Ərini öldürüb, özünü əl-əl satdılar

Faktum.az xəbər verir ki, Türkiyə Kommunist Partiyasının qurucusu Mustafa Sübhinin həyat yoldaşı Mariya Sübhi (Məryəm Sübhi) ilə Rusiyada tələbə olduğu zamanlarda tanış olmuşdu. Mariya Sübhi o dövrün Rusiyasında komsomolçular sırasında inqilabi hərəkatda iştirak edirdi. Gələcək həyat yoldaşı Mustafa Sübhi ilə də məhz bu vəsilə ilə qarşılaşmışdı.
Mustafa Sübhi Rusiyada hüquq fakültəsini bitirmiş və kommunist ideologiyasının ardınca gedirdi. 1918-ci ildə Rusiyada sosializmin qələbəsi Mustafa Sübhini və 15 silahdaşını ruhlandırdı. Bəhs olunan dövrdə Türkiyənin taleyi tükdən asılı idi. Belə bir vaxtda Türkiyədə kommunist ideyalarını yaymaq Mustafa Sübhi üçün əlverişli görünürdü.
Bu minvalla o, tərəfdaşları ilə birgə Türkiyəyə gəldi və Kazım Qarabəkir paşa ilə görüşdü. Öncələri paşa Mustafa Sübhini və heyəti isti qarşıladı. Lakin məqsəd heç də Türkiyədə kommunizmin yayılması deyildi. Rəsmi Türkiyənin arxasında Sovet Rusiyası olan heyətə düşmən münasibət göstərməsi ehtiyacı duyduğu sovet silahına və qızılına çıxışını bağlaya bilərdi. Digər tərəfdən isə kommunistlərin Türkiyədə partiya olaraq formalaşması iqtidarda parçalanmaya yol aça bilərdi.
Bunları göz önünə alaraq rəsmi Ankara qeyri-rəsmi şəkildə heyətin Türkiyə ərazisində yerləşməməsi üçün tapşırıq verdi. Onlar Ərzuruma daxil olduqda təhqirlərlə, daşlarla qovuldular. Ardınca Bayburt, Gümüşxanə və Maçka da eyni münasibəti göstərdi. Nəhayət, heyət Trabzona – kəndxuda Yəhyanın yanına göndərildi. Yəhyanın Ənvər paşa ilə yakınlığı var idi.
1921-ci ilin 28 yanvar tarixində Mustafa Sübhi, aralarında həyat yoldaşı Mariya Sübhi də olmaqla, 15 nəfərlə birlikdə Trabzon limanında motorlu qayıqla yola salındı. Yəhyanın tapşırığı ilə heyətin olduğu qayığın ardınca silahlı adamlarla dolu ikinci bir qayıq Qara dənizə açıldı. Gecənin qaranlığında silahlı adamlar, başda Mustafa Sübhi olmaqla, 15 nəfəri qətlə yetirdilər. Mariyanı isə kəndxuda Yəhyaya təslim etdilər.
Mariya kəndxuda Yəhyanın evində günlərlə döyüldü, təcavüzə uğradı və bütün zinət əşyaları soyuldu. Ardınca Trabzonun əşrəfi Nəmlizadə Raqubun villasına aparıldı. Orada da günlərlə təcavüzə uğradı və döyüldü. Yəhya növbəti dəfə qadını Rizeli quldurlara satdı. Rizedə yaşadığı işgəncələrə və təcavüzlərə dözə bilməyən Mariya həyatını itirdi.
Hadisəni öyrənən Sovet Rusiyasının konsulu Trabzonda vətəndaşının zorla saxlanılması səbəbilə Yəhyaya qarşı istintaq işi açdı. Ankara buna daxili işlərinə müdaxilə olaraq etirazını bildirincə, qarşı tərəf geri addım atdı. Çünki 16 mart 1921-ci il tarixində Moskva sazişinin imzalanması gözlənilirdi. Bu səbəblə bir qadının həyatı o qədər də “önəm daşımırdı”.
Yəhya Rusiyanın ittihamından xilas oldu. Türkiyə formal olaraq cinayət işi açdı və o, qısa vaxtda bəraət aldı. Lakin Yəhyaya dövlətin vermədiyi cəzanı başqa bir əl verdi. Sonralar Mustafa Kamal Atatürkün mühafizəsində olacaq İsmayıl Haqqı Təkcə axşamüstü avtomobili ilə gedən Yəhyanı tələyə salıb güllələdi.
Əlbəttə, bu, Mariyaya yaşadılanların önündə çox kiçik bir qisas idi. Mariyaya ən ağır zərbəni öz silahdaşları vurdu: onun başına gələnləri özləri üçün utanc və rüsvayçılıq sayıb susdular. Qarşı tərəf isə Mariyanın faciəsini ideologiyasının cəzası adlandıraraq özünü haqlı çıxarmağa çalışdı.
Mariya Sübhinin həyatı bir daha sübut edir ki, kişi zəkası hansı ideologiyaya xidmət edir-etsin, qadın bədəni üzərində “qurduğu düşüncə” sistemi ilə kişi adını ayaq altına atır. Beləcə, Mariya bir tərəfin qəniməti, digər tərəfin namus ləkəsi oldu, yaşadığı zülm isə göz ardı edildi.

Müəllif: Tərifə Şükürqızı
