşayış minimumunun təxminən 81 faizini təşkil edirdi:

130 ÷ 160 × 100 = 81,25 faiz

Başqa sözlə, aliment təyin edilən vaxtda belə 130 manat uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan 30 manat az idi.

2026-cı ildə vəziyyət necədir?

2026-cı ildə minimum aylıq əməkhaqqı 400 manat, uşaqlar üçün yaşayış minimumu isə 260 manatdır.

Beləliklə, 2019-cu ilin sentyabrından 2026-cı ilə qədər:

– minimum əməkhaqqı 250 manatdan 400 manata yüksəlib — artım 60 faizdir;
– uşaqlar üçün yaşayış minimumu 160 manatdan 260 manata yüksəlib — artım 62,5 faizdir;
– uşağın yaşayış minimumu üzrə nominal artım 100 manat təşkil edib.

Bu rəqəmlər göstərir ki, 2019-cu ildə müəyyən edilmiş 130 manat alimentin dəyişdirilmədən saxlanılması artıq həmin dövrün sosial-iqtisadi vəziyyətinə də uyğun gəlmir.

İndeksasiya tətbiq edilsə, aliment nə qədər olar?

Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən, sabit pul məbləğində müəyyən edilmiş aliment minimum əməkhaqqının artımına mütənasib şəkildə indeksləşdirilməlidir.

2019-cu ilin sentyabrında minimum əməkhaqqı 250 manat olub. 130 manat həmin məbləğin 0,52 mislini təşkil edir:

130 ÷ 250 = 0,52

2026-cı ildə minimum əməkhaqqı 400 manat olduğuna görə indeksasiya nəticəsində aliment belə hesablanır:

400 × 0,52 = 208 manat

Deməli, yalnız indeksasiya tələb edildiyi halda hər uşağa görə aliment 130 manatdan 208 manata yüksələ bilər.

Lakin 2026-cı ildə uşaqlar üçün yaşayış minimumu 260 manatdır. İndeksasiya nəticəsində alınan 208 manat bu göstəricidən 52 manat azdır:

260 − 208 = 52 manat

Beləliklə, indeksasiya alimenti artırsa da, onu uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna belə çatdırmır.

Niyə indeksasiya həmişə kifayət etmir?

İndeksasiyanın məqsədi uşağın bugünkü real xərclərini yenidən müəyyən etmək deyil. Bu mexanizm əvvəlki məbləğin minimum əməkhaqqının artımına uyğun riyazi şəkildə yenilənməsinə xidmət edir.

İndeksasiya zamanı məhkəmə və ya icranı həyata keçirən qurum ayrıca araşdırmır ki:

– uşağın qida xərcləri nə qədər artıb;
– məktəb və hazırlıq xərcləri nə qədərdir;
– geyim, nəqliyyat və rabitə xərcləri hansı həddə çatıb;
– uşağın müalicə və dərman ehtiyacı varmı;
– əlavə təhsil, idman və inkişaf xərcləri nə qədərdir;
– aliment ödəyən valideynin gəliri və əmlak vəziyyəti necə dəyişib.

İndeksasiya yalnız əvvəlki məbləği mövcud əmsala uyğunlaşdırır. Buna görə də məqsəd alimenti mümkün olan daha yüksək və uşağın real ehtiyaclarına uyğun məbləğə çatdırmaqdırsa, indeksasiya barədə ərizə kifayət etməyə bilər.

Alimentin artırılması nə zaman tələb edilməlidir?

Ailə Məcəlləsinin 112-ci maddəsinə görə, aliment müəyyən edildikdən sonra tərəflərdən birinin maddi və ya ailə vəziyyəti dəyişdikdə məhkəmə müəyyən edilmiş aliment məbləğini dəyişdirə bilər.

2019-cu ildən 2026-cı ilədək uşağın yaşının artması özü ilə yeni xərclər gətirir. Məktəbəqədər yaşda olan uşağın ehtiyacları ilə məktəbli və ya yeniyetmənin ehtiyacları eyni deyil. Uşaq böyüdükcə qida, geyim, təhsil, nəqliyyat, müalicə və sosial inkişaf xərcləri də artır.

Bu halda alimentin artırılması barədə iddiada yalnız ümumi qiymət artımına istinad etmək kifayət deyil. Uşağın faktiki aylıq xərcləri mümkün qədər konkret göstərilməlidir.

Məsələn:

– ərzaq və gündəlik qidalanma;
– mövsümi geyim və ayaqqabı;
– məktəb ləvazimatları və dərsliklər;
– hazırlıq və əlavə məşğələlər;
– nəqliyyat və rabitə;
– dərman və tibbi müayinə;
– idman və inkişaf məşğələləri;
– uşağın yaşına və sağlamlığına uyğun digər zəruri xərclər.

Bu xərclər qəbzlər, müqavilələr, bank ödənişləri, tibbi sənədlər, məktəbdən arayışlar və digər sübutlarla təsdiqləndikdə tələb daha əsaslı olur.

Eyni zamanda aliment ödəyən şəxsin rəsmi əməkhaqqı ilə kifayətlənmək olmaz. Onun digər gəlirləri, sahibkarlıq fəaliyyəti, daşınmaz əmlakı, avtomobili, bank hesabları və faktiki həyat səviyyəsi barədə məlumatların məhkəmə tərəfindən tələb edilməsi üçün vəsatətlər verilməlidir.

Yaşayış minimumu avtomatik aliment məbləği deməkdirmi?

2026-cı ildə uşaqlar üçün yaşayış minimumunun 260 manat olması hər bir aliment işində məhkəmənin avtomatik olaraq məhz 260 manat və ya daha yüksək məbləğ müəyyən edəcəyi demək deyil.

Yaşayış minimumu mühüm sosial və iqtisadi göstəricidir, lakin alimentin artırılması barədə iddia yalnız bu rəqəmə əsaslandırılmamalıdır. Çünki məhkəmə uşağın real ehtiyacları ilə yanaşı, hər iki valideynin maddi və ailə vəziyyətini də qiymətləndirir.

Valideynlərin hər ikisi uşağın saxlanılmasında iştirak etməlidir. Buna görə məhkəmə tələb olunan məbləğin əsaslılığını, aliment ödəyən şəxsin imkanlarını və uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunmasını birlikdə nəzərə alır.

Deməli, “uşaqlar üçün yaşayış minimumu 260 manatdır, aliment də avtomatik 260 manat olmalıdır” yanaşması hüquqi baxımdan tam deyil. Ancaq 260 manatlıq göstərici 208 manat indeksasiya məbləğinin uşağın minimum ehtiyaclarını belə tam qarşılamadığını göstərən mühüm dəlillərdən biri kimi istifadə oluna bilər.

Hansı hüquqi yol daha məqsədəuyğundur?

Əgər məqsəd yalnız 2019-cu ildə təyin edilmiş 130 manatın minimum əməkhaqqının artımına uyğunlaşdırılmasıdırsa, indeksasiya nəticəsində hər uşağa təxminən 208 manat tələb edilə bilər.

Əgər məqsəd alimenti uşağın 2026-cı ildəki real ehtiyaclarına uyğun daha yüksək məbləğə çatdırmaqdırsa, düzgün hüquqi yol alimentin artırılması barədə iddia ərizəsinin verilməsidir.

Belə iddiada:

– 2019-cu ildəki və 2026-cı ildəki sosial göstəricilər müqayisə edilməli;
– uşağın yaşının və ehtiyaclarının dəyişməsi göstərilməli;
– faktiki aylıq xərclər hesablanmalı;
– xərcləri təsdiq edən sənədlər əlavə edilməli;
– cavabdehin gəlir və əmlak vəziyyətinin araşdırılması tələb edilməli;
– hər uşaq üçün əsaslandırılmış konkret aliment məbləği göstərilməlidir.

2019-cu ilin sentyabrında hər uşağa 130 manat aliment müəyyən edilibsə, onun 2026-cı il üzrə indeksasiya edilmiş məbləği təxminən 208 manat edir. Halbuki 2026-cı ildə uşaqlar üçün yaşayış minimumu 260 manatdır.

Bu müqayisə göstərir ki, indeksasiya əvvəlki məbləği müəyyən qədər yeniləsə də, hər zaman uşağın real ehtiyaclarına uyğun nəticə yaratmır.

Hüquqi müraciətin adı sadəcə formal məsələ deyil. Yanlış hüquqi mexanizmin seçilməsi uşağın ala biləcəyi aliment məbləğinin daha aşağı qalmasına səbəb ola bilər.

Ona görə əvvəlcə məqsəd müəyyən edilməlidir: köhnə məbləği riyazi qaydada yeniləmək, yoxsa uşağın bugünkü ehtiyaclarına uyğun yeni aliment məbləği müəyyən etdirmək?

Birinci halda indeksasiya, ikinci halda isə alimentin artırılması barədə iddia daha məqsədəuyğundur.

Hüquqşünas | Mediator  Zaur Quliyev

728×90
Paylaş: