Özünüməşğulluq proqramı və ona müraciət qaydaları: Kimlər və necə yararlana bilər?

Faktum.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin kiçik biznesə başlamasına, öz təsərrüfatlarını qurmasına və maddi rifahlarını yaxşılaşdırmasına şərait yaradan mühüm sosial layihədir. Proqram çərçivəsində vətəndaşlara nağd pul deyil, seçdikləri biznes istiqamətinə uyğun avadanlıq, mal və materiallar formasında aktivlər təqdim olunur.
Proqramda iştirak etmək üçün şəxs ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı üzərindən və ya Məşğulluq Mərkəzlərinə, eləcə də “DOST” mərkəzlərinə müraciət edərək resmi işsiz statusu almalıdır. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, şəhid ailələrinə, müharibə veteranlarına, əlilliyi olan şəxslərə və məcburi köçkünlərə proqrama qəbul zamanı prioritet hüquq verilir. Müraciət qeydə alındıqdan sonra namizədlər biznesin idarə edilməsi, büdcə planlaşdırılması və marketinq əsaslarını öyrənmək üçün təlimlərə cəlb olunurlar. Təlim kursunu uğurla bitirən şəxslər öz biznes planlarını müdafiə edirlər.
Biznes planı bəyənilən iştirakçılara 3 il müddətinə müqavilə əsasında istehsal, xidmət və ya kənd təsərrüfatı sahələri üzrə lazımi avadanlıqlar pulsuz (müvəqqəti istifadəyə) təhvil verilir. Monitorinq müddəti olan 3 il ərzində təsərrüfatını uğurla idarə edən və aktivləri təyinatı üzrə işlədən vətəndaşların mülkiyyətinə həmin avadanlıqlar tam olaraq keçirilir. Bu proqram həm fərdi məşğulluğun təmin edilməsi, həm də ölkədə mikro və küçük sahibkarlığın inkişafı baxımından mühüm rol oynayır.
