Laos bizim üçün dost ölkədir

Laos bizim üçün dost ölkədir.
Azərbaycan müstəqillik illərində qazandığı nailiyyətlər, möhkəmlənən iqtisadi potensialı, beynəlxalq nüfuzu və fəal xarici siyasəti ilə dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Ölkəmizin müxtəlif regionlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəal iştirakı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasət coğrafi baxımdan bir-birindən uzaq olan dövlətlər arasında da dostluq münasibətlərinin qurulmasına, siyasi dialoqun möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Azərbaycan ilə Laos arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, dostluq və beynəlxalq platformalarda əməkdaşlıq prinsipləri əsasında inkişaf edib. Otuz ildən artıqdır davam edən diplomatik əlaqələr iki ölkənin siyasi dialoqunun ardıcıllığını və qarşılıqlı etimadın möhkəmlənməsini nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin bəyanatında “Laos bizim üçün dost ölkədir” fikrini xüsusi vurğulaması münasibətlərin mahiyyətini ifadə etməklə yanaşı, Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin də göstəricisidir. Dostluq münasibətlərinin qorunması və inkişaf etdirilməsi dövlətlər arasında siyasi təmasların davamlılığını təmin etməklə yanaşı, iqtisadi, humanitar və mədəni sahələrdə yeni imkanların yaranmasına da zəmin yaradır.
Dövlət başçısı iki ölkə arasındakı münasibətlərin tarixi və səfərin əhəmiyyəti barədə danışarkən bildirib: “Yenə də deyirəm, 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir. Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir.”
Bu fikirlər səfərin siyasi və tarixi əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında dövlət başçıları səviyyəsində əlaqələrin yeni mərhələyə qədəm qoyması baxımından diqqətəlayiq hadisədir. Səfər çərçivəsində keçirilən görüşlər, qəbul edilən Birgə Bəyanat və imzalanmış sənədlər qarşılıqlı əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm zəmin yaradır.
Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Müasir beynəlxalq münasibətlər sistemində siyasi dialoqun, qarşılıqlı etimadın və ortaq maraqların uzlaşdırılmasının əhəmiyyəti getdikcə artır. Bu baxımdan Azərbaycan-Laos əlaqələri müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, siyasi məsləhətləşmələr və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əlverişli əsaslara malikdir. İki ölkənin beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparması və ortaq maraq doğuran mövzularda əməkdaşlıq etməsi dövlətlərarası münasibətlərin davamlı inkişafına xidmət edir.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru
