Prezident Ağdərə ilə bağlı proqnoz verdi

“O cümlədən bizim təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi”.
Faktum.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.
“Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq”, – deyə dövlət başçısı qeyd edib.
