“Möcüzə” Marketin “Toxunulmazlığı” və Dövlət Qurumlarının Müəmmalı Sükutu

Qanunların kağız üzərində, “Möcüzə” marketin isə səki üzərində hökm sürdüyü Bakıda dəyişməyən tək şey elə bu ticarət obyektinin özbaşınalığıdır.
Faktum.az xəbər portalı olaraq dəfələrlə sözügedən marketin özünə aid olmayan əraziləri, xüsusən də piyada səkilərini necə rahatlıqla zəbt etməsindən, vətəndaşların və sürücülərin hərəkətini necə iflic vəziyyətinə salmasından, hətta vergidənyayınma əməllərindən detallı şəkildə bəhs etmişik. Amma görünür, bu ölkədə qanunları icra etməli olan qurumlar üçün səkinin zəbt olunması deyil, jurnalistlərin sorğuları daha böyük təhlükə kəsb edir.
~Yolun hər iki tərəfi zəbt olunub – Qanunsuz ticarət və vergidən yayınma faktları!~
Redaksiyamız tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi sorğular ünvanlansa da, cavab əvəzinə dərin bir sükutla qarşılaşdıq.
Görəsən, adıçəkilən qurumlar “Möcüzə” marketin bu “toxunulmazlıq” statusunu hansı xüsusi xidmətlərinə görə tanıyırlar? Bəlkə də aidiyyəti qurumların məsələyə reaksiya verməməsinin səbəbi market rəhbərliyinin piyada səkisini zəbt edərək yaratdığı bu “unikal” hərəkətsizlik mühitini elə adındakı kimi bir şəhərsalma “möcüzəsi” kimi qiymətləndirmələridir. Yoxsa İcra Hakimiyyəti hesab edir ki, piyadaların avtomobil yoluna çıxaraq həyatlarını təhlükəyə atmaları onların gündəlik idman normatividir?
Faktiki olaraq nə sorğularımıza cavab verilir, nə də ərazidəki qanunsuzluq aradan qaldırılır. Bu mənzərə insanda belə bir təəssürat yaradır ki, Sabunçu rayonunda qanunları qurumlar deyil, elə “Möcüzə” marketin rəhbərliyi diktə edir.
