Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! – Aplus Marketdə “endirim oyunu”

23 Oktyabr 2026, 21:31 Sosial
728×90

Endirim elanları alıcını çaşdırır, kassada başqa qiymət çıxır, pulun qaytarılması üçün isə gözləmək lazım gəlir. Bakının Memar Əcəmi ərazisində yerləşən “Aplus” marketdə baş verən hadisə qiymət məlumatlarının düzgün yerləşdirilməsi və müştəri ilə davranış mədəniyyəti ilə bağlı suallar yaradıb.

Faktum.az  KONKRET.az-a istinadən   xəbər verir ki, “Aplus” marketdə endirim elanlarının müvafiq məhsulun olmadığı rəflərdə də saxlanılması alıcının çaşqınlığına səbəb olub.

Belə ki, mağazada “Effective Men” dezodorantının endirimli qiyməti 2,99 manat olduğu halda, qadınlar üçün nəzərdə tutulan “Effective Women” dezodorantı 4,99 manata təklif edilir. Lakin endirim elanlarının bir neçə üst rəfdə də yerləşdirilməsi alıcıda hər iki məhsulun endirimdə olduğu təəssüratını yaradır. Nəticədə müştəri məhsulu endirimli qiymətə almaq niyyəti ilə götürür, kassada isə onun bank kartından 4,99 manat tutulur.

Təqdim olunan foto və videolardan göründüyü kimi, yuxarı sırada qadın dezodorantları, aşağı sırada isə kişi dezodorantları yerləşdirilib. Buna baxmayaraq, endirim elanlarının bir neçə rəfdə saxlanılması alıcılar üçün çaşqınlıq yarada bilər.

Təbii ki, məhsulun üzərindəki adın diqqətlə oxunması alıcının da məsuliyyətidir. Ancaq bu, mağazanın üzərinə düşən öhdəliyi aradan qaldırmır. Qiymət və endirim məlumatları aydın, dəqiq və çaşdırıcı olmayan şəkildə təqdim edilməlidir.

Müştəri məsələ ilə bağlı mağaza administrasiyasına müraciət etdikdə, endirimli məhsulun artıq bitdiyi bildirilib. Lakin təqdim olunan görüntülərdə mübahisə yaranan rəflərdə yalnız qadın dezodorantlarının olduğu görünür. Əgər endirimli məhsul həqiqətən bitibsə, alıcıları çaşdıra biləcək elanlar niyə hələ də həmin rəflərdə saxlanılır?

**Endirimli məhsul bitibsə, elan niyə götürülmür? Qiymət məlumatlarının düzgün yerləşdirilməsinə kim nəzarət edir?**

Müştərinin narazılığını artıran münasibət

Daha ciddi narazılıq isə yaranmış problemin həllinə göstərilən münasibətlə bağlıdır.

Müştərinin sözlərinə görə, anlaşılmazlığa görə üzr istənilməsi və problemin operativ şəkildə həllinə çalışılması əvəzinə, administrator laqeyd və soyuq münasibət sərgiləyib.

İddia olunur ki, administrator müştəriyə belə deyib: “Artıq sizə heç bir izah verməyin önəmi yoxdur. Mən sizə izah etməyə çalışsam da, onsuz da görürəm ki, başa düşmürsünüz”.

Həmçinin alıcıya “Orada ‘Men’ yazıldığını görməlisiniz də” ifadəsinin işləndiyi bildirilir.

Əgər bu ifadələr həqiqətən səsləndirilibsə, burada haqlı sual yaranır: Müştəri xidməti problemi həll etmək üçündür, yoxsa narazılığını bildirən alıcını günahlandırmaq?

Məhsulun üzərindəki yazıya diqqət yetirmək vacibdir. Ancaq alıcının qiymət məlumatlarının yerləşdirilməsindən qaynaqlanan çaşqınlıqla bağlı müraciətinə hörmətlə yanaşmaq da xidmət mədəniyyətinin əsas tələblərindəndir. Müştərinin nəyi başa düşüb-düşmədiyini müzakirə etməkdənsə, yaranmış anlaşılmazlığı aradan qaldırmaq daha məqsədəuyğun olardı.

### Pulun qaytarılması da əlavə vaxt aparıb

Müştərinin sözlərinə görə, məhsulu geri qaytarmaq istədikdə də proses dərhal həyata keçirilməyib. Geri qaytarılma prosedurunun tamamlanması üçün məsul şəxsin gəlməsini təxminən 5–10 dəqiqədən artıq gözləməli olub.

Daha sonra ödənişin bank kartı ilə edildiyi əsas gətirilərək, pulun 14 gün ərzində karta qaytarılacağı bildirilib.

Beləliklə, alıcı əvvəlcə endirim elanına görə yanlış qiymət gözləntisi ilə üzləşib, sonra problemin həlli üçün gözləyib, ardınca isə ödədiyi məbləğin geri qaytarılması üçün günlərlə gözləməli ola biləcəyi barədə məlumat alıb.

Bütün bunların fonunda müştəriyə qarşı laqeyd münasibət göstərildiyi barədə iddia narazılığı daha da artırır.

Burada məsələ təkcə 2 manatlıq qiymət fərqi deyil. Söhbət alıcının vaxtına, puluna və müraciətinə necə yanaşılmasından gedir. Müştəri alış-veriş zamanı aydın qiymət məlumatı görmək, problem yarandıqda isə normal münasibət və operativ həll gözləməkdə haqlıdır.

### Aplus Market rəhbərliyinin mövqeyi nədir?

Endirim elanları bütün alıcılar üçün, o cümlədən yaşlı insanlar üçün də aydın olmalıdır. Mağazanın üzərinə düşən vəzifə müştərinin məhsulun üzərindəki yazını oxuyub-oxumadığını mübahisə predmetinə çevirmək deyil, qiymət məlumatlarını elə yerləşdirməkdir ki, kassada anlaşılmazlıq yaranmasın.

Əgər endirimli məhsul bitibsə, elan vaxtında götürülməli və ya alıcıya yanlış təəssürat yaratmayacaq şəkildə yenilənməlidir. Müştərinin müraciətinə isə ittihamla deyil, izahla və problemin həllinə yönəlmiş münasibətlə cavab verilməlidir.

Əsas sual budur: Aplus Marketdə müştəri məmnuniyyəti nə dərəcədə önəmlidir?

Alıcı qiymət anlaşılmazlığı ilə üzləşirsə, pulunun qaytarılması üçün gözləyirsə və üstəlik, özünü günahkar kimi hiss etdirən münasibətlə qarşılaşırsa, mağaza rəhbərliyi bu vəziyyətə necə qiymət verir?

Müştəri mağazaya alış-veriş etmək üçün gəlir. Əlavə vaxt itirmək, öz pulunun qaytarılmasını gözləmək və narazılığını bildirdiyinə görə xoşagəlməz münasibətlə üzləşmək üçün deyil.

Sonda diqqət çəkən daha bir məqam var: Müştərinin sözlərinə görə, “məhsul bitib” deyilən rəflərdə endirim elanları hələ də götürülməyib. Görünür, həmin elanlar yeni alıcıları gözləyir.

Aplus Market rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi və yaranmış anlaşılmazlığa aydınlıq gətirib-gətirməyəcəyi isə açıq qalır.



 

XalqXeber.Az

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

0
Bu gün, 16:59

Azərbaycan təhsilinin əsas problemi ilk növbədə rəhbər təcrübəsizliyi, kadr seçimində şəxsi münasibətlərin önə çəkilməsindən qaynaqlanır. Ona görə təhsildə hər iş baş-ayaq olub, sadə və savadsız adamlar belə atılan əcaib addımlara təəccüblənirlər. Bu xüsusda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın idarəetməsi və kadr təyinatları ən gülməli gedişlərdəndir. Xanım Hüseynova bir məktəbi idarə edə bilməyən direktora bəzən 2-3 məktəbi həvalə edir.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Nərminə Hüseynova son qərarı ilə Bakının mərkəzində yerləşən Məktəb-Lisey Kompleksinə öz rəfiqəsi, 93 nömrəlı məktəbin direktoru Xalidə İbrahimovanı rəhbər təyin edib. Ötən dərs ilinin sonunda Nərminə Hüseynova rəfiqəsi Xalidə İbrahimovanı Bakı şəhəri 42 nömrəli məktəbə də direktor əvəzi göndərmişdi. Kollektiv necə etiraza qalxdısa Xalidə İbrahimova yay tətilindən sonra 42 nömrəlı məktəbə bir daha ayaq basmadı, yəni rəfiqə əməliyyatı burada alınmadı. İndi isə başıbəlalı Məktəb-Lisey Kompleksində Xalidə İbrahimovanın əməliyyatı başlayıb. Rəfiqəsi Nərminə Hüseynovadan güc alan direktor əvəzi Xalidə İbrahimova MLK kollektivinə elə hədə-qorxu gəlir ki, elə bil bunu kimsə tanımır, keçmişini bilmirlər. Lisey rəhbərliyini və müəllimləri təhqir edir, “mən sizinçün lox deyiləm” tipli ifadələrlə məktəbə, pedaqoqa yaraşmayan sözlər işlədir. Oktyabr ayında yenidən dərs bölgüsü eşqinə düşən Xalidə İbrahimova illərdir imtahandan keçmədən direktoru olduğu 93 nömrəlı məktəbdəki dərəbəylik, yığım qaydalarını MLK-da da tətbiq etmək istəyir. Yəqin ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun təpkisi ilə BŞTİ-nin müdiri Nərminə Hüseynovanın bu dəfəki “rəfiqə əməliyyatı” da gözündə qalacaq. Necə ki 42 nömrəlı məktəbdə qaldığı kimi.
Məlumat üçün cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki,, BŞTİ müdirinin “rəfiqə dairəsi”ndə Bakı şəhəri 20, 56, 216, 20, 225, 207, 244 nömrəli məktəblərin və digərlərinin direktorlarının da adını çəkə bilərik. Bir neçə ildir paytaxtın ən böyük və prestijli məktəblərindən biri olan 20 nömrəlı məktəb-liseyə də öz rəfiqəsi Yasəmən Əliyevanı direktor əvəzi kimi təyin edən Nərminə Hüseynova hələ də MÜTDA-nın rəyini alaraq onu tamhüquqlu direktor təyin etdirə bilmir. 56 nömrəlıməktəbin direktoru Könül Hüseynova da BŞTİ müdirindən aldığı güclə at oynadır, sərbəst yığım aparır, məktəbdən çox Nobelin ev muzeyində (!) olur. 244 nömrəlı məktəbin direktor əvəzi Röya Qurbanova da paralel olaraq həm də 135 nömrəlı məktəbin direktorudur. Məktəbin başsız qalmasının nəticəsidir ki, ötən ay 244 nömrəlı məktəbin şagirdi dərs vaxtı nəzarətsiz halda binanı tərk edərək itmişdi. Həmçinin Röya Qurbanovanın müəllimlərlə kobud davranışı, etdiyi qanunsuz tələblər haqqında da mediada kifayət qədər məqalələr və reportajlar verilib. Bu yaxınlarda 244 nömrəlı məktəbə qazi direktor təyin olunsa da, fövqəladə (!) gücə sahib olan Röya Qurbanova yenidən məktəbi ələ keçirib, qazi direktoru məktəbdən uzaqlaşdırıb.
Bir müddət öncə Bakı şəhəri 207 nömrəlı məktəbin direktoru Yaqut Müseyibli də Nərminə Hüseynovanın sevimli kadrı kimi özünü doğrultmayaraq biabırçı səs yazısı ilə işdən qovulmuşdu. 216 nömrəlı məktəbin direktoru vəzifəsinin həvalə (!) olunduğu Çinarə Cəbrayılova isə Nərminə Hüseynovanın ərinin dayısı gəlinidir. Onun əsasən hərbiçi uşaqlarının oxuduğu məktəbdə etdiyi özbaşınalıqlar, hərbiçi ailə üzvü olan müəllimlərə qarşı təhqiramiz davranışları, işdən qovdurduğu müəllimlərlə çəkişmələri haqqında da mediada dəfələrlə faktlarla və vodeo görüntülər əsasında yazılıb. 225 nömrəlı məktəbin direktoru vəzifəsinin müvəqqəti isrası isə Nərminə Hüseynovanın rəfiqəsinin rəfiqəsinə, yəni əvvəl 60 nömrəlı məktəbin direktoru olmuş, BŞTİ müdirinin rəfiqəsi və 20 nömrəli məktəb-liseyin direktor əvəzi Yasəmən Əliyevanın keçmiş müavini Aytən Qibləliyevaya həvalə olunub. 225 nömrəlı məktəbin kollektivi də bundan o qədər pəjmürdə olub ki, heç kimin əli işə yatmır. Deyirlər ki, illərlə can qoyduq, kollektivdən birimizə rəhbərlik həvalə olunmadı, rəfiqənin rəfiqəsi gəlib çıxdı başımıza. Şəhərin mərkəzindəki Heydər Əliyev adına liseyin direktoru, Ramiz Mehdiyevin ailə çevrəsinə daxil yaxın qohumu (!) Sevinc Orucova, 23 nömrəlı məktəbin direktoru Nigar Hənifəyeva, Elitar gimnaziyanın direktoru Səadət Cahandarova və başqa seçilmişlər də BŞTİ müdiri Nərminə Hüseynovanın yaxın rəfiqələri siyahısında olanlardandır.
Sevinc Orucova dayısına görə o qədər aqressivləşib ki, məktəbin ən savadlı müəllimi, YAP üzvü, əməkdar müəllim Nəzakət Məmmədovanı liseydə fəaliyyətini davam etdirməyə imkan verməyib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Nəzakət Məmmədova sertifikasiya imtahanlarında 54 bal toplayaraq müəllim kimi yüksək səviyyədə olduğunu təsdiq etsə də, tələb olunanlarla razılaşmadığı üçün bu gün işsiz qalıb. BŞTİ-nin müdirinə bu haqsızlıqla bağlı müraciət etsə də, Nərminə Hüseynova lisey direktoru Sevinc Orucovanın namını yerə verməyib, onun Mehdiyev dövründən olan nüfuzuna xələl gəlməsinə razılaşmayıb. Maraqlıdır ki, pandemiya dövründə qaydaları pozaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakına görə işdən atılacağı gözlənilsə də, Sevinc Orucova o zaman da quruca töhmətlə canını qurtara bilmişdi.
“Rəfiqə əməliyyatı” bununla bitmir. Nərminə Hüseynova BŞTİ-nin sektor müdirləri və hətta işçiləri arasına da xeyli rəfiqəsini sala bilib. Hamıya da elan edir ki, nazirlikdən göndəriliblər. Sektor müdirləri Pərvin Quliyeva və Rəna Aslanova (əvvəllər modelyer və bloqqer olduğu haqqında məlumatlar var) da onunla mübhəm sirlərini bölüşən rəfiqələridir. Pərvin Quliyeva Təhsilalanlara iş sektorunun, Rəna Aslanova isə Məktəbəqədər təhsil sektorunun müdiridir. Onların vasitəsilə birinci sinfə və bağçaya qəbul, rus dili imtahanlarındakı oyunlar, bağçalara işə qəbul, bağça müdirlərinin sıxışdırılaraq yolunması, nöqsanlara göz yummaq üçün sövdələşmələri həyata keçirir. Ad günlərini, şad günlərini də biri-birindən ayrı keçirmirlər. Ad günü demişkən, ad günlərində yığışdıqları elit məkanlar, qiyməti 5 rəqəmli ədədlərlə ölçülən hədiyyələr, komplekt zinət əşyaları haqqında ayrıca yazımız olacaq. Hətta rəfiqələri danışır ki, BŞTİ müdirinin qiymətli hədiyyə rezervləri o qədər zəngindir ki, qardaşının nişan və toy hazırlıqları zamanı ailəsinə əlavə nəsə almağa imkan verməyib. Nərminə Hüseynova bu həftə ikinci toyu olan sürücüsünün oğluna da ev hədiyyə etməklə bərabər, öz hədiyyə rezervlərindən də qiymətli daş-qaş da verməyi unutmayıb. Bir sürücü deyib keçməyin, bu münasibət illər ərzində onun bütün qeyri-rəsmi işlərini icra edən, aldıqlarını, ona verilənləri daşıyan silahdaşdan, sirdaşdan gedir. Belə olmasaydı sürücünün oğlunun adı yüksək ödəniş müqabilində BŞTİ-də sürücü kimi getməzdi. Deyilənə görə bu ərköyün cocuk da BŞTİ-də dəfələrlə digər sürücülərə qarşı hörmətsizlik edir, təhqir və hücumlardan belə çəkinmir. Keyfi istəyəndə avtoş sayağı sürdüyü idarənin balansındakı avtomobilə gələn cərimələr isə digər sürücülərin əməkhaqqından çox olur. Nə isə əsil özbaşınalıq və dərəbəylik. Dəvənin harası düz idi ki, boynu da düz olsun.
Ancaq elə bilməyin ki, dostlar, rəfiqələr dairəsi bununla bitir, əsla. Rəfiqəmin rəfiqəsi mənim rəfiqəmdir prinsipi ilə işləyən Nərminə Hüseynova rəfiqələrinin araçılığı vasitəsilə tabeliyindəki yüzlərcə təhsil müəssisələrinin rəhbərini öz çətiri altına elə yığıb ki, heç kim “mıqq” da eləyə bilmir. İndi bəlli oldumu məktəblər və bağçalar niyə bu gündədir. Çünki “Rəfiqələr dairəsi”ndə olanların sayı çox, tamahı ondan da çox. Özləri də mehriban. Allah sizi mehriban eləməsin, təhsilə, məktəbə, uşaqların gələcəyinə xatir!
P.S. Məktəblərin indiki həssas dönəmində, təhsil müəssisələri vasitəsilə ölkəmizə olan ideoloji basqılar artdığı bir vaxtda belə işbazların rəhbərliyinə təhsili etibar etmək nə qədər risklidir, yəqin ali səlahiyyətli orqanlar buna qiymət verəcək. Çünki dövlətin şəxsi maraqlar və münasibətlər əsasında təhsilə barmaqarası baxanlara baxışı olduqca sərt olacaq.

728×90
Paylaş: