Birləşmiş Millətlər Təşkilatı Günü

Faktum.az xəbər verir ki, 24 oktyabr bütün dünyada Birləşmiş Millətlər Təşkilatı Günü (United Nations Day) kimi qeyd olunur. İkinci Dünya Müharibəsinin gətirdiyi dəhşətli fəlakətlərdən sonra bəşəriyyəti yeni müharibələrdən qorumaq, beynəlxalq sülhü və təhlükəsizliyi bərqərar etmək məqsədilə yaradılan bu qlobal təşkilat 1945-ci il oktyabrın 24-də BMT Nizamnaməsinin rəsmən qüvvəyə minməsi ilə fəaliyyətə başlayıb.
1948-ci ildən etibarən hər il təntənəli şəkildə qeyd olunan bu əlamətdar günün əsas məqsədi xalqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, insan hüquq və azadlıqlarını müdafiə etmək, eləcə də qlobal iqtisadi, sosial və humanitar problemlərin həllində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci il martın 2-də BMT-nin tamhüquqlu üzvü olub. Ölkəmiz ötən illər ərzində təşkilatın universal dəyərlərinə sadiqlik nümayiş etdirərək, qlobal sülhün və dayanıqlı inkişafın təmin olunmasında fəal partner kimi çıxış edir.
