Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasının quranları

Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasının quranları.
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları həmin ərazilərdən köçürməyə nail olmaqdan ibarət idi.
1948-1956-cı illərdə öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Keçən əsrin 80-cı illərində meydana atılan «yenidənqurma» və «aşkarlıq» Azərbaycanın DQMV-də milli münaqişə ocağının yenidən alovlanmasına gətirib çıxardı. 1987-ci ilin noyabrında Parisdə Qorbaçovun əlaltılarından olan Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu barədəki bəyanatı ilə başlanmış bu proses Azərbaycan üçün çox mənfi nəticələr verdi.
Ümumiyyətlə götürüldükdə, cəmiyyətdə baş vermiş proseslər SSRİ-nin varlığına son qoyulması ilə nəticələndi.
1991-ci ilin dekabrın 29-da Azərbaycanda ümumxalq referendumu keçirildi, dövlət müstəqilliyinin qəbul olunması yekdilliklə rəsmiləşdirildi və müstəqil Azərbaycan Respublikası təsis olundu. Həmin hadisələrin Azərbaycanın tarixi-siyasi coğrafiyasına da ciddi təsiri oldu. Bir tərəfdən Azərbaycan ərazisi müstəqil Azərbaycan Respublikasının tərkibində birləşdirildisə, digər tərəfdən ərazilərimizə qarşı erməni iddiaları çoxaldı. Rus hərbi hissələri ilə birləşmiş erməni dəstələri ilk vaxtlardan Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Dağlıq Qarabağ və ətraf ərazilər işğala məruz qaldı. Problemin «həlli» üçün görülmüş «tədbirlər» heç bir səmərə vermədi. Rus əsgərlərinin yaxından iştirakı ilə ermənilər yeni-yeni ərazilər zəbt etdilər. Kərkicahan, Malıbəyli, Quşçular, Xocalı kəndlərini zəbt edən ermənilər 1992-ci ilin mayın 8-də Şuşanı ələ keçirdilər. Daha sonra Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olundu. Bu dövrdə Azərbaycan çox ağır günlər yaşadı.
Ruxsarə Eminova- Körpükənd tam orta ümumtəhsil məktəbinin direktoru
