Haqqımızda Reklam Əlaqə
160×600
160×600

RAYONUN İŞĞALDAN AZAD OLUNMASI

17 Oktyabr 2026, 14:31 Cəmiyyət
728×90

RAYONUN İŞĞALDAN AZAD OLUNMASI

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsi kimi yaşayır. 17 oktyabr 2020-ci il məhz belə tarixlərdəndir. Həmin gün Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı, uzun illər doğma yurdunun həsrəti ilə yaşayan minlərlə insanın qəlbində azadlıq ümidini gerçəyə çevirdi. Bu qələbə xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının parlaq təcəssümü oldu.

Füzuli rayonu uzun illər Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşmiş, əhalisi doğma ev-eşiyindən didərgin salınmış, yaşayış məntəqələri dağıntılara məruz qalmışdır. Rayon sakinləri illərlə məcburi köçkün həyatının çətinliklərini yaşasalar da, doğma torpağa qayıtmaq inamını itirməmişlər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni mərhələnin əsasını qoydu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. Döyüş meydanında nümayiş etdirilən yüksək peşəkarlıq, əsgər və zabitlərimizin şücaəti, xalqımızın arxa cəbhədə göstərdiyi həmrəylik qələbəyə aparan yolun əsasını təşkil etdi. Azərbaycan əsgəri hər addımda Vətən sevgisini, dövlətə sədaqətini və torpağın azadlığı uğrunda mübarizə əzmini nümayiş etdirdi.

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu tarixi qələbələr Füzuli torpağında Azərbaycanın üçrəngli bayrağının yenidən dalğalanmasını təmin etməklə yanaşı, illərlə yurd həsrəti çəkən insanların doğma el-obaya qayıdışına yol açdı. Hər azad edilən kənd, hər geri qaytarılan yaşayış məntəqəsi xalqımızın mübarizə əzminin, ordumuzun gücünün və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək əzminin növbəti təsdiqi idi.

Füzuli şəhərinin azad edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, böyük siyasi və mənəvi məna daşıyırdı. Bu qələbə Azərbaycanın öz torpaqlarını azad etmək əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi. Füzulinin azadlığı həm də uzun illər davam edən həsrətin, ağrı-acının və məcburi köçkünlük həyatının sona çatacağına dair inamın möhkəmlənməsi demək idi. Şəhərin azad olunması uğrunda döyüşən hər bir əsgər və zabitin qəhrəmanlığı, Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Bu gün Füzuli yalnız azadlığın deyil, həm də quruculuğun, dirçəlişin və gələcəyə inamın rəmzidir. Vaxtilə doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına qayıtması, yeni evlərin tikilməsi, müasir infrastrukturun yaradılması tarixi Zəfərin real nəticələrini nümayiş etdirir. Füzulinin yenidən qurulması milli iradənin və dövlətçilik əzminin davamıdır. Bu torpaqda ucalan hər bir bina, çəkilən hər bir yol və bərpa olunan hər bir yaşayış məntəqəsi qələbəmizin möhkəmlənən təməlidir.

17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsini xatırladan, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiramımızı ifadə edən və gələcək nəsillərə Vətən sevgisi aşılayan əlamətdar gündür. Bu tarix bir daha sübut edir ki, xalqın birliyi, güclü dövlət və qüdrətli ordu qarşısında heç bir maneə dayana bilməz. Füzulinin azadlığı Azərbaycan tarixində əbədi yaşayacaq, onun qəhrəmanlıq yolu isə gələcək nəsillərə mübarizlik, sədaqət və milli qürur nümunəsi olacaqdır.

Füzuli azadlığı ilə tarix yazdı, qələbəsi ilə xalqımızın qürurunu ucaltdı, dirçəlişi ilə Azərbaycanın gücünü nümayiş etdirdi. Bu torpaqda dalğalanan üçrəngli bayrağımız dövlətimizin suverenliyinin, xalqımızın birliyinin və tarixi Zəfərimizin əbədi rəmzidir!

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru

 

728×90
Paylaş: